Təmsilçilərimiz İƏT Festivalından diplomla qayıdıb - Festival

11 Fevral 2019 13:51 (UTC+04:00)

Ölkəmiz Misirin paytaxtı Qahirə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Festivalında (Festival of the Organization of İslamic Cooperation) uğurla çıxış edib. Dörd gün davam edən festivala 20-dən artıq ölkənin nümayəndələri qatılıb.İslam Əməkdaşlıq Təşkilatı Katibliyinin təşəbbüsü və üzv ölkələrin dəstəyi ilə “Bir millət, mədəniyyətlərin müxtəlifliyi...” şüarı altında gerçəkləşən festival tarixi-mədəni irsdən folklor və mətbəx mədəniyyətinədək geniş spektri əhatə edib.

İlk dəfə təşkil olunan festivalın məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xalqlarının yaxınlaşması, eləcə də quruma üzv olmayan ölkələrdəki müsəlman icmalarına dəstək, İslam dünyasında xalqların vahid din və adət-ənənə, dil və irs müxtəlifliyi əsasında həmrəyliyinin möhkəmləndirilməsidir.

Festivalda ölkəmiz mədəniyyət nazirinin müşaviri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Heyətə xanəndə, Xalq artisti Simarə İmanova ilə birgə muğam üçlüyü, Əməkdar mədəniyyət işçisi, Ansamblın direktoru Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı da daxildir.

Əvvəlcə sənətçilərimiz Qahirə Opera Teatrında təşkil olunan açılış mərasimində çıxış ediblər. Muğam üçlüyünün ifası, rəqs qrupunun çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.

Festivalın proqramı müxtəlif mədəni və bədii tədbirləri, elmi seminarları, təqdimatları əhatə edib. Silsilə tədbirlər Qahirə Opera Teatrında, Əl-Hənacir İncəsənət Mərkəzində, Böyük İslam Muzeyində, Ərəb Dövlətləri Liqasının binasında, Əl-Əzhər Əş-Şərif və digər yerlərdə təşkil olunub. Proqrama beynəlxalq islam təsisatları – İslam Tarix, İncəsənət və Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik Fondu, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) və s. qurumların təqdimatları da daxil edilib.

Festival çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin Xəbər Agentlikləri Birliyinin (UNA) fotosərgisi də reallaşıb. Sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoları da nümayiş olunub. Sərginin ziyarətçiləri Azərbaycanın tarixini, müasir memarlıq nümunələrini, turizm potensialını əks etdirən fotolarla tanış ola biliblər. Festivalın sonunda Azərbaycan nümayəndə heyəti xüsusi diplom və fəxri fərmanla təltif olunub.

Rəsmi hissədən sonra təmsilçilərimizin çıxışı növbəti dəfə maraqla qarşılanıb. Konsert Misirin “Əl – Misriyya” telekanalı vasitəsi ilə yayımlanıb.