Aprel döyüşləri unudulmayan zəfərimizdir - TARİXƏ BAXIŞ

2 Aprel 2019 10:25 (UTC+04:00)

Yaxşı deyirlər ki,t arix unudulmur və silinmir! Azərbaycan tarixinin ən yaddaqalan səhifələrindən olan aprel döyüşləri də unudulmaz və silinməz zəfər tariximizdir. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan ordusu öz torpaqlarını azad etməyə qadirdir və istənilən anda Azərbaycanın Ermənistan tərəfindən işğal olunuş ərzisini tam azad etməyə qadirdir.

Belə ki, 2016-cı il, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə zamanı Azərbaycan ordusu böyük şücaət göstərərək düşmənə layiqli cavab vermiş və işğal altında olan ərazilərdən LələTəpə yüksəkliyini geri qaytarmış, Cəbrayıllı rayonunun Cocuqmərcanlı kəndi azad edilib.

Qeyd edək ki, aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

Aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir.

Amerika Birləşmiş Ştatları Dövlət Deparmentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlanıb.

Aprelin 5-də, saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirib.

Aprelin 5-də, saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.

Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə XİN rəhbərlərinin iştirakı ilə Vyanadagörüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriblər. Görüşlər əsnasında münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edilib.

2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq düşmən döyüşçüsü yaralanmışdır.

Aprel döyüşləri bir daha sübut edir ki, Azərbaycan ordusu öz ana torpaqlarını hər an düşmən tapdağından azad etməyə qadirdir.