“Tabut düzəldənin yelləncəyi” - FİLM

2 Aprel 2019 09:30 (UTC+04:00)

İsveçrənin Bazel şəhərində keçirilən 14-cü Querfeld Mədəniyyətlərarası Film Festivalında “Azərbaycanın dostları” diaspor təşkilatının dəstəyi ilə “Tabut düzəldənin yelləncəyi” filmi nümayişi etdirilib.Ekran əsəri festivalın ilk günü açılış filmi olaraq göstərilib və tamaşaçıların böyük marağına səbəb olub. SİA-nın məlumatına görə, nümayişdən əvvəl “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva tamaşaçılara “Tabut düzəldənin yelləncəyi” filmi ilə yanaşı, ölkəmizin mədəniyyəti, musiqisi, kinematoqrafiyası haqqında ətraflı məlumat verib. O, son illərdə Azərbaycanda kinematoqrafiyanın inkişafına xüsusi diqqət göstərildiyini bildirib.

“Tabut düzəldənin yelləncəyi” sərt ata və onun oğlu arasında olan mürəkkəb münasibətləri təsvir edir. Film Amerika Kino Akademiyasının “Tələbə Oskarı” mükafatı da daxil olmaqla, bir çox beynəlxalq mükafata layiq görülüb. Filmin rejissoru Elmar İmanov Almaniyanın Köln şəhərində yaşayır.

Festival çərçivəsində təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyətini və mətbəxini tərənnüm edən guşə də yaradılıb. Tədbirin təşkil olunduğu zalda milli mətbəximizin təamları və şirniyyatları qonaqlara təqdim edilib.

Xatırladaq ki, 2006-cı ildən keçirilən festival İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri tərəfindən təşkil olunur və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsinə, ölkədə tolerantlığın təşviqinə xidmət edir.