Multikulturalizm tərcümədə çoxmədəniyyətlilik deməkdir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədənimüxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Müasir dövrdə dünya ölkələrinin əksəriyyətində etnik, irqi, dini və mədənimüxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər tarixi prosesin inkişafının nəticəsikimi obyektiv xarakter daşıyır. Onlar xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərininəsasını təşkil edir və həyatında müsbət rol oynayır.
Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edəndəyərlərin qorunması və inkişafını nəzərdə tutur. Bu, isə insanların hüquqvəazadlıqlarının müdafiə olunmasının tərkib hissəsidir. Multikulturalizmi təbliğ edənölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakımərhələləri onun dövlət ideologiyasına, dövlət siyasətinə əsaslanır. Bu mərhələlərinreallaşmasında əsas rol dövlətə məxsusdur.
Azərbaycan xalqı olduqca mühüm və bəşəriyyətə nümunə olan mənəvi keyfiyyətlərə malikdir. Bunlardan biri də əsrlərdən bəri formalaşaraq inkişaf edən, xalqımızın hümanist dünyagörüşünü özündə əks etdirən multikultural və tolerant dəyərlərdir. Tarixi ənənələrə nəzər salsaq görərik ki,multikulturalizm və tolerantlıqhəm Səfəvilər dövləti, həm XIX-XX əsrlər maarifçilik dalğası, həm də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyərək o dövrdə də özünü göstərmişdir. Təsadüfi deyil ki, tarixin bütün dönəmlərində bu coğrafiyada müxtəlif etnoslar, xalqlar, ayrı-ayrı dinlərə sitayiş edən insanlar əmin-amanlıq, mehriban qonşuluq şəraitində yaşamışlar.
Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinin bərqərar olduğu diyar sayılıb. Burada tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açmışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizdə mədəniyyətlər və dinlərarası dialoq keyfiyyətcə yeni mərhələyə yüksəldildi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradıldı. Ən əsası, bu, dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Ümummilli Lider Heydər Əliyev haqlı olaraq multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Ulu Öndərin müəllifi olduğu Azərbaycan Konstitusiyasında ölkəmizdə dinindən, irqindən, dilindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları, o cümlədən insanların etiqad azadlığı təsbit olundu. Respublikamızda yaşayan hər bir etnik azlığın, hər bir xalqın təmsilçilərinin mədəniyyətinin, dəyərlərinin müxtəlif qanunlar və normativ-hüquqi aktlarla təsbit edilməsi, mükəmməl qanunvericilik bazasının formalaşdırılması və digər bu kimi mühüm addımlar da aparılan bu məqsədyönlü siyasətin tərkib hissəsidir.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindəninamla davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin sərəncamına əsasən multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi Azərbaycanın bu dəyərlərin inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmingöstəricisidir.
Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etməklə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə dünyaya mesaj verdi. Bütün dünyaya göstərildi ki, multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir. Azərbaycan dövləti isə burada yaşayan bütün xalqların və dinlərin mehriban birgəyaşayışının yeganə təminatçısıdır.Bundan başqa, dövlət başçısı mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramlarını təbrik edir. Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin və tolerantlığının elmi əsaslarla öyrənilməsi, həmçinin dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar öz bəhrəsini verməkdədir.
Multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Azərbaycan Respublikasında dini azadlıqların təmin edilməsi ilə bağlı Prezident İlham Əliyev 2014-cü ilin dekabr ayında Bakıda Heydər məscidinin açılışında demişdir: “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.
Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, müsəlmanların arasında qanlı toqquşmalara səbəb olan şiə-sünni qarşıdurması yoxdur. Dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Dövlətimizin bütün dinlərə göstərdiyi bərabər münasibət öz növbəsində dinlərarası münasibətlərin təkmilləşməsinə, daha dəqiq desək, bu münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına səbəb olur. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində Heydər Əliyev Fondununbütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilməlidir.
