"Siyasi sabitliyin qorunması ilin ən vacib, yaddaqalan hadisəsidir" MÖVQE-ÖZƏL

15 Aprel 2019 12:10 (UTC+04:00)

“Son 1 ilin Azərbaycan üçün özünəməxsusluğu ilə seçilir. Amma unutmayaq ki, son il ildə görülən işlər, atılan addımlar əvvəlcədən başlanan siyasi kursun davamı, iqtisadi islahatların nəticəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

O bildirib ki, Azərbaycanda 15 ildən çox müddətdə həyata keçirilən sosial, iqtisadi islahatların son 1 il müddətində daha fərqli şəkildə həyata keçirilməsi vətəndaşlarımızın sosial müdafiəsini daha da yaxşılaşdırıb.

F. İbrahimli qeyd edib ki, son 1 il müddətində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar içərisində şəhid ailələrinə göstərilən diqqət vətənpərvərlik göstəricisidir: “ Bu addımlar insanların dövlətə olan inamını daha da artırır. Dövlətin həssas təbəqəyə göstərilən qayğı ətrafa da təsir edir. Artıq gənclərimiz, uşaqlarımız da anlayır ki, Vətən uğrunda ölmək şərəfdir”.

Prezident İlham Əliyevin problemli kreditlərin həlli istiqamətində imzaladığı Fərmanını xatırladan deputat vurğulayıb ki, bu əhali ilə bank arasında narazılıq doğuran məsələlərin aradan qaldırılması yönündə inqilabi addım idi: “Şamaxıda zəlzələ, ticarət mərkəzində baş verən yanğın zamanı dövlət başçısının ziyan çəkənlərin yanında olması və digər bu addımlar Prezident İlham Əliyevin hələ ilk dəfə ölkə başçısı seçildiyi zaman “Mən hər bir azərbaycanlının prezidenti olacağam” vədinə əməl etməsinin ifadəsidir”.

F.İbrahimli söyləyib ki, son 1 il ərzində Azərbaycan vətəndaşları ölkə başçısının xüsusi qayğısı ilə əhatə olunub: “Bir il müddətində demək olar ki, Azərbaycan dövlətinə xalqın inamının gücləndirilməsi yönümdə mühüm addımlar atılıb. Amma bütövlükdə Azərbaycanda dünyaya nümunə olan siyasi sabitliyin qorunub saxlanması ilin ən böyük, vacib, yadda qalan hadisəsidir. Arzu edərdim ki, bu siyasi sabitlik ölkəmizin müstəqillik tarixinə təsir edən kifayət qədər ciddi amildir. Bunu bütün Azərbaycan xalqı da dərk edir ”.