"Paşinyanın mövqeyi Madrid prinsipləri ilə ziddiyyət təşkil edir" ÖZƏL-ŞƏRH

8 Fevral 2019 12:29 (UTC+04:00)

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin fevralın ortasında Münhendə görüşlərinin baş tutacağı gözlənilir. Hesab edirəm ki, bu görüş danışıqlar prosesində son dövlərdə müşahidə olunan dinamikliyə daha bir işarədir. Bildiyimiz kimi, ötən ilin dekabrında Milanda xarici işlər nazirləri səviyyəsində görüş baş tutmuşdu. Tərəflərin birgə bəyanatında ədalətli tənzimlənməsi istiqamətində dinc vasitələrin, yəni, danışıqların davam etdirilməsinin vacibliyi ifadə olunmuşdur. Bu, əslində Azərbaycanın maraqlarına cavab verən məqamdır. Çünki, Azərbaycan münaqişənin dinc vasitələrlə ədalətli tənzimlənməsinin tərəfdarı olduğunu öz mövqeyi və davranışları ilə daim nümayiş etdirir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, münaqişənin ədalətli tənzimlənməsinin bir formulu mövcuddur - Ermənistan Azərbaycan ərazilərini işğaldan azad etməlidir: “Bu ilin yanvarında Parisdə baş tutmuş görüşdə isə tərəflər xalqların sülhlə hazırlanması məsələsi ətrafında müzakirələr aparıblar və bu məqam yekun bəyanatda yer alıb. Hesab edirəm ki, belə bir məsələ ətrafında müzakirənin aparılması danışıqlar prosesində bir yenilik kimi qiymətləndirilməlidir. Paris görüşündən sonra həm də Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Davos Dünya İqtisadi Forumu çərçivəsində saat yarımlıq müzakirə baş tutdu. Təbii ki, bütün bunlar tərəflər arasında dialoqun saxlanılması baxımından əhəmiyyətlidir. Lakin N.Paşinyanın mövqeyi ilə baş tutmuş müzakirələr arasında aşkar ziddiyyət müşahidə olunmaqdadır. Belə ki, bir tərəfdən, münaqişənin dinc və ədalətli tənzimlənməsi, həmçinin xalqların sülhə hazırlanmasının vacibliyi ilə bağlı mövqe nümayiş etdirilir. Digər tərəfdən N.Paşinyanın səsləndirdiyi fikirlərdən anlaşılır ki, Ermənistan Azərbaycan torpaqlarından çəkilmək fikri yoxdur. Yəni, bu, faktiki olaraq, Ermənistanın öz işğalçılıq siyasətində irarlı olması anlamına gəlir.

N.Paşinyanın mövqeyi ümumilikdə yenilənmiş Madrid prinsipləri ilə də kəskin ziddiyyət təşkil edir. Çünki, hər şeydən öncə, Madrid prinsiplərind Dağlıq Qarabağ ətrafı rayonların Ermənistan tərəfindən boşaldılması açıq tekstlə əksini tapıb. Beləliklə, göründüyü kimi, Ermənistanın mövqeyi olduqca ziddiyyətlidir. Bu baxımdan, hesab edirəm ki, Münhendə Xarici İşlər Nazirləri səviyyəsində görüş həm də Ermənistan son mövqeyi haqqında müəyyən təsəvvürlərin yaracağı baxımından da əhəmiyyətli ola bilər”.