Azərbaycanın Macarıstandakı səfirliyi və bu ölkənin Komarom şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
SİA-nın xəbərinə görə, eyni zamanda, səfirliyin və Macarıstan Hərbi-Tarix Muzeyi Komarom filialının birgə təşəbbüsü ilə muzeyin bu şəhərdəki filialında "Budapeşt-1956 – Bakı-1990: Azərbaycan və Macarıstan tarixinin faciəvi səhifələri arasında paralellər" adlı sərgi təşkil olunub.
Sərgidə sovet qoşunlarının 1956-cı ilin oktyabrında Budapeştdə, 1990-cı ilin yanvarında isə Bakıda törətdikləri vəhşilikləri əks etdirən foto-şəkillər, rəsm əsərləri, kitab və bukletlər nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə Komarom şəhərinin meri Molnar Atilla açaraq Macarıstan və Azərbaycan xalqlarının tarixi yaxınlığı, hər iki xalqın müstəqilliyə doğru yolda eyni təhdidlər ilə üzləşdiyini və bu mübarizədə çoxsaylı qurbanlar verdiyini, habelə hazırda ölkələrimiz arasında səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev öz çıxışında 20 Yanvar faciəsini törədən səbəblərdən danışıb. O, keçmiş sovet rəhbərliyinin bir vaxtlar Macarıstanda və Çexoslovakiyada olduğu kimi Azərbaycanda da qəddar, amansız üsullarla xalqın azadlıq istəyinin qarşısına sədd çəkmək istədiyini, lakin niyyətinə çatmadığını bildirmiş, 1990-cı il 20 Yanvar hadisəsinin Sovet İttifaqı üçün sonun başlanğıcına çevrildiyini, sovet imperiyasının süqutunu sürətləndirdiyini qeyd etdib.
Tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və bunun nəticəsində regionda yaranmış böhranlı vəziyyət haqqında da məlumat verilib.
20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilmiş, iştirakçılara kitab və bukletlər paylanıb.