Onunla bizim tanışlığımızın, dostluğumuzun tarixi elə də çox deyil. Təxminən 6 ildir. Bizi dəyərli ziyalı, şair təbiətli, AHİİT İctimai Birliyinin maliyyə idarəsinin rəisi Tahir Ələkbərli tanış edib. Həmin vaxtı Ağalar İdrisoğlu şöbə müdiri olduğu “Azad Azərbaycan” qəzetində mənim və boks üzrə dünya səviyyəli yetişdirdiyim tələbələrimlə bağlı çox maraqlı bir yazı yazmışdı. Həmin yazı həm də saytlarda çap olunmuşdu. O yazı oxucular tərəfindən də çox maraqla qarşılanmışdı. Orada həm də bizim problemlər özünün əksini lazım olan səviyyədə tapmışdı.
Özü əslən Masallıdan olan Ağalar İdrisoğlu doğma yurda gələndə biz onu dəvət etdik və o, Liman şəhərinə gəldi. Cənub Regional Boks Mərkəzinin bizim əlimizdən zor gücü ilə necə alınması sənədlərilə tanış oldu. Liman şəhərinin dözülməz problemlərini öz gözlərilə gördü və sonra qəzetlərdə, saytlarda “Liman harayı” adlı iki yazı çap etdirdi. Beləliklə, bu 6 ildə təkcə Liman şəhəri və onun sakinlərilə bağlı Ağalar İdrisoğlunun 15-dən çox maraqlı yazısı qəzetlərdə və saytlarda çap olunub. Və eləcə də Liman şəhəri və Lənkəran rayonunun yazarlarının çoxlu yazılarını mətbuat səhifələrində çap etdirib. Bundan sonra limanlıların ona hörməti daha çox artdı. Həmin vaxtdan sonra bizim onunla dostluğumuz başladı. Məlum oldu ki, mən də o da balıq bürcündənik. O, bu 6 ildə bizim “Spartak” İdman Təşkilatı, Limanda və Lənkəranda yaşayan çoxliu idmançılar və ziyalılar haqqında da lazım olan yerlərdə öz sözünü dedi və onları müdafiə elədi. Bizi respublika və dünya oxucularına daha yaxlndan tanıdıb. Yuxarıda dediyim kimi bu 6 ildə bölgənin yazarlarının hekayələrinin, şeirlərinin, oçerklərinin, məqalələrinin respublika mətbuatında çap olunması üçün təmannasız böyük işlər görür. Biz də onun haqqında yazmaq istəyirdik. Amma hər dəfə bu haqda danışanda Ağalar İdrisoğlu təvazökarlıq edərək, buna razılıq vermək istəmirdi. Axır ki, onun “saqqızını oğurladıq” və bu müsahibəni verməyə razılaşdı. İlk öncə onu çoxminli oxucularımızla daha yaxından tanış etmək istəyirik.
Qısa arayış: Tanınmış yazıçı, dramaturq, rejissor, aktyor, publisist, jurnalist, böyük teatr təşkilatçısı, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun (Mehdiyev) 2019-cu ilin mart ayının 16-da altmış doqquz yaşı tamam olur. Altmış doqquz illik çox mənalı ömrünün təkcə əlli ilindən çoxunu ədəbiyyata, incəsənətə, jurnalistikaya xidmət edən Ağalar İdrisoğlu maraqlı və keşməkeşli bir ömür yaşayıb.
O, 1950- ci ildə Masallı rayonunun Digah kəndində anadan olub. Səkkiz illik təhsilini Digah kəndində, orta təhsilini isə Masallı şəhərindəki Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbdə alıb. 1968- 70- ci illərdə Rusiyanın Kalinin şəhərində raket hərbi hissəsində ordu sıralarında qulluq edib. 1975 - ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. Sonra Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına aktyor vəzifəsinə dəvət olunub. O, aktyor kimi yaradıcılığa başladığı dövrdən bu günə kimi 40-dan artıq ayrı- ayrı xarakterik rollarda uğurla çıxış edib. Oynadığı rolların çoxu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və başqa təşkilatların diplomlarına, pul mükafatlarına layiq görülüb.
1977 - ci ilin əvvəlində Sumqayıt şəhərində, respublikada ilk dəfə olaraq “Ümid” adlı Teatr- Studiya yaradıb. Bu Teatr-Studiyanın ilk tamaşası olan Cəlil Məmmədquluzadənin “Kamança” faciəsi elə həmin ilin mart ayının 16-da tamaşaçılara göstərilib. Qısa bir vaxtın içərisində bu “Ümid” Teatr- Studiyası maraqlı tamaşalarına görə Azərbaycanda tanınıb. Uğurlu çıxışlarına və respublika festivallarında həmişə birinci yer tutduğuna, rəngarəng repertuarına görə 1979- cu ildə bu kollektiv Xalq Teatrı adını alıb. Artıq həmin ildən Sumqayıt Gənclərinin Xalq Teatrı adlanan bu kollektivin 1980- ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynadığı Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmış tamaşası Qızıl medala layiq görülüb. Rejissor kimi Ağalar İdrisoğlu da Qızıl medal alıb. O, H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor işləməklə bərabər, 1986- ci ilə kimi Sumqayıt Gənclərinin Xalq Teatrına da rəhbərlik edib. 300-dən artıq sumqayıtlı yeniyetmə və teatr həvəskarı onun rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Xalq Teatrında və onun nəzdində fəaliyyət göstərən “Ümid” Teatr-Studiyasında Ağalar müəllimdən və tanınmış yazıçılardan, jurnalistlərdən, təcrübəli aktyorlardan, teatrşünaslardan, baleymeystrlərdən, rəssamlardan, musiqiçilərdən teatr sənətinin, səhnə danışığının, teatr plastikasının, musiqinin, ədəbiyyatın, publisistikanın, jurnalistikanın sirrlərini öyrəniblər. Bu gün həmin yeniyetmə və gənclərin bir hissəsi peşəkar teatrlarda aktyor, aktrisa, rejissor, rəssam, teatrşünas işləyirlər. On nəfərdən çoxu isə fəxri adlar alıblar. Onun yetirmələrindən bəziləri respublika mətbuatında və ayrı- ayrı dövlət təşkilatlarında çalışırlar. Hətta müəllim, həkim işləyənlər də var. Ağalar İdrisoğlu, Sumqayıt Gənclərinin Xalq Teatrında 19 tamaşaya quruluş verib. Eləcə də həmin dövrdə Sumqayıtda hazırlanan Əmək - İncəsənət teatrlaşdırılmış bayramlarının, şəhər tədbirlərinin də ssenari müəllifi və quruluşçu rejissoru məhz Ağalar İdrisoğlu olub.
O, 1981 və 1986-cı illərdə Moskva şəhərində Andrey Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) Musiqili Teatrlar Rejissorluğu fakültəsində (qiyabi) təhsil alıb. Beş il müddətində o vaxtlar Sovetlər Birliyində və Avropada incəsənətin, ədəbiyyatın beşiyi, mədəniyyətin mərkəzi sayılan Moskva şəhərində böyük sənət təcrübəsi toplayıb. Rejissor sənətinin sirrlərini daha dərindən öyrənib Ağalar İdrisoğlu.
1985-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə işə göndərilib. Bu tearda quruluş verdiyi ilk tamaşalar - Məhərrəm Əlizadənin “İlk qurban”, Loğman Rəşidzadənin “Toya bir gün qalmış”, Eduard Bobrovun “Vicdanla üz-üzə” (tərcümə edəni Zakir Abbas) tamaşaları təkcə Ağdam teatrsevərlərinin yox, həm də Bakıdan Ağdama gələn teatr mütəxəssislərinin, ziyalıların böyük marağına səbəb olub. Bu tamaşalardan sonra onun Nobel mükafatı laureatı Alber Kamyunun “Qismət” (tərcümə edəni Vaqif Əlixanlı) psixoloji dramına Beynəlxalq teatr festivalı çərçivəsində quruluş verməsi təkcə Azərbaycan teatrşünaslarını yox, həm də Moskva teatr mütəxəssislərini maraqlandırıb. Moskvadan beş teatr mütəxəssisi 1986- cı ildə Ağdama gələrək, bu tamaşaya baxıblar. Tamaşanın rejissor yozumu və aktyor oyunu onların xoşuna gəlib. Bu haqda Ümumittifaq mətbuatında maraqlı ressenziyalar çap etdiriblər. Məlum olub ki, Albər Kamyunun “Qismət” pyesinə keçmiş Sovetlər İttifaqında məhz ilk dəfə olaraq Ağalar İdrisoğlu quruluş verib.
