"Azərbaycan dövləti hər zaman humanizm prinsiplərinə sadiqdir" MÖVQE - ÖZƏL

1 Aprel 2019 14:30 (UTC+04:00)

“Müstəqil Azərbaycan dövlətinin vətəndaşlarının ölkə Prezidenti İlham Əliyevin humanist siyasətinə olan etibarı, inamı daim onlara güc və qüvvət verir. Çətinə, dara düşən hər bir azərbaycanlı inanır ki, onun köməyinə, dəstəyinə ilk inandığı, etibar etdiyi Prezidenti gələcək və dəstək olacaq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O bildirib ki, Prezident İlham Əliyev tərəfindən son baş verən yanğın hadisəsindən ziyan çəkənlərlə bağlı addım bir daha təsdiq etdi ki, dövlətimiz həmişə əsas tutduğu humanizm prinsiplərinə sadiqdir və hər zaman xalqın yanındadır.

Deputatın sözlərinə görə, cənab Prezidentin operativ olaraq hadisəyə öz münasibətini bildirməsi, sahibkarlara dəyən zərərin araşdırılması ilə bağlı lazımi tapşırıqlar verməsi ölkəmizin sosial dövlət olmasının mahiyyətinin vətəndaşlara daim qayğı göstərmək olduğundan xəbər verir:

“Dövlət başçısı ölkədə sığorta sistemində olan nöqsanlara da diqqət yetirib. Adətən, inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Sığorta sistemində olan çatışmamazlıqlara baxmayaraq Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsinə yönəldilən humanist siyasət hər zaman olduğu kimi, bu yanğın hadisəsindən zərərçəkmiş sahibkarlara da dəstək oldu. Bu da təkcə sahibkarların deyil, cəmiyyətin, ölkə vətəndaşlarında ruh yüksəkliyi, minnətdarlıq hissi yaratdı. Dünyada belə bir təşəbbüsün bənzəri yoxdur”.