İspaniya La Liqasında 31-ci turun oyunları keçirilir.
Turun mərkəzi qarşılaşmasında "Barselona" öz meydanında Madridin "Atletiko" komandasını qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Luis Suares və Lionel Messi vurublar. Qeyd edək ki, matçın 28-ci dəqiqəsində "Atletiko"nun hücumçusu Dieqo Kosta hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Turun digər oyununda Madridin "Real" komandası doğma meydanda Eybarı 2:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin hər iki qolunu Kərim Benzema vurub.
Günün digər görüşlərində "Espanyol" səfərdə "Jirona"nı 2:1, "Rayo Valekano" isə doğma meydanda "Valensiya"nı 2:0 hesabı ilə məğlub edib.
Bu görüşlərdən sonra "Barselona" 73 xalla turnir cədvəlinin vahid lideridir. İkinci yerdəki 63 xala malik "Atletiko" ən yaxın izləyicisi "Real" (Madrid) komandasını 2 xal qabaqlayır.