Ağdam Dövlət Dram Teatrında quruluşçu rejissor işlədiyi vaxtlarda, teatrın direktoru və baş rejissoru öz işlərinin öhdəsindən gələ bilmədiklərinə görə hər ikisi vəzifəsindən uzaqlaşdırılıb. Kollektivin istəyi, yazılı məktubla müraciət etməsi və Ağdam rayon Partiya Komitəsinin birinci katibi, ədəbiyyatın, incəsənətin, mədəniyyətin böyük təbliğatçısı, bilicisi Sadıq Murtuzayevin tövsiyəsi ilə Mədəniyyət Nazirliyi Ağalar İdrisoğlunu 1987-ci ildə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının baş rejissoru və direktoru təyin edib. ( Bədii rəhbər və direktor.) O, Ağdam Dövlət Dram Teatrına rəhbərlik etdiyi vaxtda həm yerli kadrların aktyor kimi yetişməsində, həm də teatr repertuarının rəngarəng, maraqlı, baxımlı olmasında çoxlu işlər görüb. Özü də rejissor kimi təkcə Azərbaycan yox, həm də dünya dramaturqiyasının maraqlı pyeslərinə quruluş verib. Onun bu teatrda quruluş verdiyi Mirzağa Atəşin “Şərəfin sandığı”, Xalq şairi Zəlimxan Yaqubun “Aşıq Ələsgər”, Cəfər Cabbarlının “Oqtay Eloğlu”, Georqi Caqarovun “Prokuror” ( tərcümə edəni Tofiq Məmmədov), Əli Səmədlinin “Analar və oğullar”, Georqi Xuqayevin “Qaqutsa, Babutsa, Danel və Dardanel” (tərcümə edəni Ağalar İdrisoğlu), Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın” (tərcümə edəni Fikrət Sultanov, Leonid Juxavitskinin “Şahzadə və bacatəmizləyən”(tərcümə edəni Camal Yusifzadə) tamaşaları və başqa əsərlər, teatrsevərlər, teatr mütəxəssisləri tərəfindən maraqla qarşılanıb. Bu tamaşalar da Qarbağda Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına böyük maraq yaradaraq, aktyor truppasının püxtələşməsinə, professionallığının artmasına, yeni aktyor, aktrisaların kəşf olunmasına səbəb olub.
1989- cu ilin 29 yanvar tarixindən Azərbaycan Mədəniyyət nazirinin əmri ilə Ağalar İdirsoğlu Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının baş rejissoru və direktoru vəzifələrindən, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına direktor vəzifəsinə dəyişdirilib. Bir il yarımdan sonra isə kollektivin istəyi və seçki yolu ilə Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri və direktoru seçilib. 1991-ci ildə bilavasitə onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrı, Musiqili Dram Teatrına çevrilib və bu teatra əlavə doxsan ştat verilib. Həm də bu teatrda ilk musiqili tamaşa olan Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasına da orijinal quruluşu məhz Ağalar İdrisoğlu verib. Bu tamaşanın ilk premyerası 1992- ci il 16 aprel tarixində olub. Onun rəhbərlik etdiyi teatrlar rəngarəng repertuarına, peşəkar quruluşlarına, tərtibatına, çox maraqlı aktyor truppasına, aktyorların rollardakı rəngarəng oyununa, oynadıqları roldan - rola püxtələşməsinə görə mütəxəssislər və tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanıblar. Bu teatrlar məhz onun təşkilatçılığı və təşəbbüsü ilə Moskvada, Qazaxıstanda, Şimali Osetiyada, Gürcüstanda, Dağıstanda və başqa respublikalarda festivallarda, qastrollarda çox böyük uğurla çıxış ediblər.
O, 1991 və 1996-cı illərdə böyük səs çoxluğu ilə Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyyətinin üzvü və katibi seçilib. 1992-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Teatr Xadimləri İttifaqı Sumqayıt Bölgə şöbəsi yaradılıb. Ağalar İdrisoğlu bu şöbənin də sədri seçilib. İdarə heyyətinin üzvü və katib kimi Azərbaycan Teatr Xadimlər İttifaqının işlərinin qurulmasında, inkişafında, respublika və beynəlxaq formalı, ayrı-ayrı janrlı festivalların keçirilməsində əlindən gələn bütün köməklikləri edib.
Ağalar İdrisoğlunun quruluşçu rejissoru olduğu Vasili Şukşinin “Diribaş adamlar”, Camal Yusifzadənin “Səhər qatarı”, Rafiq Səməndərin “Dəyişmə”, Anarın “Zəncir”, Cəlil Məmmədquluzadənin “Kamança”, Alber Kamyunun “Qismət”, Cəfər Cabbarlının “Oqtay Eloğlu”, Eduard Babrovun “Vicdanla üz- üzə”, Georqi Caqarovun “Prokuror”, Loğman Rəşidzadənin “Kukla teatrı”, “Toya bir gün qalmış”, Georqi Xuqayevin “Qocaların məhəbbəti” və “Varlı ev”, Feyruz Məmmədovun “Anasının gül balası”, Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın!”, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Zəlimxan Yaqubun “Aşıq Ələsgər”, Ağalar Mirzənin “Məlikməmmədin yeni sərgüzəştləri”, Əbdürrəhim bəy Haqverdiyev və Jan Keverin “Ağa Məhəmməd şah Qacar”, Ağalar İdrisoğlunun özünün yazdığı “Şah İsmayıl” və “Sabir Rüstəmxanlının portret cizgiləri”, Akif Həsənoğlunun “Yanmış evin nağılı”, “Dünyaxanım ev axtarır” və başqa onlarca tamaşaları teatr mütəxəssisləri tərəfindən çox yüksək qiymətləndirilib. Dəfələrlə dövrü mətbuatda bu tamaşalar haqqında ressenziyalar çap olunub. Quruluş verdiyi tamaşaların çoxu mükafatlara layiq görülüb. Onun quruluşunda “Yanmış evin nağılı” (müəllifi A. Həsənoğlu) tamaşası Qarabağ savaşına, erməni işğalçılarının törətdiyi faciələrə həsr olunan respublikada ilk peşəkar teatr tamaşasıdır. Bu tamaşaya görə Ağalar İdrisoğlu Osman Mirzəyev adına mükafata layiq görülüb. Özünün müəllif və quruluşçu rejissoru olduğu, milli iftixarımız, məşhur dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr etdiyi “ Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” respublika mükafatına, Eduard Bobrovun “Vicdanla üz-üzə”, Alber Kamyunun “Qismət” və Georgi Xuqayevin “Varlı ev” tamaşaları isə respublikada ilin ən yaxşı səhnə əsərləri kimi birinci dərəcəli mükafatlara layiq görülüb.
