Sumqayıt bulvarında Novruz şənliyi keçirilib FOTOLAR

18 Mart 2019 15:48 (UTC+04:00)

Min illərdir ki, xalqımız baharın gəlişini Novruz bayramı ilə qeyd edir, bu bayramı öz milli varlığı kimi qoruyub saxlayır. Bu il Sumqayıt şəhəri Novruz bayramına daha möhtəşəm və daha mütəşəkkil hazırlaşıb. Şəhər sakinlərinin sevimli istirahət guşəsi olan Sumqayıt bulvarı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünüb.

Bayram şənliyində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakinləri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını alışdırıb.

Dədə Qorqud və bahar qızı xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər. Bulvarın girişində novruz bayramına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Sonra Bulvar boyunca xalq gəzintisi və bayram şənlikləri təşkil edilib. Səməni və digər Novruz atributları ilə bəzədilən bulvarda Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların və kəndirbazların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, çoxsaylı bayram çadırlarının ətrafında qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.

Sonda Sumqayıt bulvarında bayram konserti keçirilib. Tədbirdə respublikanın tanınmış sənət ustaları, incəsənət xadimləri iştirak edib.