Bu gün Dünya Yazıçı Günü qeyd olunur

3 Mart 2019 14:36 (UTC+04:00)

Martın 3-də Dünya Yazıçı Günü qeyd olunur. SİA xarici KİV-ə istinadla xəbər verir ki, bu bayram 1986-cı ildə Beynəlxalq PEN klubun qərarı ilə təsis edilib. PEN klubun yaradılması ideyası isə XX əsrin əvvəlində meydana gəlib. Həmin təşəbbüs ingilis yazıcıları Con Qolsuorsi və Ketrin Douson-Skottun 1921-ci ildə Londonda göstərdikləri səylər nəticəsində həyata keçirilib. Təşkilatın adı ingilis sözləri olan Poets-şairlər, Essayists-oçerk yazanlar, Novelists-romançılar kəlmələrinin baş hərflərindən götürülüb.

Hazırda Dünya Yazıçı Günü bir çox ölkələrdə qeyd olunur. Bayram tədbirlərində ədəbiyyat sahəsində çalışan, həmçinin ədəbi yaradıcılığı qiymətləndirən ədəbi birliklər, yazıçılar, kulturoloqlar, tənqidçilər, müəllimlər, jurnalistlər, ali təhsil müəssisələrinin filologiya fakültələrinin tələbələri və məzunları iştirak edirlər.

Ənənəyə uyğun olaraq, həmin tədbirlərdə yaradıcılıq prosesində daha çox fərqlənən yazıçı və şairlərə mükafatlar təqdim edilir.