Bu gün Şirvan Gənclər Evində Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşlarının iştirakı ilə Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi və Peşə bayramı münasibəti ilə tədbir keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və hüquq-mühafizə orqan rəhbərləri iştirak edib.
Qeyd edilib ki, ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində son illər daha dinamik şəkildə inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir.
Vurğulanıb ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirən təhlükəsizlik orqanları əməkdaşlarının müstəsna xidmətləri var.
İqbal MİKAYILOV