Din siyasi alətə çevrilməməlidir - ANALİZ

18 Yanvar 2011 03:02 (UTC+04:00)

Azərbaycanda dini etiqad, vicdan azadlığı təmin olunub, hər bir şəxsin hüquq və azadlıqlarına ölkə Konstitusiyası və dövlət tərəfindən təminat verilir. Dini qurumların qanunla qadağan olunmayan fəaliyyətlərini həyata keçirmək üçün hər hansı məhdudiyyət tətbiq olunmur. Bununla yanaşı, bəzi dindarların fəaliyyəti, onların əməlləri islam dininin qanunlarına, milli-mənəvi dəyərlərimizə, əxlaq normalarımıza ziddir və vətəndaşlarda dinə qarşı mənfi münasibətin formalaşmasına şərait yaradır.

Din xadimi qadınları namuslarına təcavüz yolu ilə "müalicə" edirmiş

Şəmkir rayonu Yenihəyat kənd sakini redaksiyamıza müraciət edərək ciddi probleminin həllində yardımçı olmağımızı istəyib. Məlumata görə, o, 2008-ci ildə xəstə qızı Gülarəni (ad şərtidir – red.) bir neçə həkimin yanına aparıb, lakin qızı sağaltmaq mümkün olmayıb.
"Bundan sonra biz onu kəndimizdə seyid-molla kimi tanınan Vəliyev Müsahib Məhərrəm oğlunun yanına apardıq ki, ona baxsın. Müsahib qızıma baxandan sonra bizə dedi ki, qız xəstədir və bir neçə gün mənim evimdə qalmalıdır ki, onu müalicə edim. Biz də onunla razılaşdıq və qızım onun evində üç gün qaldıqdan sonra, evə gətirdik.
Aradan bir il keçəndən sonra qızımı həmkəndlimizlə nişanladıq. 2010-cu ildə el adəti ilə toy elədik və qızım Gülarəni gəlin köçürdük. Toy axşamı məlum oldu ki, qız bakirə deyil. Araşdırma zamanı məlum oldu ki, 2008-ci ildə həmkəndlimiz, seyid kimi tanıdığımız Müsahib Vəliyev qızın köməksiz vəziyyətindən istifadə edərək hədələyib və zorlayıb. Biz bu barədə Şəmkir rayon prokuroruna və rayon polis şöbəsinə müraciət etdik, lakin bu günə kimi məsələ öz müsbət həllini tapmayıb.
Hadisəni törətmiş şəxs hazırda azadlıqdadır. Qızım mənə bildirdi ki, Müsahib onu hədələyib və kiməsə xəbər verəcəyi təqdirdə fəlakətə düçar olacağını deyib. Müsahib qızımın köməksiz vəziyyətindən sui-istifadə edərək onun həyatını puç edib".
Müraciət müəllifinin dedikləri çoxsaylı kənd sakininin imzası ilə təsdiq olunur. Vətəndaş bu hala daha dözə bilmədiyini yazır və müvafiq orqanların işə qarışmasını istəyir. Məlumat üçün bildirək ki, bu yaxınlarda televiziya kanalları həmin məsələni işıqlandırıb, M.Vəliyevin evi qarşısına toplaşmış kənd sakinlərinin hiddətini, onların mollanın kənddən qovulması tələbini əks etdirən material yayıblar.

Qafqaz Müsəlmanları Ruhani İdarəsi hara baxır?

Artıq XXl əsrdə, qloballaşma, elmi-texniki tərəqqi, informasiya dövründə yaşamağımıza baxmayaraq, təəssüf ki, hələ də cəmiyyətimizdə Müsahib Vəliyev kimi mollalar və onun toruna düşən belə vətəndaşlar az deyil.
Gündəlik həyatımızda guya mollaların, seyidlərin çarəsi mümkün olmayan xəstələri sağaltdıqları, müxtəlif yollarla, məsələn dua yazmaqla insanları aldatdıqları, addımbaşı pirlər yaratmaqla insanların etibarından sui-istifadə etmələri hallarına rast gəlirik. Regionlarda, xüsusilə də kənd yerlərində yas mərasimlərində mollaların primitiv, islam dininin tarixi və mahiyyəti ilə əlaqəsi olmayan uzun-uzadı çıxışları, bəsit nağılları artıq insanlarda gülüş və istehzaya səbəb olur.
Təəssüf ki, Qafqaz Müsəlmanları İdarəsi belə hallarla mübarizə aparmır, bəzi hallarda isə kənd və rayon əhalisinin nifrətinə səbəb olmuş, öz bədnam əməlləri ilə ad çıxarmış şəxsləri dəstəkləyir, onları müxtəlif dini vəzifələrə təyin edir.
Məsələn, 2009-cu ildə QMİ-nin bölgə qazisinin təqdimatı və öz ərizəsi ilə işdən azad olunmuş Masallı rayonu Sərçuvar kəndinin axundu Rahib Qafarov Aşura ərəfəsində yenidən vəzifəsinə bərpa edilib. Buna səbəb kimi onun 2008-ci ildə uğurlu imtahan verməsi göstərilir. QMİ azyaşlı qızla ailə quran R.Qafarova kənd sakinlərinin münasibətinin mənfi olduğunu nəzərə almayıb.
Təsadüfi deyil ki, mollaların bu belə bədnam əməllərindən istifadə edən radikal dini təriqətlərin nümayəndələri öz ideyalarını təbliğ edir, ictimai şüura təsir göstərmək istəyirlər.