1997-2000-ci illərdə Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr truppasına rəhbərlik edən Ağalar İdrisoğlu üç il müddətindən, bu kollektivlə Dağıstan Respublikasında yüzdən artıq tamaşalar göstərməklə, iki respublika arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində çox böyük işlər görüb. Dağıstanda 1948-ci ildə bağlanan Azərbaycan Dövlət Dram Teatrının yenidən bərpa olunmasında əsas ideya müəlliflərindən, təşəbbüskarlardan və təşkilatçılardan biri olub. (Seyid Qurbanov, Hüseynbala Hüseynov, Məhəmməd Qurbanov və Ağalar İdrisoğlu)
2001-ci ilin fevral ayından Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rejissor kimi işə başlayan və özünün yazdığı “İnan mənə” dramatik faciəsinə bu teatrda quruluş verməklə o, əmək fəaliyyətini davam etdirib. 2001-ci ilin may ayında infakt keçirən Ağalar İdrisoğlu bir müddət müalicə olunub. Həkimlər ona yaradıcılıqla məşğul olmağı, tamaşalar hazırlamağı qadağan ediblər. Artıq 2004-cü ildən yenidən öz yaradıcılığını davam etdirib. 2005 - ci ilin mart ayının 16-da ilk premyerası olan, məşhur yazıçısı Somerset Moemin “Qisas” adlı povesti əsasında yazıçı- mütərcim, professor Zeydulla Ağayevin yazdığı “Haray” pyesinə Dövlət Gənclər Teatrında Ağalar İdrisoğlunun verdiyi quruluş teatr ictimaiyyəti tərəfindən çox yüksək qarşılanıb. Tamaşa haqqında otuzdan artıq ressenziya çap olunub. Həm də bu tamaşa yüksək dramaturji materialına və peşəkar, maraqlı quruluşuna, gözəl aktyor oyununa görə respublika teatr aləmində faşizm yzərində qələbənin 60 illiyinə həsr olunan tamaşa kimi böyük marağa səbəb olaraq, mütəxəssislər, tamaşaçılar tərəfindən də rəğbətlə qarşılanıb. “Haray” tamaşası həm də müəllif Zeydulla Ağayevin 60 və quruluşçu rejissor Ağalar İdrisoğlunun 55 illik yubileylərinə yaradıcılıq töhfəsi olub. Elə həmin ilin may ayında isə Vaqif Əlixanlının “Baş daşları ilə söhbət” monotamaşası (Əməkdar artist Qəmər Məmmədovanın ifasında) Ağalar İdrisoğluna bir rejissor kimi yeni uğurlar gətirib. Onun Dövlət Gənclər Teatrında quruluş verdiyi və ilk premyerası 22 aprel 2007- ci ildə olan, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşası da özünün orijinal quruluşu və aktyor oyunu ilə tamaşaçıların, teatr mütəxəssislərinin çox böyük marağına səbəb olub. Ağalar İdrisoğlunun quruluşunda 1988-ci ilin aprel ayında ilk premyerası olan, Aleksandr Suxovo-Kobılinin “Tarelkinin ölümü” (tərcümə edəni İnqilab Kərimov) tamaşası yüksək professionallıqla hazırlandığına görə təkcə tələbkar tamaşaçıların yox, həm də teatr mütəxəssislərinin xoşuna gəlib və onların marağına səbəb olub. Bu teatrda onun son işi Əməkdar incəsənət xadimi Hidayətin “Məhəbbət yaşayır hələ” əsəri olub. Tamaşa özünün orijinal, peşəkar rejissor yozumuna və maraqlı aktyor onununa görə çox maraqla qarşılanıb və haqqında teatr mütəxəssisləri sanballı fikirlər söyləyiblər, ressenziyalar yazıblar.
2009-cu ilin may ayından prezidentin əmri ilə Dövlət Gənclər Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdiyindən o, həmin teatrın quruluçu rejissoru vəzifəsinə təyin olunub. Hal-hazırda da bu teatrda quruluşçu rejissor işləyir. Bu teatrda da Vaqif Əlixanlının “Əcəl atı”, Firuz Mustafanın “Pələng ili”, Panço Pançevin “Dörd əkizin nağılı” və Xanımana Əlibəylinin “Aycan” tamaşalarına bir-birindən maraqlı quruluşlar verib. Ağalar İdrisoğlu peşəkar teatr sənətində çalışdığı 44 ildə 120-dən çox tamaşalara, tamaşa-konsertlərə peşəkar səviyyədə quruluş verib.
Azərbaycan professional teatr səhnəsinə dünyanın məşhur dramaturqlarından Nobel mükafatı laureatları Alber Kamyunun, Slavomir Mrojekin, dramaturqlar Georqi Caqarovun, Aleksandr Suxovo-Kobılinin, Vasili Şukşinin, Eduard Bobrovun, Aleksandr İvaşenkonun, Leonid Juxovitskinin, Kirill Obalenskinin və başqalarının pyeslərinin gəlişi bilavasitə Ağalar İdrisoğlunun adı ilə bağlıdır. O, bu dramaturqların bir neçəsinin pyeslərini dilimizə tərcümə edib və bir neçəsinin isə pyeslərinə ilk dəfə quruluş verib. Bundan başqa bir neçə cavan azərbaycanlı dramaturqların əsərlərinin səhnəyə gəlişi də bilavasitə Ağalar İdrisoğlunun adı ilə bağlıdır.
Ağalar İdrisoğlu 50 ildən çoxdur ki, nasir, dramaturq, publisist, jurnalist kimi də yaradıcılıqla məşğul olur. Belə ki, onun ilk məqalələri, oçerkləri, miniatürləri, kiçik hekayələrə 1966-67-ci illərdən Masallı rayonunun “Çağırış” qəzetində və respublika səviyyəli “Azərbaycan pioneri” qəzetində çap olunub. O, “Həyatın astanasında”, “İnan mənə”, “Məhəbbətsiz həyat”, “Məhkəmədən əvvəl məhkəmə”, “Şah İsmayıl”, “Çarəsiz oyun”, “İmam Şamil”, “Öz qanunları olan şəhər”, “Bir gecənin əhvalatı”, “Günahsız qurban” və başqa pyeslərin, “Kəfənini geymiş qoca”, “Vicdan mühakiməsi”, “Ulu Tanrı və ağ gəni əhvalatı”, “Bura vətəndir” povestlərin, “Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, “Mümkün olmayanı, mümkün eləyən kişi” ( “Ömrün akkordları”), “Şahidin şahidləri, şəhidləri”, “Qaranlığı yaran işıq”, “Bir alim ömrünün səlnaməsi” sənədli, publisist rormanların, 100-dən artıq hekayənin, novellanın, essenin, eleqiyanın, 1000-dən artıq pulisist məqalələrin, elmi yazıların, oçerklərin və ressenziyaların müəllifidir. Pyesləri Ağdam, Mingəçevir, Sumqayıt, Gəncə, Füzuli Dövlət Dram Teatrlarında, Dövlət Gənclər Teatrında və keçmiş Sovetlər İttifaqının bir neçə Teatr - Studiyalarında tamaşaya qoyulub.
1982-ci ildə “Həyatın astanasında” pyesi Respublika Müsabiqəsinin qalibi olaraq, birinci dərəcəli mükafat alıb. 1985-ci ildə “İnan mənə” pyesi Moskvada keçirilən Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsində 48 pyesin içərisində ən yaxşı üç pyesdən biri kimi laureat olub və diploma, pul mükafatına layiq görülüb. Bu pyes 1986-cı ildə SSRİ daramaturgiyası antalogiyası çərçivəsində Moskvada “İskusstovo” nəşriyyatı tərəfindən çap olunan “Məhəbbət və başqaları” adlı ən yaxşı pyeslər toplusuna daxil edilib. 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ( indiki Mədəniyyət Nazirliyi) keçirdiyi “Ən yaxşı pyeslər” müsabiqəsində 34 dramaturqun pyesi arasında onun “Şah İsmayıl” tarixi faciəsi ikinci dərəcəli mükafata layiq görülüb. ( Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib.)
Ağalar idrisoğlunun hekayələrindən, pyeslərindən, povestlərindən, romanlarından, publisist yazılarından ibarət bu vaxta qədər 14 kitabı çap olunub. 15 -dən artıq topluda isə hekayələri, pyesləri, tərcümə etdiyi pyeslər işıq üzü görüb. Hal-hazırda isə “Şah İsmayıl” pyeslər toplusu, “Sərhədsiz dünyamız”, “Əbləhlərin son oyunu”, “Teatr sənətinin aşiqi” kitabları çapa hazırlanır. Sənətşünaslıq namizədi, alimlik dərəcəsini almaq üçün “ Azərbaycan milli rejissor ənənələrinin peşəkar davamçısı” adlı elmi işini müdafiəyə etməyə hazırlaşır.
Ağalar İdrisoğlu tərcüməçi kimi də çox işlər görüb. Dünya xalqlarının on pyesini dilimizə tərcümə edib. Bu pyeslərin də bir neçəsi ayrı- ayrı Dövlət Teatrlarında uğurla tamaşaya qoyulub. (Georgi Xuqayevin “Qocaların məhəbbəti”, “Varlı ev”, Slovomir Mrojekin “Polis” və başqaları.)
1997-2000-ci illərdə o, Azərbaycan - Dağıstan Beynəlmiləl Estrada Teatr Truppasına rəhbərlik etdiyi vaxt Azərbaycan və Dağıstan xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsi üçün çox uğurlu işlər görməklə yanaşı, həm də bu dostluğa aid “Sərhədsiz dünyamız” adlı çox maraqlı, bədii, sənədli əsər yazıb.
2005 - ci ilin mart ayında “Avropa Nəşr və Mətbu” evinin müəyyənləşdirdiyi müsabiqədə “İlin ən yaxşı vətənpərvər yazıçı-rejissoru” kimi Ağalar İdrisoğlu diplom və Qızıl medalla təltif olunub. O, hal-hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və “Azad Azərbaycan” qəzetinin şöbə müdiri vəzifələrində işləyir.