Paytaxt Bakıda məscid, kilsə, sinaqoq bir-birinə yaxın məsafələrdə yerləşir. Qubada Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. İsrail dövlətindən sonra yəhudilərin yaşadığı yeganə yığcam məkan olan Qırmızı Qəsəbədə mövcud olan 3 sinaqoqdan ikisi sinaqoq kimi, biri isə mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir ki, burada da həm qəsəbə sakinləri, həm də gələn qonaqlar yəhudilərin adət-ənənələri ilə tanış ola bilirlər. Ölkədə xristian pravoslav kilsəsinin fəaliyyətinin bərpası, Bakıda katolik kilsəsinin inşa olunması Azərbaycandakı dini müxtəlifliyin və bu müxtəlifliyə insanların tolerant münasibətinin bariz nümunəsidir.
Müasir dövrdə Azərbaycan Respublikasında multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan böyük nailiyyətlər fonunda bir sıra Avropa dövlətlərinin (Almaniya, Böyük Britaniya, Fransa) başçıları multikulturalizm siyasətinin ölkələrində iflasa uğradığını bəyan edirlər. Suriya, İraq, Əfqanıstan və digər Yaxın Şərq və Afrika ölkələrini bürümüş hərbi-siyasi və sosial-iqtisadi böhran bu ölkələrdən inkişaf etmiş Avropa ölkələrinə insan axınını kütləvi edərək multikulturalizm siyasətinin Qərb ölkələrində aparılması perspektivlərini heçə endirir. Lakin bütün bu obyektiv çətinliklərə baxmayaraq multikulturalizm cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərintənzimlənməsinin ən səmərəli siyasətidir. Bunu Azərbaycan Respublikasının təcrübəsi aydın şəkildə göstərir. Ölkəmizin daxili siyasətinin mühüm istiqaməti olan multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdəki mövcud etnik-mədəni müxtəlifliklər səmərəli şəkildə tənzimlənir. Daha konkret desək, bu müxtəlifliklər qorunur. Multikulturalizm siyasəti ölkənin suverenliyinə, ərazi bütövlüyünə, demokratik inkişaf yoluna, milli təhlükəsizliyinə, vətəndaş birliyinə, əhalinin rifah və etnik-mədəni dəyərlərinə təhdid edən etnik millətçilik, etnik separatçılıq, dini separatçılıq və digər proseslərin qarşısının alınmasında mühüm rol oynayır. Ölkəmizin inkişafı, qüdrətlənməsi ilə yanaşı, ərazi bütövlüyümüzünqorunmasında da burada yaşayan bütün xalqların və dinlərin nümayəndələri hər zaman qəhrəmanlıq və vətənpərvərlik nümunələri ortaya qoyublar. Biz 2016-cı il aprel ayının əvvəllərində bunun bir daha şahidi olduq. Cəbhə xəttində erməni təxribatlarına qarşı Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də əsl qəhrəmanlıq nümunələri göstərdilər. Onların arasında şəhidlik zirvəsinə ucalanlar oldu. Bir daha təsdiq olundu ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bu torpağı canı qədər sevir və uğrunda ölməyə hazırdır.
Beləliklə, Azərbaycanda multikulturalizm üçün əlverişli tarixi və coğrafi şəraitin mövcudluğu, müasir dövrdə onun dövlət siyasəti olması və xalqın həyat tərzinə çevrilməsi onun ölkənin daxili və xarici siyasətinə müsbət təsir göstərməsində büruzə verir. Multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinə təsiri özünü cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasında özünü büruzə verirsə, onun ölkəmizin xarici siyasətinə təsiri özünü etnik-mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə ölkəmizin hərtərəfli əlaqələrinin inkişafında göstərir. Bu isə öz növbəsində dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün münbit zəmin yaradır. Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti tarixi nailiyyətimizdir. Ölkəmizdə yaşayan xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadlarını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq insan hüquq və azadlıqlarına malikdirlər. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır. Biz bu yolla gedirik və dünyaya da bu yolu göstəririk. Azərbaycan bu gün beynəlxalq aləmdə özünəməxsus milli etnik, ictimai-siyasi mühiti baxımından seçilir və biz qarşıdakı illərdə də bu istiqamətdə fəaliyyətdavam etdiriləcək.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Gülay Qurbanova
Fidan Səmədzadə