İqtisadi və Sosial İnkişaf Mərkəzi dünyanın ən yaxşı beyin mərkəzləri sırasında

25 Yanvar 2011 02:45 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarının Penselvaniya Universiteti yanvarın 24-də BMT-nin Nyu-York ofisində 2010-cu ilin dünya beyin mərkəzlərinin hesabatının təqdimatını həyata keçirib. Qeyd edək ki, hesabat BMT, İqtisadi Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının, eləcə də bir sıra digər beynəlxalq təşkilatların dəstəyi ilə hazırlanıb. Hesabat hazırlanarkən dünyanın 1500-dən artıq aparıcı eksperti arasında sorğu keçirilib.

Sorğunun nəticələri qiymətləndirilmək üçün BMT-nin və eləcə də digər beynəxalq təşkilatların ekspertlərinə təqdim edilib. Sevindirici haldır ki, Azərbaycandan ilk dəfə olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzi Mərkəzi Şərqi Avropanın 25 ən yaxşı beyin mərkəzi siyahısına daxil edilib. Belə ki, Penselvaniya Universitetin qiymətləndirməsinə görə, İSİM Mərkəzi Şərqi Avropada 25 ən yaxşı beyin mərkəzindən biridir. Onu da bildirək ki, bu kateqoriya üzrə Qafqaz və Orta Asiyadan yalnız İSİM sözügedən siyahıya daxil edilib.

Digər sevindirici məqam İSİM-in dünyada öz ölkəsinin iqtisadi siyasətinə faktiki təsir edə bilən beyin mərkəzi hesab edilməsidir. Universitetin hesabatında aparıcı beyin mərkəzlərinin, o cümlədən Brukunq İnstitutu, Peterson İnstitutu, Adam Smit İnstitutu kimi aparıcı qurumların yer aldığı kateqoriyada Mərkəzi Şərqi Avropa və MDB ölkələrindən yalnız iki beyin mərkəzi öz hökümətlərinin siyasətinə pozitiv təsir edən beyin mərkəzləri kimi qiymətləndirilib. Onlardan biri İSİM, digəri Varşavada yerləşən İqtisadi və Sosial Araşdırmalar Mərkəzidir.

Məlumat üçün bildirək ki, hesabat hazırlanan zaman Penselvaniya Universiteti dünyada 6 480 beyin mərkəzi ilə əlaqə yaradıb. Həmin beyin mərkəzləri hesabat üzrə beyin mərkəzlərinin namizədliyinin verilməsi, eləcə də qiymətləndirilməsi prosesinə cəlb olunub. Yeri gəlmişkən, nəzərə çatdıraq ki, hesabat dünyada beyin mərkəzlərinin qiymətləndirilməsi baxımından ən ciddi hesabat hesab edilir. Belə ki, BMT və digər beynəlxalq təşkilatlar hesabata önəm verirlər. İSİM-in belə mühüm hesabatda yer alması mərkəzin həm qlobal arenada nüfuzunun qəbul edilməsi, həm də Azərbaycanın bu siyahıda yer alması baxımından önəmlidir.