Uzun illər Azərbaycanın ayrı–ayrı teatrlarına rəhbərlik edən Ağalar İdrisoğlu, siyasi arenada liderlərdən biri kimi görünməsə də, siyasəti hoqqabazlığa, şantaja çevirənləri, rüşvəti, inhisarçılığı, nadanlığı, təmiz insanların haqqının tapdalanmasını özünün bədii və publisist əsərlərində, quruluş verdiyi tamaşalarda ifşa edib, onları kəskin tənqid atəşinə tutub. O, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Ailəlidir. Üç övladı, dörd nəvəsi var.
Altmış doqquz yaşını qeyd etmək ərəfəsində biz, ona bir neçə suallarla müraciət etdik. İlk öncə Ağalar İdrisoğlunun yazıçı və rejissor kimi maraq, istək dairəsi ilə tanış olmaq istədik. Çünki bizimçün çox maraqlı idi ki, o, hansı yazıçıları, rejissorları daha çox qiymətləndirir. Daha çox kimlərin əsərlərini oxuyur. İlk sualımız belə oldu:
- Sizin ən çox sevdiyiniz yazıçılar, dramaturqlar kimlərdir?
- Əlbəttə, hər yaş dövrünün ədəbiyyata öz baxış forması var. Ola bilər ki, cavanlıqda elə yazıçılar vardı ki, onları sevə-sevə oxuyurdum, amma indi oxumuram. Yəni bu günkü yaş dövrümçün maraqsızdır. Amma lap gənclik illərimdən antik dramaturgiyanı çox sevirəm. Hətta bunula bağlı axır vaxtlar yazmağa başladığım “Teatr pedaqogikası” kitabımda həmin dramaturqlar haqqında ətraflı, gənc nəsil üçün çox maraqlı olan məlumatlar da yazmışam. Eləcə də lap gənclik illərimdən tez-tez mütaliə elədiyim Əfsələddin Xəqaninin, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Miskin Abdalın, Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin, Məhəmməd Hadinin, Vilyam Şeskpirin, Jan Batist Molyerin, Fyodor Dostayevskinin, Anton Pavloviç Çexovun, Lev Tolstoyun, Ernest Hemenqueyin, Alber Kamyunun, Luidci Pirandellonun, Edvard Olbiyenin, Cek Londonun, Aleksey Ostrovskinin, Sartrın, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Mixail Zoşenkonun, Mixail Bulqakovun, Eduardo de Flipponun, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Nazim Hikmətin, Məhəmmədhüseyn Şəhriyarın, Frans Kafkanın, Vasili Şukşinin, Çingiz Aytmatovun, Səməd Vurğunun, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin, Nəbi Xəzrinin, Məmməd Arazın, Əziz Nesinin, Qabriel Qarsio Markesin, Oskar Uayldın, Nikolay Miraşniçenkonun, Anarın, Yusif Səmədoğlunun, Rüstəm İbrahimbəyovun, Elçinin, Vaqif Səmədoğlunun, Çingiz Hüseynovun, Fikrət Qocanın, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun, Çingiz Abdullayevin, Mövlud Süleymanlının, Vaqif Əlixanlının, Camal Yusifzadənin, Elçin Huseynbəylinin və başqa onlarca məşhurların yaradıcılığından da çox şeyləri öyrənirəm. Yeri düşdükcə onların yaradıcılığına müraciət eləyirəm.
- Sevdiyiniz rejissorlar kimlərdir?
– Onlar uzun illərdir ki, dəyişməz qalıblar. Və mən rejissor kimi onların yaradıcılığı ilə də maraqlanıram. Onların rejissura haqqında yazdıqlarını, quruluş verdiyi tamaşaların təhlillərini oxuyuram. Rejissor dəftərləri ilə tanış oluram. Onlardan çox şey öyrənirəm. Bunlar- Kostantin Sergeyeviç Stanislavski, Vladimr Nemeroviç-Dançenko, Aleksey Papov, Vsevolod Emiloviç Meyerxold, Bertold Brext, Qeorqi Tovstanoqov, Mariya Osipovna Knebel, Oleq Yefremov, Yuri Lyubimov, Mark Zaxarov, Sergey Gerasimov, Sergey Bondarçuk, Vasili Şukşin, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məhərrəm Həşimov, Zəfər Nemətov, Piter Bruk, Miltines, Robert Sturua, Ağakişi Kazımov, Cənnət Səlimova, Vaqif Abbasov, Vaqif Şərifov, Mərahim Fərzəlibəyov, Azər Paşa Nemət, Hüseynağa Atakişiyev, Zülfüqar Abbasov, Oruc Qurbanov, Aleksandr Barmak, Aleksandr Spesivtsev, Bəhram Osmanov və başqaları. Onlardan elələri var ki, mənim müəllimim olublar. Elələri var ki, tez-tez təmasda oluram. Elələri də var ki, Moskvada təhsil aldığım illərdə quruluş verdiyi tamaşaların məşqlərində iştirak etmişəm. Həmin məşqlərdən özümçün qeydlər götürmüşəm. Onlarla maraqlı fikir mübadilələri aparmışıq.
- Ən çox sevdiyiniz aktyorlar kimlərdir?
- Mən ilk öncə aktyor təhsili almışam. Amma rejissorluğa marağım çox olduğuna görə daha çox bu sənətlə məşğul olmuşam. Lakin istedadlı, zəhməteş, savadlı, öz üzərində çalışan, işinə yaradıcı yanaşan, mütaliə eləməyi xoşlayan aktyorları həmişə sevmişəm. Tamaşalara quruluş verəndə də çalışmışam ki, onlarla daha çox işləyim. Çünki belə aktyorlarla işləmək hər bir rejissorun arzusudur. Belə aktyorlarla qoyulan tamaşa da rejissora böyük uğur gətirir. Dünya və Azərbaycan teatr, kino sənətində ən çox sevdiyim aktyorlar və aktrisalar isə bunlardır. Çarli Çaplin, Jan Qaben, Vyaçeslav Tixanov, Jan Mare, Rac Kapur, İnnakenti Smaktınovski, Mixail Ulyanov, Ələkbər Ələsgərov, Hökumə Qurbanova, Möhsün Sənani, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağadadaş Qurbanov, Ağasadıq Gəraybəyli, Əli Zeynalov, Rza Əfqanlı, Əliağa Ağayev, Lütvəli Abdullayev, Bəşir Səfəroğlu, Məlik Dadaşov, Ələddin Abbasov, Anna Maniani, Serqo Sakariadze, Nəsibə Zeynalova, Firəngiz Şərifova, Barat Şəkinskaya, Nəcibə Məlikova, Sofiko Çaureli, Simuzər Namazova, Şəfiqə Məmmədova, Afaq Bəşirqızı, Fatma Mahmudova, Səmayə Sadıqova, Həsənağa Salayev, Həsənağa Turabov, Həsən Məmmədov, Həsən Əbluc, Hamlet Xanızadə, Yaşar Nuriyev, Aleksandr Abdulov, Nikolay Karaçinçev, Siyavuş Aslan, Hacıbaba Bağırov, Rasim Balayev, Fuad Poladov, Hacı İsmayılov, Rafiq Əliyev, Tofiq Qarayev, Hacı Xəlilov, Kamil Məhərrəmov, Valeh Kərimov, Məzahir Süleymanov, Tariel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Almaz Mustafayeva, Qəmər Məmmədova, Naibə Allahverdiyeva, Nubar Novruzova, Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Xalidə Şərifova, Məhərrəm Musayev, Kazım Abdullayev, Şahmar Qəribli, Sabir Qurbanov, Telman Adıgözəlov, Mirzə Ağabəyli, Novruz Cəfərov, Ramiz Novruzov, Nurəddin Mehdixanlı, Ayşad Məmmədov, Qurban İsmayılov, Sərvər Əliyev, Rəzzaq Məmmədov, Elşən Çarhanlı, Nazir Rüstəmov və onlarca başqaları.
- Sevdiyiniz bəstəkarlar və müğənnilər varmı?
- Əlbəttə. Mən musiqinin vurğunuyum. Saatlarla yaxşı musiqilərə qulaq asmaqdan yorulmuram. Həm də bu musiqilər bədii əsərlər yazmağıma çox köməklik edir. Bəstəkarlardan- Corc Bizenin, Dmitri Şastakoviçin, Baxın, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Arif Məlikovun, Emin Sabitoğlunun, Cavanşir Quliyevin, Sərdar Fərəcovun ruhu mənə daha çox yaxındır. Sevdiyim müğənnilər isə Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Karruzo, Müslüm Maqomayev, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Sabir Mirzəyev, Zeynəb Xanlarova, Flora Kərimova, Könül Kərimova, Akif İslamzadə, Alim Qasımov və başqalarıdır. Ən çox sevdiyim musiqi alətləri isə tar, saz, gitara, fleyta və pianinodur.