Bəzi dindarlar insanları yenidən cəhalət, mövhumat dövrünə qaytarmaq istəyirlər



Təəssüf ki, XXl qloballaşma əsrində, elm və texnikanın inkişaf etdiyi müasir dövrdə bəzi yerli və xarici qüvvələr hələ də müxtəlif vasitələrdən, o cümlədən din amilindən istifadə etməklə ölkəmizi dini cəhalətə sürükləməyə çalışırlar.
Özü də missionerlər xüsusilə gəncləri hədəf olaraq götürürlər. Son vaxtlar bəzi gənclərin radikal mövqe ortaya qoymaları (məsələn, dindar müsəlman olmayanlara qarşı təhqirlər) anlaşılan deyil. Bütün dünyada olduğu kimi, Azərbaycanda da, başqa dinlərə (xristianlıq, buddizm, zərdüştlük, iudaizm, krişnaizm və s) inananlar, hətta ateistlər və ya deistlər var və onlar əhalinin önəmli bir hissəsini təşkil edirlər.
Tanrı ilə hər kəsin ruhi və mənəvi olaraq özəl münasibəti var. Heç kim başqaları üzrəində vəkil edilməyib, hətta peyğəmbərlər belə belə missiyalarının olmadığını deyiblər. İnsan hüquq və azadlıqları hər şeydən yüksəkdə dayanır. Kiməsə yalnız məsləhət və tövsiyyə vermək olar, amma hər kəsin inancına (və ya inancsızlığına) hörmət edilməlidir.
Azərbaycanda hüquqi, dünyəvi dövlət sistemidir. Burada şəriət qanunları deyil, kontitusion hüquqlar qorunur. Bu qanunları pozan hər bir kəs məsuliyyətə cəlb edilməli, qanun qarşısındfa cavab verməlidir. İstər dindar olsun, istər ateist.
Radikal dindarların tabe olduğu siyasi-ideoloji mərkəzlər onların vasitəsilə cəmiyyətdə parçalanma və qarşıdurmalar yaratmağa cəhd edirlər. Belə dini icmaların arxasında xarici dövlətlərin kəşfiyyat orqanların dayanması faktları da vardır.
Milli Təhlükəsizlik Nazirliyi son illərdə dəfələrlə təhlükəli dini qrupların terror aktlarının qarşısını alıb. Bu bəzilərinə dərs olmalıdır. Anlamalıdırlar ki,

Azərbaycan, dövləti möhkəm, cəmiyyəti sağlam bir ölkədir

Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə heç kimə problem yaradılmır. Əlbəttə, ölkədə dini dözümlülük və tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyimizin qorunmasında və inkişafında önəmli rol oynayır. Ancaq hansısa təriqətə bağlılıq, dövlət maraqlarından üstün tutulmamalıdır.
Dini fəaliyyət üçün ölkədə heç bir maneə olmasa da, dini maariflənmənin aşağı olması səbəbindən müəyyən problemlər də yaranır. Belə ki, bəzi insanlar din haqqında səhv mülahizələr yürüdür və dinin tələblərini öz təriqətlərinə uyğun şəkildə izah edirlər. Bu da təriqətlər arasında münaqişəyə səbəb olur. Bu, həm dinə, həm də dövlətimizin məqsədlərinə zidd olan bir məsələdir.
Bəziləri hətta, dini ekstremizm fəaliyyətindən çəkinmir, açıq radikal çıxışlar edir, özlərinə tərəfdar toplamağa çalışır, dindar, mömin pərdəsi altında dünyagörüşü hələ tam formalaşmamış gənclərdən, sıravi vətəndaşlardan sui-istifadə edir, onları dövlətə qarşı yönəltmək istəyirlər.
Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.