Asim Mollazadə parlament jurnalistləri ilə görüş keçirib

22 Yanvar 2011 02:38 (UTC+04:00)
Bu gün Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə parlament jurnalistləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüş zamanı ölkəmizdə hansı sahələrdə islahatların aparılmasının vacibliyi, partiya üçün prioritet sahələr və digər mövzular müzakirə olunub. Görüş zamanı ölkənin təhsil sisteminə toxunan A. Mollazadə bildirib ki, statistikaya görə, ötən il məktəbi bitirənlərin yalnız 28 faizi ali məktəbə qəbul olub. Qalan uşaqların taleyinin naməlum olduğunu dilə gətirən partiya sədrinin sözlərinə görə, əvvəllər ali məktəbə daxil olmayanlar peşə məktəblərinə cəlb olunurdusa, hazırda ölkəmizdə demək olar ki, peşə məktəbləri məhv olub. O söyləyib ki, ölkədə cəmi 35-36 peşə məktəbi fəaliyyət göstərir.

Universitet məzunlarının işlə təmin olunmasına gəlincə partiya sədri bildirib ki, ölkəmizdə jurnalistika fakültəsini bitirən məzunların əksəriyyəti bu ixtisasa hazır deyillər. O qeyd edib ki, bu hal daha çox iqtisadi sahəyə şamil olunur: "İqtisad universitetində və ya digər universitetlərin bu sahəsi üzrə oxuyan məzunlar demək olar ki, iqtisadiyyatdan anlayışsızdırlar. Lakin onlar işə hazır olmalıdırlar. Bir yandan sahibkarlar mütəxəssis axtarır, digər tərəfdən də işsizlik başa alıb gedir. İstənilən ölkədə ölkənin rifahı orta təbəqədən asılıdır. Əgər biz Azərbaycanın inkişafını istəyiriksə, ilk növbədə təhsil sisteminə təcili dəyişiklik edilməlidir. Baxmayaraq ki, ölkəmizdə Boloniya sistemi ilə əlaqədar prezident tərəfindən sərəncam imzalanıb. Yalnız Bakı Dövlət Universiteti bu sistemə keçib".

Görüş zamanı ölkənin mədəni inkişafı məsələsinə də toxunub. O bildirib ki, mədəniyyət deyəndə buraya şou, incəsənət deyil, siyasi, məişət mədəniyyəti daxildir. Daha sonra millət vəkili seçicilər tərəfindən qəbul edilən müraciətlər haqqında da danışıb. O bildirib ki, seçicilər ən çox hüquq pozuntuları və kommunal problemlərlə əlaqədar müraciət edir: "Baxmayaraq ki, ölkəmizdə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür, amma yenə də bu problem qalmaqdadır. Qış və ya yay olur, işıq sönür. Niyə? Axı bu sahəyə böyük vəsait ayrılır. Ona görə də kommunal sahənin islahatlara ehtiyacı var. Ölkəmizdə hər bir sahə inkişaf edir. Amma buna baxmayaraq işlər yenə də gücləndirilməlidir".

Qeyd edək ki, görüş müzakirələr əsasında davam edib. Partiya sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.