- Sizin yaxın dostlarınız kimlərdir?
- Bu sual çox xoşuma gəldi. Birisi Allaha yalvarır ki, ona pislik edənlərin Böyük Yaradan cəzasını versin. Bir müddət keçəndən sonra həmin adam görür ki, bir vaxt ona dost deyən adamların çoxu bir-bir dünyalarını dəyişir... Daha ətrafında “dostlar” qalmır. Dost sarıdan çox vaxt mənim də bəxtim gətirməyib. Çox vaxt yaxşılıq elədiyim adamlar sonra mənə pislik ediblər. Ən yaxın dostlarım isə həqiqəti üzümə deyən və çətin məqamda məni tək qoyub qaçmayanlardı. Ən çox istədiyim insanlar isə ailə üzvülərim, nəvələrim və məni başa düşən, arxa-dayaq olan insanlardı.
- Həyatda elə bir insan yoxdur ki, onun ən böyük arzuları olmasın. Həyatını böyük keşməkeşlər içərisində keçirən altmış doqquz yaşlı Ağalar İdrisoğlunun ən böyük arzuları hansılardır?
- Məni yaxından tanıyanlar bilir ki, elə, torpağa, vətənə çox bağlıyam. Ən böyük arzum Qarabağın azad olunmasıdı. Bu torpağı da biz yalnız özümüz azad etməliyik. Mən qətiyyətlə deyirəm ki, heç bir xarici ölkə bu işi bizim əvəzimizə görməyəcək. Bu problemi də gələcək nəsillərə saxlamağa bizim haqqımız yoxdur. Bunun üçün isə xalqın birliyi lazımdı. Əfsus ki, həmin birlik bu gün bizdə yoxdur. Bu birliyi isə ilk öncə iqtidar yaratmalıdı. Milləti tayfalara, regionlara bölmək olmaz. İqtidar ağıllı fikirlər deyən, millət üçün təmənnasız işlər görənlərə düşmən kimi baxmamalıdı. Əgər belə olsa, belə davam eləsə, biz, heç vaxt nə milli birlik yarada bilərik, nə də torpaqlarımızı geri qaytara bilərik. İkinci arzum Azərbaycanın bütövlüyüdür. Bu müqəddəs işi də yalnız milli birliyimizi yaradandan sonra həll edə bilərik. Amma tarixlər boyu bizim millətin milli birliyi olmadığına görə başımıza müsibətlər gəlib və torpaqlarımızı da yadellilərə vermişik. Milli birliyi yaratmaq üçün də iqtidarla müxalifət bir araya gəlməlidi. Bu işdə də ilk addımı hökmən iqtidarda olanlar atmalıdı. Əgər belə olmayacaqsa onda bir-birini təhqir etmə çox dəhşətli bir vəziyyət alacaq və bu vəziyyət vətəndaş müharibəsinə qədər gedib çıxa bilər. Allah bizi bundan qorusun...
Bir də mənim yazacağım çoxlu yeni bədii əsərlərim var. Onları da tezliklə reallaşdırmaq istəyirəm. Quruluş verəcəyim tamaşaların da reallaşmasını çox istəyirəm. Ən böyük arzularımdan biri də dövlət rəhbərliyinin mənim ev problemimi həll etməsidi. Çünki mən 10 nəfər ailə üzvlərimlə hələ də 2 otaqlı mənzildə yaşayıram. Dəfələrlə bu haqda dövlət başçısına, Mədəniyyət Nazirliyinə müraciət etməyimə baxmayaraq, onlar bu məsələni hələ də həll etmirlər. Bu da bir yaradıcı insan kimi məni çox sıxır. Fikirləşirəm ki, axı mənim millətçün, xalqçün, mədəniyyətimiz, ədəbiyyatımız üçün gördüyüm işlərin heç 30-40 faizini görməyənlərə Ölkə rəhbərliyi, Mədəniyyət Nazirliyi hər cürə şərait yaradırlar, Prezident mükafatı, Prezident təqaüdü, ev verirlər, amma mənim ev probilemimi 15 ildir ki, həll eləmirlər. Həmin ədəbiyyat, incəsənət işçilərinə, jurnalistlərə şərait yaradılmasının mən əlehinə deyiləm. Allah işlərini avand eləsin. Amma fikirləşirəm ki, mən bundan sonra daha nə eləməliyəm, nə işlər görməliyəm ki, onlar mənim ev problemimi həll eləsinlər?.. Doğrudanmı buna görə hökmən məddah olmaq lazımdı?..
-Həyatda ən çox nəyə heyfislənirsiniz?
-Sumqayıt Dövlət Musiqili-Dövlət Dram Teatrından ərizə verib çıxmağıma daha çox heyfislənirəm. Təvazökaqrlıqdan uzaq olsa da deməliyəm ki, mənim işdən çıxmağımla həmin teatr çox şey itirdi. Təsəvvür edin ki, mən həmin teatra rəhbərlik etdiyim 1989-1997-ci illərdəki çətin vaxtlarda bütün aktyorların, aktrisaların ad günlərini, yubileylərini keçirirdik. Həmin vaxtı respublikadakı bütün teatrlar “acından köpük qusduğu” bir vaxtda o teatrın kollektivi mənim təşkilatçılığım sayəsində iki əmək haqqı alırdı. MDB məkanındakı ölkələrə qastrol səfərlərinə gedirdilər. Bir-birindən maraqlı tamaşalar hazırlanırdı. Mən işdən çıxandan sonra həmin teatrın qara günləri başladı. Çünki məndən sonra o teatra rəhbərlik edənlər kollektivi yox, özlərini fikirləşdilər... Ona görə də heyfislənirəm ki, gərək kollektivin xatirinə Mədəniyyət Nazirliyilə dil tapaydım... Onların hər ay tələb etdiyi rüşvəti, kollektivin xatirinə haradansa tapıb onlara verməliydim.
Bir də ona heyfislənirəm ki, mən 1991-ci ildə çox böyük çətinliklə, uzun get-gəldən sonra Nazirlər Kabinetindən, şəxsən baş nazir cənab Həsən Həsənovun böyük koməkliyilə Sumqayıt teatrına əlavə 90 ştat alıb, həmin teatrı Musiqili-Dram Teatrı etmişdim. Məndən sonrakı rəhbərlər teatrı Musiqili-Dram Teatrı kimi işlədə bilmədilər və həmin ştatların pulunu başqa işlərə xərclədiyinə görə Maliyyə Nazirliyi də bunu bilib, həmin ştatları teatrdan aldı. Ən maraqlısı da budur ki, bu işin günahkarları olan baş rejissora sonra Xalq artisti adı verdilər. Teatrın direktorunu isə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi təyin etdilər.
- Bəs necə oldu ki, siz teatrdan çıxıb, Dağıstana işləməyə getdiniz?
