Azərbaycan Respublikasında dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilib. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan mütərəqqi yeniliklər zamanın tələbləri ilə səsləşir, cəmiyyətin inkişaf ahənginə adekvat olub, başlıcası isə insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini özündə maksimum səviyyədə ehtiva edir. Prezident İlham Əliyevin 10 fevral 2017-ci ildə imzaladığı cəza sisteminin humanistləşdirilməsi ilə bağlı fərmandan sonra, bu sahədə daha bir sənəd aprelin 3-də ölkə başçısı tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalanıb.
Sənəd özündə məhkəmə-hüquq sistemində hansı dəyişikləri ehtiva edir və bu proseslər necə həyata keçiriləcək?
“Aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Fəzail Ağamalı deyib ki, ölkə başçısı tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanan Fərman 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra başlayan dərin islahatların tərkib hissəsidir: “Bildiyiniz kimi iqtisadi, sosial, siyasi və idarəçilik sistemini özündə əhatə edən islahatlar geniş miqyas alıb. Ölkə Prezidenti tərəfindən bu istiqamətdə atılan addımlar həm cəmiyyətimizdə yüksək səviyyədə qarşılanır, həm də ayrı-ayrı beynəlxalq təşkilatlar, ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Əgər bütün sahələrdə islahatlar geniş xarakter alırsa, əlbəttə ki, hüquqi islahatlar da onun içərisində yer almalı idi. Prezident İlham Əliyev bir müddət bundan öncə məhkəmə hüquq sistemində islahatların aparılmasının zəruriliyinin anonsunu vermişdi. Çox keçmədən məhkəmə hüquq sistemində həyata keçiriləcək islahatlarla bağlı mühüm Fərman imzalandı”.
“Məhkəmələr vətəndaşların hüquqlarının pozulmasına qarşı sərt mövqe ortaya qoymalıdır”
Azərbaycanda hakimiyyətin üçüncü qolu olan məhkəmə sistemində problemlərin olduğunu deyən deputat söyləyib ki, Ədliyyə Nazirliyi, eyni zamanda nazirliyin tərkibində fəaliyyət göstərən Məhkəmə Hüquq Şurası tərəfindən məhkəmənin sağlamlaşdırılması, məhkəmədə yol verilən nöqsanların aradan qaldırılması, korrupsiya və rüşvətxorluğa qarşı təsirli tədbirlər keçirilsə də, bu kifayət deyil: “Məhkəməyə hər hansı müdaxilənin olmaması üçün ilk növbədə onun müstəqilliyini təmin etmək lazımdır. Məhkəmə prosesinə çıxan dövlət ittihamçısının təsir imkanları sıfıra bərabər olmalıdır. Ölkə başçısının fərmanında da bu məsələlər əsas olaraq qoyulub. Fərmanda bütün bunlarla yanaşı, məhkəmələrin sosial müdafiəsi məsələləri də xüsusi bənddə öz əksini tapıb ki, bu da hakimlərin, məhkəmə sistemində çalışanların əmək haqlarının artırılmasında çox ciddi kardinal dəyişikliklərə səbəbə olacaq. Məhkəmələr haqqa ədalətə söykənməli, qanunlarımızın aliliyini əsas götürməli, vətəndaşların hüquqlarının pozulmasına qarşı sərt mövqe ortaya qoymalıdır. Bu məsələlər Fərmanda ayrı-ayrı maddələrdə yer alıb. Eyni zamanda Fərmanda Ədliyyə Nazirliyinə qısa zaman kəsiyində məhkəmə hüquq sistemini təkmilləşdirmək, burada özünü ifadə edən neqativ halların tamamilə aradan qaldırılmasını təmin etmək üçün təkliflərini hazırlayıb, ölkə Prezidentinə təqdim etməklə bağlı tapşırıqlar verilib. Artıq bununla bağlı Ədliyyə Nazirliyində xüsusi komissiya da yaradılıb”.
“İxtisaslaşmış məhkəmələr yaradılmalıdır”
F.Ağamalı vurğulayıb ki, vacib məqamlardan biri ixtisaslaşmış məhkəmələrin yaradılmasıdır: “Azərbaycan məhkəmə sistemində ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərsə də, bu kifayət deyil. Məhkəmələrə edilən müraciətlərdə mülkiyyət, vergi, gömrük, əmlak və sahibkarların hüquqlarının ayrı-ayrı şəxslər tərəfindən pozulması məsələləri çoxluq təşkil etdiyi üçün, hesab edirəm ki, məhz bu sahələrlə bağlı ixtisaslaşmış məhkəmələr yaradılmalıdır. Ölkəmizdə bir neçə il bundan öncə iqtisadi məsələlərə baxan məhkəmələr yaradılmışdı. Lakin həmin məhkəmələrə müdaxilələr edilirdi. Hətta millət vəkili olaraq bizə bu məhkəmələrə müdaxilələrin edilməsi ilə bağlı bir sıra müraciətlər də daxil olub. Artıq yeni Fərmana əsasən, bu cür müdaxilələr aradan qaldırılacaq. Əsas hədəf Azərbaycanın məhkəmə - hüquq sistemini dünyanın aparıcı demokratik ölkələrindəki sistemə uyğunlaşdırmaqdır. Hesab edirəm ki, atılan addımlar məhkəmə sisteminin nüfuzunun artmasına təsir etməklə yanaşı, məhkəmə sistemi ilə vətəndaşlar arasında münasibətlərin daha yüksək səviyyədə qurulmasını təmin etmiş olacaq” .
