Azərbaycan beynəlxalq turizm ictimaiyyətinə iki yeni turizm məhsulunu təqdim edib

9 Mart 2019 10:41 (UTC+04:00)

Almaniyada keçirilən “İTB Berlin” sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosu İpək Yolu ölkələri nazirlərinin 9-cu görüşündə “İpək Yolunun yeddi gözəli” adlı yeni turizm məhsulu konsepsiyası ilə çıxış edib. SİA-nın məlumatına görə, konsepsiyada qədim İpək Yolu marşrutu boyunca Azərbaycan ərazisində turistlərə bələdçilik edən yeddi müxtəlif yoldan bəhs edilir. Buraya Bakı – “Neft Yolu”, Şamaxı – “Poeziya Yolu”, Ağsu – “Nar Yolu”, İsmayıllı – “Sənətkarlıq Yolu”, Gəncə - “Bazar Yolu”, Naxçıvan – “Duz Yolu” daxildir. Təqdimatda XXI əsrin turistinin səyahət tələblərinə uyğun olaraq ənənəvi marşrutlara yeni baxışın tətbiq olunmasının zəruriliyi qeyd olunub.

Sərgi çərçivəsində İpək Yolu ölkələrinin tur operatorlarının səkkizinci görüşündə isə qədim İpək Yolu boyunca şərab marşrutu təqdim olunub. Təqdimatda azerbaijanwine.az saytında Azərbaycanın şərabçılıq və üzümçülük ənənələrinin tarixi köklərindən bəhs edilib, marşrutu təşkil edən altı əsas dayanacaq (Bakı, Novxanı, Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl) iştirakçıların nəzərinə çatdırılıb. Daha sonra qeyd olunan dayanacaqların Azərbaycan qastronomiya və etnoqrafiyası ilə birlikdə vəhdət təşkil etdiyi turizm səyahət paketləri təqdim olunub.

Azərbaycan Turizm Bürosu sərgi ərzində təşkil olunan Berlin Səyahət Festivalında da təmsil olunub. Festival yeni turizm destinasiyalarını təbliğ etməklə turistlərə yeni səyahət metodlarını təqdim edir. Ənənəvi sərgi konsepsiyasından fərqli olaraq burada yalnız səyahət deyil, həmçinin dizayn və innovasiya yönümlü istiqamətlər birləşir. Martın 10-dək davam edəcək tədbirdə Azərbaycan xalçaçılıq məmulatları, sənətkarlıq və şərabçılıq nümunələri, quru meyvələr və digər milli turizm məhsulları, həmçinin elektron məlumat lövhələrində nümayiş etdirilən video-çarxlar çoxsaylı ziyarətçilərin diqqət mərkəzindədir.