Lənkəranda sahibkarlara güzəştli kreditlər verilib

22 Yanvar 2011 02:18 (UTC+04:00)

Yanvarın 21-də İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda cari ildə ilk tədbirini Lənkəran şəhərində keçirib.

SİA-nın cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə SKMF-nin vəsaitləri hesabına güzəştli kreditlər almış Salyan rayonunda "Hacı Camalxan" MMC-nin tikilən 2400 başlıq südlük cins iribuynuzlu heyvandarlıq kompleksinə, "Ələddin Fermer"MMC-nin 168 hektar sahədə salınmış meyvə bağlarına, illik istehsal gücü 6 min ton olan "Cəlilabad-broyler" ASC-nin quşçuluq təsərrüfatında, Cəlilabad rayonundakı "A.D.İ" MMC-nin 2 min tonluq soyuducu anbar kompleksində, "Lənkəran-konserv" ASC-nin illik istehsal gücü 2,7 min ton olan konserv zavodunda və sahibkar Nurəddin Xasiyevin Liman şəhəri ərazisindəki sitrus meyvə tingçilik təsərrüfatında aparılan tikinti-quraşdırma işləri ilə tanış olublar.

Daha sonra tədbir N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında davam etdirilib.Tədbiri İİN SKMF nun sektor müdiri Nazim Qarayev açaraq sahibkarlar üçün güzəştli kreditlərin istifadi mexanizmi,investisiya layihələrin hazırlanması və digər məsələrə aydınlıq gətirib.Bununla yanaşı tədbirdə SKMF-nun baş məsləhətçisi Samir Muradov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, SKMF-nun sahibkarlığın inkişaf siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, İİN-nin Lənkəran regional şöbəsinin nümayəndəsi Çingiz Məmmədov və başqaları çıxış edərək, Azərbaycanda uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində iqtisadiyyatın bütün sahələrində ciddi nailiyyətlərin əldə edildiyini, həmçinin regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətindən soz açıblar.

Bildirilib ki, təkcə 2010-cu ildə Lənkəranda Konserv zavodu, çay fabriki, 2000 ton tutumlu soyuducu anbar və Lerik rayonunda Turizm İstirahət Mərkəzi istifadəyə verilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev isə çıxışında "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün sahibkarlıq subyektlərindən layihələrin qəbulunun davamlı olacağını, bu məqsədlə sahibkarlara lazım olan hər cür köməkliyin göstəriləcəyini diqqətə çatdırıb.

Lənkəran iqtisadi rayonundan 300-dək sahibkarın iştirakı ilə keçirilən konfransda İki yeni layihənin -30 hektarda salınacaq sitrus bağı və illik gücü 2000 ton olan quşçuluq fabrikinin təqdimatı keçirilib.

Kredit yarmarkasında isə müvəkkil kredit təşkilatları vasitəsilə Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 25 sahibkarlıq subyektinə ümumən 263 min manat məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin açılması nəzərdə tutulub.