-1994-97-ci illərində Sumqayıt Dövlət Musiqili-Darm Teatrına rəhbərlik etdiyim vaxtlarda mənimlə Azərbaycan Mədəniyyət Nazirliyi arasında konfliktlər çox güclənmişdi. Çünki onlar bütün teatrlara və başqa mədəniyyət müəssisələrinə haqq qoymuşdular. Mən də bununla razı deyildim. Ona görə də demək olar ki, hər iki-üç aydan bir Nazirliyin yoxlama komissiyası teara gəlib, yoxlama aparır, teatrı iflic bir vəziyyətə salmışdılar. Onların yalnız bir məqsədi vardı. Mən teatrın qazancını onlara verməliydim. Çünki həmin vaxtı Azərbaycanda ən yaxşı işləyən məhz Sumqayıt teatrı idi və ən çox əmək haqqı alan da yenə bu teatrın işçiləri idi. Yuxarıda dediyim kimi bizim işçilər bir əmək haqqını büdcədən və bir əmək haqqını da Sumqayıt şəhər rəhbərliyinin teatrın şəhərdə keçirdiyi tədbirlərə görə bizim hesabımıza keçirdiyi pulun müqabilində mən, teatrın rəhbəri kimi onlara ikinci əmək haqqı adı ilə verirdim. Məhz buna görə də teatrın bütün kollektivi səhərdən axşama kimi iş yerində olurdular. Biz də bunun hesabına artıq 1989-cu ildən hər il 8-10 tamaşa hazırlayıb, tamaşaçılara göstərirdik. Tamaşalardan gələn gəlirdən isə quruluş xərcələri və işçilərə əlavə mükafat verilirdi. Aktyorların yubileyləri, yaradıcılıq gecələri keçirilirdi. Bütün bunları bilən və görən Mədəniyyət Nazirliyinin rəhbərliyi istəyirdi ki, həmin pulları mən onlara verim. Çünki onlar bu əqidənin sahibi idilər: “Nə yoğurdum nə yapdım, hazırca kökə tapdəm”. Əlbəttə, mən də heç vaxt bunu etmək istəmirdim. Buna görə də artıq bizim mübahisələrimiz 1994-cü ildən açıq mübarizəyə keçdi. Dörd il onlarla vuruşduqdan və bu haqda mən dəfələrlə mətbuatda, televiziyada çıxış etdikdən sonra, Mədəniyyət Nazirliyi çox çirkin bir oyuna əl atdı. Teatrın 180 nəfərlik kollektivindən 5 nəfəri aldadıb, onlara çoxlu vədlər verib, mənim haqqımda böhtanlarla dolu şikayət məktubu yazdırdı. Özü də bu məktubu o adamlara yazırdılar ki, hansılar ki, mən teatrda onlara daha çox yaxşlıq etmişdim. Onlardan birindən valideyinləri imtina etdiyi vaxtda onun toyunu öz şəxsi pulum və dostlarımın pulu ilə etmişdim. Özünə bəylik kostyumu almışdım. Birinin təzə aldığı evinin mebelini və yerə vurulan linoliumu alıb vermişdim. Birini tearda rejissuraya yarasız bilib, mən teatra rəhbərlik etməyə gələnə qədər işdən çıxarmaq istəyirdilər, amma mən onun gələcəkdə maraqlı rejissor olacağını görüb, ona inanıb qanadımın altına aldım. Hətta həyat yoldaşını da yenidən teatra qaytarıb, ona maraqlı rollar verdim. Dağıstana 1997-ci ildə ilk qastrolumuz vaxt onları ər və arvad qastrola aparıb, hər cürə şərait yaratdım. Özlərinə lazım olan şeyləri aldılar. Biri də rejissor kimi zəif olsa da ali məktəbi bitirəndən sonra heç bir təmənnasız teatra rejissor ştatına götürmüşdüm. Hətta Sumqayıtda ev tikmək üçün torpaq sahəsi almasına da köməklik etmişdim və lazım olan adamlara xahiş də etmişdim. Başqa birisi isə Mingəçevir teatrından çıxıb, Sumqayıta köçdüyünə görə, işə götürmüşdüm. Hətta teatrda kukla tamaşası hazırlamağa və Sumqayıta qeydiyyata düşməsinə də lazım olan bütün köməklikləri etmişdim. Sözün həqiq mənasında bunların hamısına “dayılıq”, “dədəlik” etmişdim. Bax bu adamların şirnikərək məndən Mədəniyyət Nazirliyinə şikayət məktubu yazması mənə çox pis təsir etdi və ərizə yazıb teatrın bədii rəhbəri və direktoru vəzifələrindən işdən çıxıb, 1997-ci ilin sentyabrında Dağıstana getdim və orada bir qrup ziyalının köməkliyilə Azərbaycan- Dağıstan Beynəlmiləl Estrada Teatr Truppasını yaratdım. Bu teatr truppasında mənimlə birlikdə Sumqayıt teatrından işdən çıxan aparıcı aktyorlar- Xalq artisti Məzahir Süleymanov, Əməkdar artistlər Rauf Ağakişiyev, Almaz Amanova, istedadlı aktyorlar Sabir Qurbanov, Rübabə Məcidova, Vidadi Yusifov, yaxşı qarmonçalan Zöhrab Xasayev, musiqi rəhbəri Zakir Məhərrəmov, bir qrup musiqiçilər, müğənnilər də vardı. Dağıstandan isə bizim teatr truppasına ayrı-ayrı millətlərdən olan bir qrup istedadlı insanlar da qoşuldu. Bunlar azərbaycanlılar- Dağıstanın Əməkdar artistləri Məhərrəm Ömərli, Mahir Məlikov, Sevda Bəybalayeva. Dağıstanın Mədəniyyət işçisi Yaqut Xandadaşova, aktrisa-müğənnilər Rəhilə Ömərli, Diləfruz Şıxməmmədova, Ləzgi Dövlər Musiqili-Darm Teatrında işləyən Əməkdar artistlər Fəridə, Zərifə Qorxmazova bacıları, çox istedadlı ləzgi bacıları Aza Həsənli və Minarə Şahnəbi, Tabasaran mügənniləri- Dağıstan Respublikasının Əməkdar artistləri Məryəm Qazıyeva, Abdulla Mirzəkərimov, darginlər, avarlar, kumuklar, tabasaranlılar, laklar, naqaylar, rutullar, saxurlar və başqa millətlərdən olan insanlar da vardı. Təxminən 25-30 nəfərlik bir kolektiv idik. Biz, Dağıstanın bütün bölgələrində ayrı-ayrı tamaşalardan parçalar oynayır, mahnılar oxuyur, maraqlı rəqs nömrələri göstərirdik. Monoloqlar söyləyirdik. Tamaşalara gələn insanlar həddindən artıq çox olduğuna görə biz, tamaşalarımızı əksər vaxtlar meydançalarda və stadionlarda göstərirdik. Bütün bu tamaşa-konsertlərin də koferansiyesi mən özüm olurdum. Hər bir tədbirimizdən əvvəl ayaqlarımızın altında qoyun kəsirdilər. Tamaşalardan sonra böyük banketlər olurdu. Yenə də musiqilər çalınır, mahnılar oxunurdu. Günlərimiz çox maraqlı, şən keçirdi...
Tale elə gətirdi ki, 1998-ci ildə mənim ideyamla, Dağıstanın Cənub bölgəsinin ağsaqqalı, Dağıstan Milli Şurasının üzvü Səid Camal oğlu Qurbanovun böyük köməkliyilə reallaşan və Dağstanda məşhur rejissor, Dağıstan respublikasının Əməkdar artisti Nəsir Həşimoğlunun yaratdığı Xalq teatrının bazasında 1948-ci ildə bağlanan Dağıstan Azərbaycan Dövlər Dram Teatrı yenidən bərpa olundan sonra bu teatrıa mən rəhbərlik etməyə hazırlaşdığım bir vaxtda həmin vəzifəyə Azərbaycan Mədəniyyət Nazirinin gözlənilməz hiyləsilə baş rejissor vəzifəsinə Xalq artisti Tariel Qasımovu, direktor vəzifəsinə isə incəsənətə uzaq olan Şahlar Xalıqovu rəhbər təyin etdilər. Onlar il yarım bir-biri arasında böyük konfliktlər aparandan sonra Tariel Qasımov yenidən Azərbaycana, əvvəlki iş yeri olan Dövlət Gənc Tamaşaçılat Teatrına qayıtdı. Elə həmin vaxtlardan da Dağıstan Azərbaycan Dövlət Dram Teatrının çətin günləri başladı… Binası olmayan teatr, məhz yalnız yaradıcı heyyətin qoçaqlığı, böyük zəhməti, əziyyəti sayəsində çox çətinliklə də olsa maraqlı tamaşalar hazırladı. Çünki burada işləyən rejissorlar və aktyor truppası sözün həqiqi mənasında fədakar insanlar oldular. Onlar bu gün də fədakardılar. Binasızlıq şəraitində bir-birindən maraqlı tamaşalar hazırlayıb, Dağıstan tamaşaçılarına göstərirlər. Onların Azərbaycandakı qastrolları da maraqlı olur. Təxminən dörd il bundan qabaq Dövlət Gənc Tamaşaçılar Teatrında göstərdikləri iki tamaşaya mən də baxmışam. Aktyor oyunu, rejissor işi xoşuma gəlmişdi.
Mənə ən böyük təskinlik verən o oldu ki, 2009-cu ildən yeni Mədəniyyət naziri Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət Nazirliyinin də bu teatra münasibəti çox yaxşılaşdı. Onlar hər dəfə Azərbaycana qastrola gələndə onların mehmanxana xərclərini Azərbaycan Mədəniyyət Nazirliyi ödəməyə başladı. Hətta Azərbaycan dövlətinin maliyyəsilə Dərbənddə teatr üçün bina tikilməsi də planlaşdırılıb. İndi Dağıstan rəhbərliyi tərəfində binanın harada tikilməsi və layihəsinin təsdiqi məsələsi də həll olunmaq üzrədir. İnanıram ki, bu xeyirxah iş də tezliklə reallaşacaq. Dağıstan Azərbaycan Dövlət Dram Teatrının da tezliklə öz binası olacaq. Kollektiv 20 illik binasızlıq məhrumiyyətindən yəqin ki, tezliklə qurtulacaq...
