Aİİ-də “Neuron Technologies” ilə görüş təşkil olunub

7 Fevral 2019 14:43 (UTC+04:00)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ölkəmizin qabaqcıl informasiya texnologiyaları şirkətlərindən biri olan “Neuron Technologies” ilə görüş təşkil olunub. SİA-nın verdiyi məlumata görə, institutun rektoru Ceyhun Məmmədov şirkətin direktoru İsmayıl Ələkbərovu qəbul edib, layihənin tətbiqi ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Rektor C.Məmmədov bildirib ki, “Azərbaycan İlahiyyat İnstitutunda təhsilin müasir texnologiyalar əsasında inkişafı və tədrisin şəffaflığının təmin edilməsi İnstitut qarşısında duran prioritet məsələlərdən biridir. Bu məqsədlə ölkəmizdə sözügedən sahədə kifayət qədər potensiala və təcrübəyə malik olan “Neuron Technologies” şirkəti ilə əməkdaşlıq qurmağı düşünürük”.

“Neuron Technologies” şirkətinin direktoru İsmayıl Ələkbərov şirkət haqqında ətraflı məlumat verərək bildirib ki, “Unibook” – təhsil informasiya idarəetmə sistemi hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə layihə çərçivəsində ölkənin nüfuzlu ali təhsil müəssisələrində tətbiq olunur. Sistemin əsas özəlliklərindən biri, sözügedən elektron təhsil idarəetmə sisteminin “bulud platforması”nda fəaliyyət göstərməsidir. “Unibook” – elektron təhsil platformasının institutda təşkil olunması çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər alt-sistemlərin tətbiqi nəzərdə tutulur.

Görüşdə İnstitut əməkdaşlarının məlumatlandırılması məqsədilə yaxın zamanlarda “Neuron Technologies” şirkəti tərəfindən “Unibook” – elektron təhsil platformasının təqdimatının keçirilməsi qərara alınıb.