Asim Mollazadə: "Cənubi Azərbaycanda milyonlarla soydaşımızın hüquqlarını tanımayan İranın Azərbaycandakı proseslərə müdaxiləsi qəbuledilməzdir"
22 Yanvar 2011 03:03 (UTC+04:00)
"Azərbaycanda dini-etiqad azaddır və dövlət tərəfindən müdafiə olunur. O heç bir halda pozula bilməz və ya dini azadlıqlar, dini rəmzin istifadəsi məhdudlaşdırıla bilməz". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə parlament jurnalistləri ilə keçirdiyi görüş zamanı deyib. O bildirib ki, məktəblərdə yetkinlik yaşına çatmayan qızların dini istismarı Azərbaycan tərəfindən qəbul olunmur: "Məktəblərdə məktəbli forması varsa, bu da Azərbaycanın dünyavi dövlət modelidir. Azərbaycan dünyəvi dövlətdir, qanunlarla idarə edilir və dünyəvi təhsil sistemi mövcuddur. Azad olmalıdır. Kim istəyir, taxır, kim istəyir, taxmır. Amma taxmamaq hüquqi Azərbaycan dövləti tərəfindən müdafiə olunur".
A. Mollazadə orta məktəblərdə hicabın qadağan olunmasının tərəfdarı kimi çıxış edib. Amma digər yerlərdə hicabın azad olmasının tərəfdarı olduğunu qeyd edib: "Dünyavi azərbaycançılıq dəyəri hamımızın dəyəri olmalıdır".
Açıqlaması zamanı millət vəkili İslam Partiyasının rəhbərliyinin həbsinə də toxunub. O bildirib ki, 1996-cı ildə məhkəmə zamanı həmin partiyanın nümayəndələri özləri də etiraf etdilər ki, onlar İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər: "Buna görə o zaman həmin partiyanın rəhbərliyi həbs edildi. İndi İran yenidən Azərbaycana qarşı kampaniyaya başlayıb. Məndə bir sual yaranır. Ay hörmətli İran mollaları bu təcavüzkar Ermənistana niyə dəstək verirsiniz?! Xocalı qətliamını törədən şəxsi Tehrana dəvət edəndə islamı nə üçün unutdunuz?! Bu gün Cənubi Azərbaycanda milyonlarla soydaşımızın elementar hüquqlarını tanımayan İranın Azərbaycandakı proseslərə müdaxiləsini qəbul etmək mümkün deyil. Onlar özlərinə tənqidlə yanaşmalıdırlar. İnsanları hələ də daş-qalaq cəzasına məhkum edən bir dövlətin kimisə tənqid etmək hüququ yoxdur".