Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən "Maraqlı insanlarla görüş" klubunun növbəti məşğələsində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan Çingiz Abdullayevə "Şərəf" ordeninin, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadəyə isə ikinci dərəcəli "Əmək" ordeninin vəsiqələri təqdim olunub. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev son illər dövlət başçısının mədəniyyət və ədəbiyyat sahəsində çalışan insanlara göstərdiyi diqqət və qayğıdan söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar bunu əyani şəkildə sübut edir.
Çingiz Abdullayevin yaradıcılığından danışan nazir deyib ki, yazıçı müxtəlif sahələrdə iz qoymuş şəxslərdəndir. "İdmandan tutmuş mədəniyyətə qədər müxtəlif sahələrdə həyata keçirilən böyük layihələrdə Çingiz Abdullayevin adı çəkilir. Çingiz Abdullayev ölkəmizdə gedən proseslərdə də daim əsl ziyalı mövqeyini ortaya qoyur. O, öz yaradıcılığı ilə ölkəmizin güclü təbliğatçısına çevrilib. Dünyanın bir çox kitabxanalarını ziyarət etmişəm, hər yerdə Çingiz Abdullayevin kitablarına rast gəlmişəm. Bu diqqətə görə mən Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Bir söz adamının belə dəyərləndirilməsi Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir".
Bu yüksək ali mükafata görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Çingiz Abdullayev deyib: "Oxucularıma da kitablarımı oxuduqlarına görə təşəkkür edirəm. Bu günə qədər, yəni son üç gündə altı ölkə məni mükafatlarla təltif edib. Buna baxmayaraq, mənim üçün ən yüksək mükafat Azərbaycan dövlətinin verdiyi ordendir".
Çingiz Abdullayevin istedadlı və işgüzar olduğunu söyləyən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib ki, onun çoxsaylı romanları buna əyani sübutdur: "Dəfələrlə səfərdə olmuşuq, onun yolda da dayanmadan yazdığını görmüşəm. Təbrik edir və ona yeni yaradıcılıq uğurları arzulayıram".
Çıxış edən digər natiqlər yazıçının yaradıcılığından danışıb, onu "Şərəf" ordeni verilməsi münasibətilə təbrik ediblər.