Heyvanlardan insanlara orqan nəqlinin həyata keçirilməsi üzrə tədqiqatlar aparılır. Bu məqsədlə genetikası dəyişdirilmiş donuzlar ən ideal seçimdir. Çünki onların orqanları insan orqanlarına çox bənzəyir. Daha əvvəl donuzun qara ciyərinin köçürülməsi həyata keçirilib, lakin müsbət nəticə əldə edilməyib. Bu istiqamətdə tədqiqatlarımız davam edir. Növbəti beş ildə donuzdan insana qara ciyər köçürülməsinə nail olmağa çalışacağıq. SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin Malatya İnönü Universitetinin Qara ciyər Nəqli İnstitutunun rəhbəri, professor Sezai Yılmaz kütləvi informasiya vasitələrinə açıqlamasında deyib. Professor, həmçinin bildirib ki, hazırda dünyada tibb sahəsində ən önəmli problemlərdən biri orqan transplantasiyasıdır: "Dünyada orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı çox olsa da, orqan çatışmazlığı var. Bəzən sağlam insanlar öz yaxınlarının həyatını qurtarmaq üçün donor olurlar. Lakin sağlam insanların öz orqanlarını bağışlamasının tərəfdarı deyiləm. Bundan başqa, beyin ölümü keçirmiş və vəfat etmiş insanların orqanları da xəstələrə köçürülür. Beyin ölümü keçirən insan bioloji və tibbi olaraq ölmüş insanlardır. Onların ağ ciyərləri və ürəyi cihazların köməyi ilə iki-üç gün fəaliyyətdə olur. Həmin zaman onların orqanlarını ehtiyacı olanlara nəql etmək üçün ən uyğun vaxtdır. Beyin ölümü keçirmiş şəxsin orqanları başqa xəstələrə köçürüləndə çox yaxşı fəaliyyət göstərir. Bəzən də ürəyi və ağ ciyəri işləməyən, yəni tamamilə ölən insanların da orqanları alına bilər. Lakin bu zaman həmin orqanların fəaliyyəti tam ürəkaçan olmur. Türkiyədə də orqan çatışmazlığı var. Yəni insanlar ölən yaxınlarının orqanlarını çox az halda bağışlayırlar. Hazırda həkimlər sağlam insanların öz yaxınlarına donor olması ilə problemi həll etməyə çalışırlar. Lakin əsas məqsəd sağlam insanlardan orqan nəqlini azaltmaqdır. Buna görə də araşdırmalar davam edir". "Türkiyə sağlam insandan qara ciyər nəqlində dünyada ilk sıralarda yer alıb. Qara ciyər Nəqli İnstitutu da nəinki Türkiyədə, hətta Avropada ən çox qara ciyər nəql edən mərkəzdir. İndiyədək institutda 2500 qara ciyər köçürülməsi həyata keçirilib. İl ərzində 250-300 arası qara ciyər nəqli reallaşır. Keçənilki rəqəm isə 272-yə bərabər olub", - deyə professor bildirib.