“Məhkəmə sistemində süründürməçilik, korrupsiya hallarına son qoyulacaq”
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov söyləyib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman vəkilliyin inkişafı üçün də tarixi əhəmiyyət kəsb edir: “Fərmandan irəli gələn məsələlərin icrası nəticəsində dövlət hesabına təyinatla işlərə çıxan vəkillərin indiyədək rast gəldikləri süründürməçilik və digər bürokratik əngəllər, həmçinin korrupsiya hallarına nəhayət ki, qısa zaman ərzində son qoyulacaq. Fərmanda nəzərdə tutulan tədbirlər ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiə olunması, onlara keyfiyyətli hüquqi yardım göstərilməsi yolunda vəkillərin qarşılaşdıqları çətinlikləri aradan qaldıracaq. Fərmanın cari və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə tələbi dövlət hesabına göstərilən hüquqi yardımın səmərəliliyini artıracaq, bu isə öz növbəsində vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində təsbit olunmuş keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edəcək. Azərbaycan Respublikası Vəkillər Kollegiyası hüquq islahatlarının dərinləşdirilməsi sahəsində ölkə başçısının imzaladığı sözü gedən Fərmanı günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addım, ədalət mühakiməsinə verilən töhfə məhkəmə-hüquq sistemində olduğu kimi, Azərbaycan vəkilliyinin tarixində silinməz iz qoyacaq və ən ali yüksəlişə aparacaq islahat kimi qiymətləndirir”.
“Alternativ cəza sisteminin tətbiqi praktikası yaranıb”
Hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, Prezident İlham Əliyevin 10 fevral 2017-ci ildə imzaladığı cəza sisteminin humanistləşdirilməsi ilə bağlı fərmandan sonra “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsaslı islahatlara təkan verən ikinci ən böyük fərmandır, aktdır: “O vaxt cəza sisteminin humanistləşdirilməsi ilə bağlı əhəmiyyətli, fundamental işlər görüldü. Artıq onun nəticələri göz qabağındadır. Təyin olunan cəzaların sayı əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda, alternativ cəza sisteminin tətbiqi praktikası yaranıb. Ötən gün imzalanan fərman da məhkəmə-hüquq sistemində yeni bir əsas qoyur. Bu çox geniş fərmandır”.
“Hakimlərin sayı 200 nəfərə qədər artacaq”
Hüquq müdafiəçisinin sözlərinə görə yeni fərmanın müddəalarına əsasən hakimlərin sayı 200 nəfərə qədər artacaq: “Eləcə də yeni ixtisaslaşmış bir məhkəmə yaranacaq. Orada vergi, gömrük, sosial ödəmələrlə bağlı məsələlərdə yaranan mübahisələrə və sahibkarlığın həyata keçirilməsi ilə əlaqədar yarana biləcək başqa mübahisələrə baxacaq. Vəkilliyin inkişafı ilə bağlı orada çox əhəmiyyətli müddəa var. Bilirsiniz ki, ödənişsiz hüquqi yardımla bağlı dövlətin pozitiv öhdəliyi mövcuddur. İndiyə qədər bu məsələdə problemlər var idi. Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncamında ödənişsiz hüquqi yardım göstərən vəkillər üçün ödənişi 3 dəfədən çox artırmışdı. Bundan sonra həmin vəsait vəkillər kollegiyasının özünə köçürüləcək. Orada olan bürokratiya, qeyri-şəffaflıq tam şəkildə aradan qalxacaq”.
“Fasiləsiz audioyazısının aparılması çox ciddi məsələdir”
Sahib Məmmədov qeyd edib ki, məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması ilə bağlı və protokolun məhkəmə audioyazısına uyğun tərtibi aparılacaq. Bu da çox ciddi məsələdir: “Praktiki hüquqşünaslar, vəkillər bunun nə dərəcədə vacib bir məsələ olduğunu daha yaxşı bilirlər. Məhkəmə işləri bölgüsünün elektron qaydada aparılması da Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapıb. Bu istiqamətdə daha da təkmilləşmə baş verəcək. Hakimlərin və məhkəmə aparatı işçilərinin sosial təminatı gücləndiriləcək. Bu da çox vacib məsələlərdən biridir. Dövlət rüsumundan əldə olunan vəsaitin bir hissəsi məhkəmə işçilərinin sosial təminatının artırılmasına yönəldiləcək. Bu fərmanda çox ciddi hesab olunan məsələlərdən biri də özəl ekspertiza fəaliyyəti ilə bağlıdır. Bir sözlə, bu məhkəmə-hüquq sistemində çox geniş bir islahatdır”.
"Müsbət irəliləyişləri tez bir zamanda görəcəyik"
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov vurğulayıb ki, ölkəmizdə məhkəmə-hüquq sistemində ciddi dəyişikliklərə ehtiyac var idi: “Bu barədə Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə qeyd edib və bu sistemlə bağlı ediləcək dəyişiklərlə əlaqədar ölkə başçısı tərəfindən anonslar da edilmişdi. Artıq Fərman imzalandı və məhkəmə-hüquq sistemi ilə bağlı müsbət irəliləyişləri tez bir zamanda görəcəyik. Artıq müxtəlif qurumlar onların üzərinə qoyulan öhdəliklərin icrası ilə bağlı proseslərə başlayıb. Ölkəmizdə atılan hər bir addım kimi bu Fərmanı da vətəndaşlara göstərilən qayğının bariz göstəricisidir. Ümumilikdə həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda məhkəmə orqanlarının dövlət idarəçilik mexanizmində nüfuzlu təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin reallaşdırılması zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Dövlət başçısının inamla həyata keçirdiyi məhkəmə və ədliyyə islahatları respublikada qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir”.