Musiqili Komediya Teatrı yeni ünvanda “Mən dəyərəm min cavana” komediyasını təqdim edib

26 Yanvar 2011 20:35 (UTC+04:00)
Musiqili Komediya Teatrı qısa fasilədən sonra yenidən qapılarını tamaşaçılarının üzünə açıb. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, kollektivin yeni ünvanda tamaşaçılara təqdim etdiyi ilk əsər "Mən dəyərəm min cavana" (F.Sücəddinov, T.Vəliyeva) komediyası olub. Daha sonra kollektiv "Qısqanc ürəklər" (R.Mirişli, M.Haqverdiyev) tamaşasını öz daimi tamaşaçılarına təqdim edib.

Yaradıcı heyyətin öz tamaşaçıları ilə yenidən görüşməsi onların böyük sevincinə və həyacanına səbəb olub. Tamaşanın əsas rollarından birinin ifaçısı olan xalq artisti Afaq Bəşirqızı: "Mən dəyərəm min cavana" əsəri artıq bir neçə ildir ki, bizim teatrın səhnəsində oynanılır. Premyerasından uzun zaman keçməsinə baxmayaraq, əsərin yenə tamaşaçıların diqqətini çəkməsi bizi sevindirir. Aktyor səhnə ilə nəfəs alır, yaradıcılıq üçün yaşayır. Sənətçinin ən böyük stimulu tamaşaçı alqışıdır və bu səsi eşitmək üçün ona meydan vermək lazımdır. Bu gün biz yenidən səhnədə olduğumuzdan, sevimli tamaşaçılarımızla müvəqqəti yerləşdiyimiz yeni ünvanda görüşməyimizdən çox məmnunuq".

Aktrisa söhbət əsnasında həmçinin teatrın binasının əsaslı təmirdən sonra istifadəyə veriləcəyini və bundan sonra daha möhtəşəm tamaşaların hazırlanacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yanvarın 29-da "Qırmızı papaq" (E.Sabitoğlu, Q.Anderson), "Ər və arvad" (Ü.Hacıbəyli), 30-da isə "Düyməcik" (Q.Anderson) və "Talelər qovuşanda" (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov) tamaşalarını nümayiş etdirəcək.