Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq

14 Fevral 2019 10:30 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)18 fevral 2019-cu il tarixdə, saat 14:00-da tədbir keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xocalı soyqırımının 27-cı ildönümünə həsr edilmiş “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi təşkil olunacaq.

Sənədli film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması" İctimai Birliyi tərəfindən lentə alınıb. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində törətdiyi soyqırımdan bəhs edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilən "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı"na əsasən, 26 fevral 2019-cu il tarixdə ali təhsil müəssisəsində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq.

Azərbaycan İlahiyyat İnstitutu mütəmadi olaraq tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanması məqsədilə silsilə tədbirlər həyata keçirir.

Tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını özündə ehtiva edir. Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Aİİ bu keyfiyyətləri gənclərə aşılamaq məqsədilə davamlı olaraq gənc nəslin tarixi yerlərə gəzintisini təşkil edir, tarixi günlərə həsr olunmuş silsilə tədbirlər həyata keçirir.