Neftin bahalaşması ən çox Türkiyəyə ziyan verəcək -ARAŞDIRMA
22 Yanvar 2011 03:02 (UTC+04:00)
Dünya bazarlarında neftin qiyməti getdikcə bahalaşır. SİA bu bahalaşmanın təsirlərini araşdırıb. Artan qiymətlər bəzi ölkələrin iqtisadiyyatlarına müsbət təsir etsə də bəzi ölkələrdə vəziyyət fərqlidir. Neftin qiymətində müşahidə edilən artım Azərbaycanın xarici bazarlardakı vəziyyətini getdikcə yaxşılaşdırır. Neft emal edən ölkəmizin bu sahədən əldə edəcəyi gəlirləri düşündükdə bahalaşmanı müsbət qiymətləndirmək olar. Çünki neftin qiymətinin bahalaşması iqtisadi vəziyyətin yaxşılaşmasından xəbər verir. Bu mövzuda iqtisadçı ekspert Qubad İbadoğlu da bizlərlə eyni düşüncədədir. Onun sözlərinə görə, neftin qiymətindəki dəyişikliklər birbaşa iqtisadi böhranın zəiflədiyini göstərir: "Dünya bazarlarında neftin qiyməti gah ucuzlaşır, gah da bahalaşır. Amma ümumilikdə diqqət yetirdikdə görürük ki, qiymətlər daha çox artım istiqamətində dəyişir. Bu dəyişiklik isə 2009-cu ildən davam edən maliyyə böhranının zəiflədiyini, dünya iqtisadiyyatının getdikcə stabilləşdiyini göstərir.
İqtisadiyyatın bərpa olunduğu dövrdə enerji daşıyıcılarının qiymətlərinin bahalaşması qədər normal heç nə yoxdur. Çünki ölkələrin vəziyyəti yaxşılaşdıqca enerji resurslarına olan tələbat getdikcə artır ki, bu da birbaşa bazar qiymətlərində özünü göstərir".
Ekspertlərin düşüncələrini araşdırdıqda məlum olur ki, iqtisadi böhranın Azərbaycana olan təsiri o qədər də çox olmayıb. Bununla bağlı Vüsal Qasımlı bildirib ki, dünyadakı böhran bəzi ölkələri müflis dərəcəsinə çatdırsa da, bu Azərbaycana o qədər də fəsadlı nəticələr verməyib: "2009-cu ildə dünyanı bürüyən böhran dalğası bir çox ölkələrin vəziyyətini ağırlaşdırıb. Hətta bəzi ölkələr onlara ayrılan yardımlar hesabına belə olsa vəziyyətlərini yaxşılaşdıra bilmədilər. Bütün bunlara baxmayaraq, Azərbaycan bu vəziyyətdən ən az təsirlənən ölkələr sırasında oldu. Artıq bu ildən başlayaraq dünya bazarlarında vəziyyətin yaxşılaşdığının şahidi oluruq. Bunun ən böyük sübutlarından biri də, neftin qiymətinin getdikcə artmasıdır. Azərbaycan neftin və qazın bahalaşmasından gəlir götürən bir ölkədir. Əgər neft 10 dollar bahalaşsa, Azərbaycanın nəzərdə tutulan illik gəliri 2.5 milyard dollar artacaq".
Bütün bunlara baxmayaraq, neftin qiymətinin artması bəzi ölkələrə gəlir gətirsə də, bəzi ölkələr bu vəziyyətdən şikayətlənir. Belə hallardan mənfi təsirlənən ölkələrdən biri də Türkiyədir. Beynəlxalq Enerji Agentliyinin baş iqtisadçısı Fateh Birolun sözlərinə görə, neftin qiymətindəki artım qlobal iqtisadi yaxşılaşmanı relsindən çıxaracaq: "Türkiyə enerji məsələsində xarici ölkələrdən asılıdır. Ona görə də, bu bahalaşma Türkiyə iqtisadiyyatına çox mənfi təsir edəcək".
İqtisadçı bu vəziyyətin Türkiyəyə olan təsirinin 3 əsas səbəbini açıqlayıb:
1- Türkiyə həm neft, həm də qaza olan ehtiyacını idxalla ödəyir
2- Təbii qazın qiyməti, neftin qiymətinə əsasən müəyyənləşdirilir
3- Türkiyə elektrik istehsalında təbii qazdan geniş istifadə edir