2000-ci ilə qədər mən, yaratdığım Azərbaycan -Dağıstan Beynəlmiləl Estrada Teatr Truppasına rəhbərlik etdim. Bu kollektivlə demək olar ki, Dağıstanı bütövlükdə gəzdik. Orada özümüzə çoxlu dostlar tapdıq. Bütün bu illərdə Dağıstanda günlərim yaxşı keçsə də, Azərbaycançün çox darıxırdım. Çünki mən Azərbaycana çox bağlıyam. Ona görə də 2001-ci ildə yenidən Azərbaycana qayıdıb, Dövlət Gənclər Teatrında quruluşçu rejissor kimi öz işimi davam etdirdim. Elə həmin ilim may ayında mənə illərlə olan haqsız təzyiqlər, 1994-cü ildən hər an haqqımın tapdalanması axır ki, səhhətimdə özünü göstərdi. Mən may ayının 8-də infakt keçirdim. Ondan sonra da artıq Dağıstanla da əlaqələrim kəsildi. Dörd il yaşamaq uğrunda mübarizə apardım. Elədiyim bütün yaxşlıqlara görə Ulu Tanrı imkan verdi ki, mən yaşayım. Hətta 2014-cü ilin may ayında məni şərləyib, sifarişlə həbs eləyərək 58 gün Kürdəxanı həbsxanasında saxlasalar da sındıra bilmədilər. İndi səhhətim çox yaxşıdı. Çalışıram ki, həmişə gümrah olum. Çünki qarşıda görüləsi hələ çox işlərim var. Mən, düşmənlərimə hələ çox şeyi sübut eləməliyəm...
- Siz 50 illik yaradıcılığınızda çalışıbsız və xoşlayıbsız ki, ilk qaranquş olasız. Keçilən yollarla getməyəsiz və özünüzçün çığır açasız. Bu haqda nə deyə bilərsiz?
- Bəli. Mən çox sevinirəm ki, Azərbaycanda ilk Teatr-studiyanın yaradıcısıyam. İlk yazıçı-peşəkar teatr rejissoruyam. Azərbaycanda ilk dəfə mənim “İnan mənə” pyesim Ümumittifaq Gənc dramaturqlar müsabiqəsində 48 dramaturqun pyesi arasında qalib olub. Doğulduğum Masallı rayonunun və yaşadığım Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu və Moskvada, Dövlət Teatr Sənəti İnstitutunda təhsil alan ilk peşəkar teatr rejissoru, ilk teatr rəhbəri və ilk Əməkdar incəsənət xadimiyəm. Gənc dramaturq kimi ilk dəfə Azərbaycanı Riqada, Minskdə, Ukraynada, Maldovada yaradıcılıq seminarlarında məhz mən təmsil etmişəm. Ağdam və Sumqayıt Dövlət Teatrlarının tarixində ilk dəfə məhz bədii rəhbər-direktor mən işləmişəm. Sumqayıt Dövlət Dram Teatrı məhz mənim ideyam, təşəbbüsüm və təşkilatçılığımla Musiqili-Dram Teatrı olub. Teatra əlavə 90 şatat verilib. Azərbaycanda uzun müddət bədii rəhbər-direktor işləyən teatr mütəxəssislərindən biri də məhz mən olmuşam. Ayrı-ayrı teatrlarda iyirmi 26 il bədii rəhbər-direktor işləmişəm. Şabran rayon Mədəniyyət və Turizm İdarəsi nəzdində “Şabaran” Teatr-Studiyası məhz mənim ideyam və təşəbbüsümlə 2009-cu ilin mart ayının 31-də yaradılıb. İlk tamaşa olan “Vətən ağrıları, Vətən dərdləri” tamaşasına da quruluşu mən vermişəm. Həmin kollektiv 2018-ci ildə Xalq teatrı fəxri adını alıb. Azərbaycan teatrları içərisində məhz ilk dəfə mənim rəhbərlik etdiyim teatr ( H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı) Qazağstanın Cambul, Çimkənd vilayətlərində, Gürcüstanın Qabal, Telavi rayonlarında, Vladiqafqazda və bütövlükdə Dağıstan Respublikasında qastrol səfərlərində olub.
Bütün bunlarla birlikdə çox sevinirəm ki, Azərbaycan professional teatr səhnəsinə dünyanın tanınmış dramaturqlarından Nobel mükafatları laureatları Alber Kamyunun, Slavomir Mrjekin, dramaturqlar Georgi Caqarovun, Aleksandr Vasilyeviç Suxovo-Kobılinin, Vasili Şukşinin, Eduard Babrovun, Aleksandr İvaşenkonun, Kirill Obalenskinin, Leonid Juxovitskinin və bir neçə müasir Azərbaycan dramaturqlarının pyeslərinin ilk gəlişi məhz mənim, Ağalar İdrisoğlunun adlı ilə bağlıdır. Bütün bu işləri də heç bir təmənnaya görə yox, xalqıma sədəqətlə xidmət etməkçün eləmişəm. Əgər bütün bu sahələrdə xalqıma kiçik bir zərrə qədər xeyir gətirmişəmsə, ona görə özümü xoşbəxt hesab eləyirəm. Çünki, ədəbiyyat, incəsənət sahələrində çalışanlar ilk öncə xalqına xidmət etməli və onların problemlərini ön plana çəkməlidirlər. Çünki Vətənini, torpağını, millətini sevən hər bir ziyalı xalqına xidmət etməlidi.
- Son cümlənizlə, ziyalı ilə bağlı dediyiniz fikilə beynimdə bir sual yarandı. Ziyalı kimə demək olar?
- Ziyalılıq savadla, yaşla ölçülmür. Ziyalı millətin düşünən beyni, görən gözü və heç kimdən qorxmadan onun problemini danışan dili olmalıdı. Ziyalı məddahlıqdan uzaq olmalıdı. Ziyalı həmişə xalqın yanında olmalı və onun sözünü deməli, onu müdafiə etməlidi. Ziyalı ağıllı məsləhətlər verməli, millətin milli birliyinə çalışmalıdı. Ziyalı müdrik və əsl ağsaqqal olmalıdı. Ziyalı öz mənafeyini yox, xalqın mənafeyini müdafiə eləməlidi. Belə ziyalı, hətta heç bir savadı olmayan Hacı Zeynəlabdin Tağıyev olub. Əfsus ki, indi belələri bizim məmləkətdə demək olar ki, çox azdı...
- Bilirəm ki, Siz nikbin, ötkəm və mübariz insansız. Bax belə xarakterli Ağalar İdrisoğlu həyatda olan möcüzələrə, qəribəliklərə inanırmı?
- Çox maraqlı sualdır. Səmimi deyim ki, inanıram. Baxmayaraq ki, əsrimiz elm, texnika, internet əsridir. Biz hər gün televiziyada, inernetdə dünyada baş verən qəribələkləri, möcüzələri görürük. Qəzetlərdə, saytlarda oxuyuruq. Radiodan eşidirik. Yəni hər gün çoxlu informasiya alırıq…
Təsəvvür eləyin ki, 10 yaşından 14 yaşına kimi Masallı camaatının inək və camışını otaran, 15-17 yaşlarında Masallı Kərpic-Kirəmit zavodunda fəhlə işləyən, amma bu məşəqqətlərə, çətinliklərə baxmayraq, təhsilə böyük marağı olan oğlan, illər keçəndən sonra yazıçı, dramaturq, rejissor, aktyor, jurnalist, publisist kimi tanınan, SSRİ dramaturqları laureatı, Osman Mirzəyev adına respublika mükafatı laureatı, “Qızıl Dərviş” mükafatı laureatı, Prezident mükafatçısı, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu olur. Və təvazökarlıqdan uzaq olsa da bax, həmin oğlan 220 min əhalisi olan Masallı rayonunun və bu rayona qonşu olan rayonların, yaşadığı 500 mindən çox əhalisi olan Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru, ilk peşəkar teatr rəhbəri, bədii rəhbər və direktoru olur. Uzun illər Azərbaycan teatrlarına rəhbərlik eləyir. Cənub bölgəsinin Moskvada tear rejissorluğu sahəsində ilk ali təhsil alan rejissorlardan və ilk Əməkdar İncəsənət Xadimlərindən biri olur. İlk azərbacanlı olaraq, SSRİ dramaturqları laureatı kimi mötəbər bir pilləyə yüksəlir. Eləcə də 500 mindən çox əhalisi olan yaşadığı Sumqayıt şəhərində yuxarıda sadaladığım həmin bütün bu birinciliklər məhz onun adı ilə bağlıdır. Təsəvvür eləyin ki, heç bir arxası, dayağı, imkanlı qohumları olmayan, kasıb bir ailədə böyüyən bir oğlanın bu sahələrdə birinci olması, belə uğurlar əldə eləməsi məgər həyatın qəribəlikləri, möcüzəsi demək deyilmi?
