Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub. Bu, 2017-ci ildəkindən 12 faiz çoxdur (775,2 ton). Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzindən məlumat verilib.
2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, ötən il isə 1137,8 hektara çatdırılıb. 2018-ci ildə sahələrin 35 faizi (345 hektar) intensiv üsulla, 55 faizi (627,8 hektar) superintensiv üsulla, 10 faizi (165 hektar) isə ənənəvi üsulla əkilib. Bir hektara dövlət tərəfindən 50 manat subsidiya verilib.
“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının isə 8,5 min tona çatdırılması nəzərdə tutulur.