Razi Nurullayev hansı iddialarında haqlıdır? TƏRS BAXIŞ

11 Fevral 2019 09:00 (UTC+04:00)

AXCP: “Radikal terrorçu qüvvələrlə iş birliyi quran Əli Kərimlidir”

Alternativ AXCP-nin Əli Kərimlinin partiya adına və sədrliyinə iddia etməsinə qarşı ictimailəşdirdiyi növbəti bəyanatı iki təşkilat arasında mövcud olan qarşıdurmanı yenidən alovlandırıb. SİA xəbər verir ki, dəfələrlə bu ətrafda bəyanatlar səsləndirilsə də, ictimai rəyin Əli Kərimlinin iddialı olduğu siyasi təşkilatı gerçək AXCP kimi tanıması doğru deyil. Belə ki, bu partiya dəfələrlə parçalanıb və parçalanmaların hər birində bilavasitə Ə.Kərimlinin marağı var. Məhz Razi Nurullayevin Ə.Kərimlidən ayrılaraq, alternativ AXCP adlı qurum yaratması və bu qurumun gerçək AXCP adına iddialı olduğunu bəyan etməsindən sonra tərəflər arasındakı qarşıdurmalar pik həddə çatıb.

Razi Nurullayev: “Əli Kərimlinin şəxsinə aiddir və onun AXCP ilə heç bir bağlantısı yoxdur”

Bu arada, daha bir ilginc məqam diqqət çəkib. Belə ki, bir müddət öncə, Baş prokurorluğun AXCP-nin Azərbaycanda “İslam dövləti yaratmaq məqsədi olan radikal terrorçu qüvvələrlə iş birliyi” qurması barədə ictimaiyyəti məlumatlandırması R.Nurullayevin sədri olduğu siyasi təşkilatın – alternativ AXCP-nin Ə.Kərimli ilə heç bir bağlantısının olmaması bəyanatı ilə nəticəsini tapıb. “Bildiririk ki, bu, Əli Kərimlinin şəxsinə aiddir və onun AXCP ilə heç bir bağlantısı yoxdur”, deyə qeyd olunub.

Lakin o da sirr deyil ki, Ə.Kərimli hələ partiyanın mərhum sədri və lideri olmuş Əbülfəz Elçibəyə qarşı ən ağır xəyanətlərdə bulunub və yalnız ona deyil, bütövlükdə Azərbaycan dövlətinin maraqlarına qarşı çıxıb, bu gün də eyni hal baş verir.

Anti-milli mövqedən çıxış edənə məxsus təşkilatın abbreviaturasında “Azərbaycan”, “Xalq” kimi ifadələri olmamalıdır!

Ona görə də, R.Nurullayev Kərimlinin AXCP-nin onun sədri olduğu AXCP-yə necə deyərlər, urcah olmasının əleyhinədir və ona görə də, “Bir daha xatırlatmaq istərdik ki, özünü “AXCP sədri” kimi qələmə verən Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil etmir”, deyə bəyanatında bildirir.

Xatırlatmaq yerinə düşərdi ki, anti-milli və anti-dövlətçi mövqelərdən çıxış edən birinə məxsus təşkilatın abbreviaturasında “Azərbaycan”, “Xalq” kimi ifadələri olan, ancaq buna rəğmən, Azərbaycan və xalq əleyhinə fəaliyyət göstərən siyasi təşkilatın dövlət qeydiyyatında olması doğru deyil və R.Nurullayevin Ə.Kərimliyə qarşı qoyduğu iddia haqlı mövqe sayıla bilər.

Rövşən RƏSULOV