"İcbari tibbi sığorta sistemi qanunsuz ödənişlərin qarşısını alacaq"

15 Mart 2019 16:31 (UTC+04:00)

“2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq olunacaq. Bununla da qanunsuz ödənişlərin qarşısı alınacaq. Tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər”. SİA-nın xəbərinə görə, bunu deputat Rəşad Mahmudov Parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, səhiyyəyə dövlət maliyyəsi artırılmalıdır.

Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanların olduğunu deyən deputat söyləyib ki, son illər 700-dən çox texnika ilə təmin edilən xəstəxanalar məhsuldarlığın artırılmasına imkanlar yaradır. Bütün bunlarla yanaşı tibbi xidmətin əl çatanlığı, xidmətin keyfiyyətinin artırılması vacibdir”.

R.Mahmudov qeyd edib ki, görülən işlərlə yanaşı, xəstəxanaların keyfiyyət statusuna görə akreditasiyadan keçirilməsi, standartların hazırlanması, ixtisaslaşmış tibb personallarının akreditasiya qaydalarının hazırlanması, ailə həkiminin funksionallığı, “Əhalinin sağlamlığı” haqqında qanununa əlavələr edilməsi mühüm məsələlərdən biridir: “Qida təhlükəsizliyi ilə əlaqədar qısa müddətdə görülən işlər gələcəkdə daha sağlam gələcəyin formaslaşmasında mühüm xidməti olacq. İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir”.