“Xocalı soyqırımı” “radikal müxalifət” və “söyüş kampaniyası” təmsilçilərinin nəzərində

25 Fevral 2019 17:22 (UTC+04:00)

Onlar Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çağırışına cavab verəcəklərmi?

"Xocalı faciəsinin 27-ci ildönümüdür. Dövlət, hökumət strukturları, vətəndaş cəmiyyəti institutları- milli QHT-lər, KİV-lər, diaspor qurumları 26 fevral təqvimini-anım gününü növbəti dəfə dünyanın duyacağı tərzdə qeyd edirlər. Dünya Xocalı faciəsini duymalı, soyqırımı aktı kimi tanımalıdır. Onun soyqrımı aktı kimi tanınması təkcə 26 fevral təqvimində hərbi təcavüzə məruz qalmış, həlak olmuş, itkin düşmüş, girov götürülmüş soydaşlarımızın haqqının tanınması deyil. Xocalı faciəsinin gündəmə gətirilməsi, həm də, Ermənistanının Azərbaycana qarşı ərazi iddialarının, Dağlıq Qarabağ Muxtar Vilayətini və ətrafdakı 7 rayonu işğal etməsinin, 1 milyon nəfərdən çox Azərbaycanlını qaçqına, məcburi köçkünə çevirməsinin gündəmə gətirilməsi deməkdir. Xocalı faciəsinin anılması qondarma “erməni soyqırımı” iddialarının yalanlanması, Cənubi Qafqazda hər an başlaya biləcək yeni silahlı toqquşmaların qarşısının alınması deməkdir.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı həqiqətlərini dünyaya çatdıraq...” başlıqlı məqaləsindən aydın olur ki, Ümummilli Lider Heydər Əliyevin, ardınca Prezident İlham Əliyevin Xocalı soyqırımının dünyada tanıdılması yönündə apardıqları siyasət ciddi nəticə verib: dünyanın 12 ölkəsi, ABŞ-ın 22 ştatı, Böyük Britaniya və Şimali İrlandiya Krallığına daxil olan Şotlandiyanın parlamenti, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıblar. Digər nəticələr də var. Amma Prezident köməkçisi məqalədə açıq tekstlə həm də onu bəyan edir ki, qeyd edilən uğurlu nəticənin əldə edilməsində vətəndaş cəmiyyəti institutlarının keçirdikləri kampaniyaların da təsiri var: “Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət” (Justice for Khojaly) beynəlxalq kampaniyasına Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları da qoşularaq, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırırlar”. Nəticə çıxır ki, əgər Xocalı faciəsinin tanıdılması ətrafında formalaşmış vəhdət davam edərsə, düşmən cəbhəsinə daha ciddi zərbələr vurmaq mümkündür.

Bəs kimlər pozur bu vəhdəti, harmoniyanı? “Radikal müxalifət”in koordinasiya mərkəzi olan “Milli Şura” martın 2-nə mitinq elan edib. Şüarlar ənənəvidir, yenilik yoxdur. Amma diqqət çəkən məqam təkcə şüarlarındakı təkrarçılıq deyil. Düşərgə təmsilçiləri bu il, yanvarın 19-da eyni şüarlarla mitinq keçiriblər. Səhəri gün-20 yanvarda “Şəhidlər Xiyabanı”nı ziyarət törənini də siyasi aksiyaya çevirməyə cəhd oldu. Yanvarın 26-na bir, fevralın 23-nə isə digər mitinqi elan etmişdilər. Martın 2-nə isə növbəti mitinqi planlaşdırırlar. 40 gün müddətində 5 cəhd! İnsan hüquq müdafiəçiliyi üzrə ixtisaslaşmış bütün beynəlxalq təşkilatlara müraciət edirlər, hesabatlar hazırlatdırır, “mitinq keçirmək arzularının boğulduğunu” bəyan edirlər. Guya ki, xalqın, millətin dərdini çəkirlər, hökumət də mane olur. Xocalı faciəsi milli dərd deyilmi? Nədən “radikallar” 27 il müddətində bircə dəfə də olsun beynəlxalq təşkilatlara bu mövzuda müraciət etmirlər? Özləri Xocalı faciəsini ehtiva edən kampaniya keçirmirlər, bir yana; məhz 20 yanvar Bakı faciəsinin, 26 fevral Xocalı faciəsinin anım günlərində, onların dünyaya tanıdılması üçün şans yarananda aktivləşib “Azərbaycanda sərbəst toplaşmaq azadlığı boğulur” deyib haray çəkirlər, “Xocalı kampaniyası”na kölgə salırlar.

Avropada boy verən “söyüş kampaniyası” təmsiçilərinin mövqeyi də fərqli deyil. Kapmaniyalarının birini Xocalı faciəsinə həsr edə bilməzlərmi? Axı 2 illik “söyüş kampaniyasını” “millət uçun savaş” kimi təqdim edirdilər. Özləri Xocalı kampaniyası keçirmirlər, olsun. Ən azı KİV prinsiplərini nəzərə alıb Avropada keçirilən “Xocalı günü” tədbirlərindən reportaj, informasiya yaya bilərlər. Fevralın 23-də dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Brüsseldə “Ümumavropa Qarabağ mitinqi” keçirildi. Xaricdə yaşayan yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq”, “Biz Qarabağa qayıtmaq istəyirik” tələbləri səsləndirdilər. Baxın onların media səhifələrinə, bircə cümlə varmı? Bu, necə milli dava, milli savaşdır?!

Müşfiq Ələsgərli,

Mətbuat Şurasının sədr müavini