"Vyana görüşü ya danışıqların buzunu qıracaq, ya da..." ŞƏRH-ÖZƏL

27 Mart 2019 13:34 (UTC+04:00)

“Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Vyanada keçiriləcək görüş yüksək səviyyədə sıra ilə dördüncü görüş sayılacaq. Əvvəlki Düşənbə, Sankt-Peterburq və Davos görüşləri məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən formal və ayaqüstü görüş effektindən başqa nəticə hasil edə bilmədi və məzmunlu danışıqlara çevrilmədi”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh danışıqlarına pozucu və qeyri-praktik yanaşmasını əvvəlki ünsiyyətlərdə faktiki dəyişə bilmədi və əslində dəyişmək istəmədi: “Paşinyan əvvəlki görüşlərə konseptual mənada qətiyyən hazır gəlməmişdi, aydın təsəvvürə və münaqişənin həlli üçün bitkin bir platformaya malik deyildi. Bunun da nəticəsi sadəcə nəticəsizlikdən ibarət oldu”.

Siyasi şərhçi söyləyib ki, Paşinyanın Azərbaycan Prezidenti ilə növbəti 29 mart görüşünə nə qədər hazır olub olmadığını zaman göstərər: “İndi bütün dünya anlayır ki, Azərbaycan özü üçün qeyri-substantiv danışıqlar limitini bitmiş sayır və sadəcə danışıq xətrinə danışıq oyunlarına çox dözməyəcək 29 mart görüşü ərəfəsində Paşinyanın format oyununu hələ də müxtəlif versiyalarda fırlatması və sərhəddə əsgər ölümü ilə nəticələnmiş açıq təxribata getməsi onun bu görüşə əvvəlkilərdən fərqli olaraq konstruktiv platforma ilə gələcəyinə ümidləri heçə endirir. Lakin onun nisbətən konstruktiv və məzmunlu danışıqlara azacıq meylli ola biləcəyinə yeganə ümid onunla bağlıdır ki, həmsədrlər, yüksək Avropa komissarları danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olmasını və şərtsiz danışıqlara başlamağın zəruriliyini açıq bəyan ediblər”.

A. Quliyev qeyd edib ki, bu bəyanatların Ermənistan rəhbərinə azacıq da olsa təsir göstərə biləcəyi ən həssas ehtimal sayılır: “Konkret baxılsa, Paşinyanın münaqişə ilə bağlı həmsədrlərin və Avropa Parlamentinin yenicə qəbul etdikləri sənədlərə uyğunlaşmayacağı təqdirdə görüşdən əhəmiyyətli yekunlar gözləmək çətindir. Ancaq əlbəttə 29 mart görüşünə razılıq vermək Azərbaycan Prezidentinin təcavüzkar ölkə rəhbərinə sonuncu konstruktiv şanslardan birini tanıması baxımından əhəmiyyətlidir. Azərbaycan növbəti dəfə sübut edir ki, münaqişənin hərbi yolla qalibiyyətli həlli üçün hər cür üstün imkanlara malik olsa da, dünya birliyi və insanlığın sülh çağırışlarına adekvat reaksiya göstərməkdə son təmkinliyini əsirgəmir. Paşinyanın azacıq konstruktiv olacağı təqdirdə münaqişənin həllində böyük və hətta sıçrayışlı irəliləyişlər dərhal başlaya bilər. Xüsusilə də status-kvonun dəyişməsi və Ermənistanın DQ ətrafındakı torpaqların azad edilməsinə razılıq verməsi görüşün məhsuldarlığını müəyyən edən əsas amil olacaq. Ancaq açıq deyək ki, Paşinyanın Vyana görüşünə prinsipial fərqli bir davranışla gəlməyə hazırlaşdığını göstərən elə bir əlamət hələlik görünmür. Bütün hallarda bu görüş maraqlı beynəlxalq təşkilatlara qəti şəkildə Ermənistanın sülh istəmədiyini nümayiş etdirə bilər. Vyana görüşü ya məzmunlu danışıqların buzunu qıracaq ,ya da Azərbaycanı hərb variantının seçiminə həlledici dərəcədə yaxınlaşdıracaq”.