“İlin adamı” - ANALİZ
27 Yanvar 2011 08:42 (UTC+04:00)
Buxarestdə Cənub-Şərqi Avropanın, eləcə də Rumıniyanın nüfuzlu "Balcanii şi Europa" ("Balkanlar və Avropa") jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 2010-cu ildə "İlin adamı" elan edib. Bu barədə jurnalın 2010-cu il dekabr nömrəsində "İlin adamı-2010 - İlham Heydər oğlu Əliyev" sərlövhəli məqalə dərc olunub.
Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrindən, müstəqil ekspertlərdən ibarət münsiflər heyəti 2010-cu ilin yekunlarına görə əsas nominasiya olan "İlin adamı-2010" mükafatının Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edib.
Münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər dənizi və Qara dəniz bölgələrinin tərəqqisinə göstərdiyi xüsusi diqqətlə əsaslandırıb, regionun və eyni zamanda, gələcəkdə Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya İnterkonnektor) layihəsinin buna bariz nümunə olduğunu xüsusi qeyd ediblər.
"İlin adamı-2010" mükafatının təqdimat mərasiminin fevralda Bakıda keçirilməsi nəzərdə tutulub. 2000-ci ildən etibarən mütəmadi olaraq hər il siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət üzrə nominasiyalarda xüsusi xidmətləri olan şəxslər mükafatlandırılır. İndiyədək jurnalın müxtəlif nominasiyaları üzrə Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, ictimai-siyasi xadimləri mükafata layiq görülüb.
Qeyd edək ki, bu, Azərbaycan Prezidentinin ilk belə uğuru deyil. Kanada, Rusiya və digər ölkələrdə də İlham Əliyev "İlin adamı" seçilib. Bəs, Azərbaycan Prezidenti beynəlxalq miqyasda necə uğurlar əldə edib? Bu suala cavab vermək üçün bəzi məsələlərə aydınlıq gətirməyə çalışacağıq.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Onun təşəbbüsləri və fəaliyyəti Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət edib.
Son 7 ildə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü. İqtisadi inkişafına görə, dünyada lider dövlət olan Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatları, ölkəmizə sərmayə qoyuluşlarının həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası "Duing business" hesabatında Azərbaycanı 2008-ci ilin ən islahatçı ölkəsi elan etdi.
Ölkədə 900 min yeni iş yeri açıldı, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə düşdü, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra edildi. Azərbaycanda qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu.
Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Bu məsələ regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci və ikinci mərhələsində yetərincə əksini tapdı.
Nəhəng infrastruktur layihələrinin- Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə nəqliyyat sisteminin yenidən qurulması Azərbaycanın dünyaya çıxışını təmin etdi.
2000-ə yaxın məktəbin tikilməsi isə təhsil sistemində ən uğurlu islahat kimi tarixə düşdü. Bütün bunların təməlində uğurlu enerji siyasəti dayandı. Azərbaycan neft-qaz sahəsində qazandığı uğurları davam etdirdi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycanda qazlaşdırmanın səviyyəsi 85 %-ə çatdı.
Ölkəmiz Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi kimi iri regional və ölkədaxili layihələrin icrasına nail oldu. Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi, milli ləyaqət, milli qürur, dini tolerantlıq uğurlarımızın əsas şərtləri oldu.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Prezident İlham Əliyev Azərbaycanın gələcəyinin etibarlı təminatını da həyata keçirdi.
Prezidentimiz dünya səviyyəsində balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan xalqının mənafeyini, inkişafını və perspektivini müəyyənləşdirir. Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. İnkişaf etmiş və yeni inkişaf yoluna qədəm qoymuş ölkələrlə qarşılıqlı əməkdaşlıq şəraitində müqavilələr bağlanılır.
Azərbaycanın xarici siyasətində balanslaşdırma ana xətdir. Ona görə də, əksər ölkələr tərəfindən Azərbaycanın bu uğurları dəstəklənir. Xarici siyasət sahəsində başlıca problemlərimizdən biri Qarabağdır. İndi hər bir Azərbaycan vətəndaşı yaxşı anlayır ki, Prezident İlham Əliyev bütün görüşlərində, beynəlxalq aləmdə öz çıxışlarında bu məsələni ön plana çəkir. Azərbaycanın sərhədlərinin toxunulmazlığı məsələsi bu çıxışların əsasını təşkil edir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan 1 milyona yaxın insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri əsasında həll olunması Azərbaycan Prezidentinin başlıca qayğısıdır və fəaliyyətinin əsasını təşkil edir. Düzdür, Qarabağ probleminə beynəlxalq səviyyədə ikili yanaşma halları bu gün də var. İlham Əliyev bu standartların aradan qaldırılmasını və problemin BMT çərçivəsində, beynəlxalq hüququn normaları, ərazi bütövlüyümüzün toxunulmazlığı əsasında çözülməsini tələb edir.
Dövlət başçısı Qarabağ probleminin təkcə sülh variantı ilə həllinə çalışmaqla kifayətlənmir, Azərbaycanın qüdrətli, müasir və peşəkar Silahlı Qüvvələrinin formalaşdırılması işi ilə ciddi məşğul olur.
Ötən müddətdə ən böyük uğurlardan biri də iqtisadi inkişaf tempinə görə dünyada liderliyi ələ keçirmək və bu mövqeni bir neçə ildir ki, qoruyub saxlamaqdır. Son illərdə Azərbaycanda iqtisadi artım orta hesabla 15 faiz təşkil edir. Cari ilin dövlət büdcəsi 15 milyarda, strateji valyuta ehtiyatları 30 milyarda çatıb. Son 5 ildə dövlət büdcəsi 10 dəfə, ümumi daxili məhsul isə 5 dəfə artıb. Bu göstəricilər ölkəmizin nə dərəcədə sürətlə inkişaf etdiyinin əyani sübutudur.
Bu gün Azərbaycanda aparılan siyasət Heydər Əliyev siyasi kursunun davamıdır və yeganə düzgün siyasətdir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə aparır. Bunu görməmək, qiymətləndirməmək və buna sevinməmək, sadəcə olaraq, mümkün deyil. Bunun üçün, sadəcə, azərbaycanlı olmaq yetər.
Bu yazını isə, Prezident İlham Əliyevin xalqa verdiyi sözlə bitirmək istərdim: "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"