Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün mümkün səylər göstərir və bu problemin həllinə diqqətini azaltmayacaq. SİA-nın məlumatına görə Federasiya Şurasının sədri Valentina Matvienkonun cümə axşamı Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə bu barədə dedikləri Ermənistana məxsus tert.am saytında TASS agentliyinin məlumatına istinadən dərc olunub.
"Rusiyanın mövqeyini bilirsiniz. Bu problemin sülh yolu ilə həll edilməsi üçün bütün cəhdləri edirik, çünki başqa bir həll yoxdur", - Matvienko bildirib.
Sözügedən saytda qeyd olunub ki, Federasiya Şurasının sədri yaxın vaxtlarda Moskvada Ermənistan, Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini xatırladıb.
“Düşünürəm ki, addım-addım biz kompromis əldə edəcəyik və irəli gedərək məsələnin həllinə nail olacağıq. Mən sizi əmin edirəm ki, Rusiya Dağlıq Qarabağ probleminə diqqəti azaltmayacaq”-deyə Matvienko fikrini ifadə edib.