Moskvada ənənəvi “Aeroflot Open” şahmat turniri başa çatıb. SİA-nın məlumatına görə, B turnirində mübarizə aparan təmsilçimiz Məhəmməd Muradlı üçüncü yeri tutaraq bürünc medala sahib olub. On beş yaşlı təmsilçimiz güclü şahmatçıların mübarizə apardıqları bu turnirdə 6,5 xal toplayıb.
Yarışda daha bir şahmatçımızın çıxışı uğurlu olub. Vüqar Əsədli altı xalla doqquzuncu olub. Bundan başqa, Aydın Süleymanlı 5,5 xal toplayaraq 21-ci pillədə qərarlaşıb. B qrupunda mübarizə aparan digər təmsilçilərimiz Xanım Balacayeva 4 xal, Read Səmədov və Ülviyyə Fətəliyeva hərəyə 3 xal toplayıblar.
B kateqoriyasında turnirin qalibi 7,5 xalla ukraynalı qrossmeyster Stanislav Boqdanoviç olub.
Yarışın A qrupunda mübarizə aparan Rauf Məmmədov 5 xal, Eltac Səfərli 4 xal toplayıblar. Bu qrupda qalib adını estoniyalı Kaido Kulaots qazanıb.
Doqquz turdan ibarət olan ənənəvi “Aeroflot Open” şahmat turniri A, B və C kateqoriyaları üzrə İsveçrə sistemi ilə keçirilib.