- Əlli ildən çox zaman kəsiyi müddətində ədəbiyyata, incəsənətə xidmət edirsiz. Uzun illər də teatrlara rəhbərlik eləmisiz. Bu illərdə nə qəzanıbsız?
- Əgər səmimi desəm, demək olar ki, heç nə. Sadəcə, bir qədər ad-san, bir qədər şöhrət. Amma övladlarımçün həyatda demək olar ki, heç nə eləyə bilməmişəm. Doğrudur, çoxları buna inanmır. Deyirlər ki, ola bilməz uzun illər teatrlara rəhbərlik eləyəsən və özünə lazım olan şərait yaratmayasan. Əlbəttə, mən onlara heç bir cavab vermirəm. Sadəcə acı-acı gülümsəyirəm. Axı onları saatlarla başa salıb, onları inandıra bilmərəm mən elə teatr rəhbərlərindən olmuşam ki, rüşvət almamışam. Heç vaxt özümü, öz qazancımı düşünməmişəm. Mən qazandığımı yalnız teatrın işçilərinin şəraitinin yaxşılışmısına xərcləmişəm. Onlara lazım olan şərait yaratmışam ki, öz işlərinə həvəslə yanaşıb, məşq elədikləri rolları peşəkar səviyyədə oynasınlar. Hətta özümün evə ehtiyacım olduğu bir vaxtda teatra ayrılan mənzillərdən heç birini özüm götürməyib, teatr işçilərinə vermişəm. Amma indi özüm on nəfər ailə üzvlərimlə iki otaqlı mənzildə yaşayıram. Bu haqda Mədəniyyət Nazirliyinə, Prezident Administrasiyasına dəfələrlə yazılı müraciət eləsəm də hələ ki, mənə mənzil vermək istəmirlər. Min cürə bəhanələr gətirirlər… Yəqin bu, sizə bir qədər qəribə gəlir. Çünki mən məddah deyiləm. Çoxlu eyibləri olan, rüşvət alan heç bir yüksək rütbəli məmuru tərifləmirəm. Əfsus ki, bu məmləkətdə də çox vaxt məddahların işi daha yaxşı gedir. Nə qədər acı olsa da bu bir həqiqətdi və Azərbaycan reallığıdı…
Biz- keçən əsrin 80-90-cı illərində rəhbər vəzifələrdə işləyənlərin çoxunun heç ağlına da gəlmirdi ki, kimdənsə rüşvət alaq və ya işçiləri düşünməyib, yalnız özümüzə şərait yaradaq. O dövrün rəhbər işçilərinin çoxu mənim kimi düşünürdü. İndi o dövrün rəhbər işçilərinin əksəriyyəti mənim kimi kasıb, imkansız adamlardı… Amma sizə bir fakt deyim. Mən Moskvada oxuyanda, Almaniyanın Düsseldorf Teatrının kollektivi Moskvaya qastrola gəlmişdi. Maraqlı tamaşalar göstərdilər. Tamaşalardan sonra A.V.Lunaçarski adına Dovlət Teatr Sənəti İnstitutunun müəllim və tələbə heyətilə həmin kollektivin görüşü oldu. Mark Tit Plavtın “Amfitrion” tamaşası bizim çox xoşumuza gəlmişdi. Teatrın direktorundan bu tamaşanın quruluşçu rejissorunu soruşduq. Dedi ki, o, quruluş verdiyi bu tamaşadan aldığı qonorarla xarici ölkələrə gəzməyə gedib. Çünki bu tamaşadan o, böyük məbləğdə vəsait qazanıb. Teatrın direktoru elə bir qiymət dedi ki, həmin vaxtlar keçmiş SSRİ-də məşhur olan rejissorlar və bizim institutda dərs deyən müəllimlər, özlərinin də teatrı olan Aleksandr Qonçarov, Mark Zaxarov, Anatoli Efros, Oleq Tabakov, İakim Şaroyev və başqaları ucadan dedilər: “Ola bilməz. Bir tamaşaya görə bu qədər qonarar ağlasığmazdır”. Teatrın direktoru dedi ki, “acı olsa da, bu həqiqətdi…” Təsəvvür eləyin ki, biz Sovet dövründə yaşayan rejissorlar quruluş verdiyimiz tamaşaların çoxuna görə heç qonarar da almamışıq. Mən də bu vaxta qədər 120-dən çox tamaşa hazırlamışam. Təsəvvür eləyin ki, bizi istismar eləyib, beynimizin, təxəyyülümüzün məhsulunu oğurlayıb, qəpik-quruşa satın alıb, qul kimi işlədiblər. Ən acınacalı hal budur ki, bu oyunlar bizim məmləkətdə bu gün də davam eləyir…
Yazdığımız pyeslərə və öz işlədiyimiz teatrda yox, başqa teatrda quruluş verdiyimiz tamaşaya görə də bizə çox cüzi qonarar verirlər. Əgər mən bir kapitalist ölkəsində yaşasaydım və 120-dən çox tamaşa hazırlasaydım, 15 pyes, 20 ssenari, 6 roman, 6 povest, 100-dən çox hekayə, 1000-dən çox publisist yazım çap olunsaydı görün özümə necə yaxşı şərait yarada bilərdim… Amma bu məmləkətdə mənim yuxarıda yazdığım işlərə hələ də lazım olan qiymət verilməyib. Böyük ailə üzvlərimlə iki otaqlı mənzildə yaşayıram. Prezident mükafatı, Prezident təqaüdü almıram. Quruluşçu rejissor işlədiyim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə “yaş sünzinə” görə əmək haqqımın da 50 faizi mənə verilir. Yəni cəmi 148 manat. İndi həmin yüksək rütbəli məmurlara və əmək haqqı davası eləyən Millət vəkillərinə sual verirəm. Özümdən əlavə belə böyük ailəmi mən həmin pulla necə dolandırım?.. Siz, bu pulla bir ay yaşaya bilərsinizmi?
Ümumiyyətlə Azərbaycanda teatr işçilərinin və bütün büdcə təşkilatları işçilərinin əmək haqqı o qədər azdır ki, dilim də gəlmir həmin məbləği deyim. İncəsənət və bütövlükdə büdcə təşkilatları sahəsində çalışan insanların əmək haqqına belə tarif qoyan məmurlar, yəqin ki, bu tarifi yalnız onları alçaltmaq və təhqir etməkçün qoyublar. Azərbaycan müstəqillik əldə eləyəndən sonra bütün sahələrdə əmək haqqı artırılsa da, təsəvvür eləyin ki, 1991-ci ildən teatr işçilərinin bir dəfə də olsun əmək haqqı artırılmayıb. Sadəcə əmək haqqına bir-iki dəfə cüzi əlavə olunub. Bu da dəhşətli bir həqiqətdi. Əmək haqqı ailəsinin 10 günlük bazarlığına bəs eləməyən, ağır şəraitdə yaşayan, evi olmayan teatr işçilərindən şedevr gözləmək absurddur.
Bu məmləkətdə adi bir polis serjantı Xalq artistindən, Əməkdar incəsənət xadimindən, Əməkdar həkimdən, Əməkdar müəllimdən, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimindən çox əmək haqqı alırsa buna nə ad vermək olar?.. Bax, bütün bunlar acı olsa da, bizim məmləkətdə dəhşətli, bağışlanılmaz bir həqiqətdi… Ona görə də bu məmləkətdə bütün bu neqativ halları görən, dərk eləyən insanlar üçün yaşamaq çox çətindi. Məddahlıqdan uzaq olan əsl ziyalı üçün isə daha çətindi… Bax, belə neqativ hallarla biz, hara gedə bilərik?!..
Əlizadə ƏSƏDOV,
Publisist-jurnalist, “Qızıl qələm” mükafatı laureatı