Milli musiqimizin təşəkkülü və inkişafında mühüm xidmətləri olan sənətkar

2 Aprel 2019 17:04 (UTC+04:00)

Dövlət başçısının Sərəncamı ilə Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd ediləcək

Azərbaycanın ictimai, siyasi, mədəni həyatında rol oynayan, fəaliyyəti, istedadı və əqidəsi ilə xalqına xidmət edən ziyalılar dövlət tərəfindən yüksək qiymətini alır. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tanınmış ziyalılara, sənət xadimlərinə fəxri adların, mükafatların verilməsi, yubiley tədbirlərinin respublika səviyyəsində təşkili, məhz belə insanlara dövlət tərəfindən göstərilən qayğının təzahürüdür. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı bu diqqət və qayğının davamının daha bir göstəricisidir. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər həyata keçiriləcək.
Xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq, müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaratmış Soltan Hacıbəyovun Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında mühüm xidmətləri vardır. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin, opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirmişdir.
1919-cu il mayın 8-də Şuşada dünyaya gələn bəstəkarın yetişməsində və formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Tərcümeyi-halında qeyd olunur ki, 1930-cu ildə Bakıya köçən S.Hacıbəyov 1936-cı ildən əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayıb və tərbiyə alıb. Orta məktəbi bitirdikdən sonra Musiqi Texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, Musiqili Komediya Teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti, məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış «Pioner kantata»sı və «Qızıl gül» musiqili komediyasıdır.
«Qızıl gül» əsəri 1940-cı ildə Bakı Musiqili Komediya Teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulub. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olub. O zaman xalq musiqisinin əsaslarını, bilavasitə Ü. Hacıbəyli özü tədris edirdi. Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edib. O, 2 prelüd və fortepiano üçün sonata, İ.Zamanlının sözlərinə yazılmış «Çiçəklərin söhbəti», «Neft haqqında nəğmə» mahnılarını, «Quşcuğaz», «Tənha yelkən ağarır» romanslarını, simli kvartet və simfonik variasiyalar (1943) yazıb.
Böyük Vətən müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbətilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazıb, o cümlədən, «Döyüşçülər nəğməsi», 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün "Marş" əsərləri buna misaldır.
1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova «Kəminə və Qazı» operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası «Karvan» adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq, müstəqil şəkildə repertuarlara daxil olur. Üç hissədən ibarət olan əsər «Şur» muğamı üzərində bəstələnib.
1950–ci illərdə S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, 50-53-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləmişdir. «Sarı bülbül», «Leyla» və «Qarabağ şikəstəsi» buna misal göstərmək olar. 50-ci illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış üvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan və rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olmuşdur.
Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri («Yeni il», «Bahar» və s.) var. 1953-cü ildə bəstəkar adlı «Oynaq topum», «Lay-lay», «Bənövşə», «Bahar gəldi», «Yolka», «Pioner marşı» 6 uşaq nəğməsi yazıb.
1950-ci ildə S.Hacıbəyov «Gülşən» baletini ərsəyə gətirib. Elə həmin illərdə S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmçinin, bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib.
1950-ci illərdə bəstəkar Bolqarıstan və Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra «Bolqar süitası» və «Çex rəqsi» əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün «Konsert»ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi və parlaq koloritli orkestrovkası ilə fərqlənir. «Konsert» milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.
S.Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan M.İbrahimovun «Məhəbbət», «Kəndçi qızı», S.Vurğunun «İnsan», S.S.Axundovun «Eşq və İntiqam», S.Rəhmanın «Əliqulu evlənir» və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.
1948-ci ildən S.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edir, 1948–62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969-1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışır.
S.Hacıbəyov 1974-cü ildə vəfat edib. Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş sənətkarın xatirəsi əbədi olaraq musiqisevərlərin qəlbində yaşayır və onun sənət nümunələrinə müraciət edilir.

Zümrüd BAYRAMOVA