Arif Əliyevin “canfəşanlığının” görünməyən tərəfləri
Azərbaycanın mətbuatında qrantyeyən kimi tanınanlardan biri də məlum sifarişlər əsasında yaradılmış “Media Klubu” adlı saxta qurumun “jurnalistika canfəşanı” Arif Əliyevdir. Bu, həmin qurumdur və həmin Arif Əliyevdir ki, birbaşa Soros fondunun tabeliyində müstəqil Azərbaycan mətbuatına zərbə vurmağa çalışır. Əlbəttə ki, yan-yörəsindəkilərlə bir yerdə. Bu dəfə də Soros fondu tərəfindən növbəti əmr gəlib – KİVDF-nin print-media ilə bağlı qəbul etdiyi məlum qərarına qarşı siyasiləşmiş fikirlər irəli sürmək, bununla da Azərbaycan dövlətinin media siyasətini hədəfə almaq.
“Haqq-ədalət” prinsipindən çıxış etdiyini zorla mətbuat cameəsinə sırımağa cəhd edən Arif Əliyevin reallıqda beş-on dollara satılan biri olduğunu hər kəs yaxşı bilir
Ancaq məsələnin daha bir tərəfi ondadır ki, sözügedən mövzu ilə bağlı dərhal hərəkətə keçib, özünün “ağıllı-ağıllı” sözlərini müsahibə şəklində, yəni əvvəlcədən planlaşdırılmış sual-cavab qismində ictimailəşdirən Arif Əliyev gerçəklikdə, özünün media pərdəsi altında “hansı yuvanın quşu” olması faktını unudur. “Haqq-ədalət” prinsipindən çıxış etdiyini zorla mətbuat cameəsinə sırımağa cəhd edən Arif Əliyevin reallıqda beş-on dollara satılan biri olduğunu da hər kəs yaxşı bilir, xatırlayır. Xüsusilə, yazılı mətbuatda illərdir fəaliyyət göstərən jurnalistika adamları hər şeyin necə, nə cür olduğunu daha müfəssəl bilirlər. Onun, bütövlükdə isə “Media Klubu” adlı saxta qurumun məqsədi-məramı barədə daha öncələr də danışılıb, yazılıb, müzakirələr aparılıb. Ona görə də, keçək əsas mətləbə...
Sirr deyil ki, Arif Əliyev hər zaman xaricdən Azərbaycana axan milyonlarla dolları mənimsəyən adamlardan biri kimi tanınır və onun illərdir ki, müxtəlif ölkələrdə inqilablar adı altında iğtişaşlar, anarxik etirazlar törədən, belə çirkin missiyalar vasitəsi ilə milyardlar qazanan Corc Sorosa aid fondla gizli əməkdaşlıq etməsi müxtəlif rakurslardan sübuta yetirilib. Əlbəttə ki, Sorosun öz bədbin niyyətlərini reallaşdırmaqdan ötrü müxtəlif ölkələrin media vasitələrindən, eləcə də sosial mediasından istifadə etdiyi məlumdur. Məhz Arif Əliyev və “Media Klubu” bu günün özündə də, sorosçuluq missiyasının aparıcı fiqurantlarındandırlar.
Qrantları bölüşdürənlər yenə də bir aradadırlar və mətbuatımızın inkişafına doğru atılan hər addıma qarşı siyasi “qulp” qoymaqla məşğuldurlar
Elə də uzağa getməyək və daha bir xatırlatmaya diqqət yetirək – Corc Soros, mətbuata yardım adı ilə müxtəlif ölkələrdə öz əlaltılarına yüz minlərlə vəsait göndərib. Arif Əliyev də qərbli dayısından kifayət qədər bəhrələnənlərdəndir. Guya o, bu pullarla Azərbaycanda mətbuatın inkişafına dəstək olubdur və s. Fəqət, fakt budur ki, istər Arif Əliyev, istərsə də digər onunkimiləri yüzminlərlə vəsaiti mənimsədilər, öz şəxsi vəsaitləri kimi aralarında bölüşdürdülər. Göründüyü kimi, həmin qrantları bölüşdürənlər yenə də bir aradadırlar və mətbuatımızın inkişafına doğru atılan hər addıma qarşı siyasi “qulp” qoymaqla məşğuldurlar.
Onda sual yaranır – bəs hansı Soros dayınızdan aldığınız inkişaf pulları, hanı mətbəələriniz, qəzetləriniz, çoxsaylı saytlarınız, yayım firmalarınız və s. və i..?! Yoxdur..!
Arif Əliyev AXC hakimiyyəti dövründə də, indiki kimi bənzər mənfi imicə, xəyanətkarlıq simvolikasına malik olub
Amma buna baxmayaraq KİVDF, və da Mətbuat Şurası, ümumilikdə isə müstəqil mediamızın aparıcı zümrəsi dövlətin mediaya göstərdiyi qayğıdan danışırsa, eyni zamanda, mətbuatın tərəqqisi üçün qərarlar qəbul olunursa, bunlar meşələrdə ağac diblərində bitən zəhərli göbələklər kimi bir-bir çıxırlar ortaya və başlayırlar “ağıl qoymağa”. Yaxşı, özünüzü bu qədər “ağıllı”, “kamallı” hiss edirsinizsə, niyə bir dəfə də özünüzdəcə cürət tapıb, uğursuzluğunuzun səbəblərini yararsız fəaliyyətinizdə axtarmırsınız, etiraflarınızı etmirsiniz? Yoxsa qorxursunuz ki, Soros daydayınız sizdən küsər və bir daha qaranlıq bank hesabları, daha dəqiq desək, Gürcüstan bankları vasitəsi ilə qrantlarınızı kəsib-eləyər? Bax, burada əsl həqiqətlər yenidən ortaya çıxır. Nə millət, nə dövlət, nə də ölkə maraqları onları qətiyyən maraqlandırmır. Pul...pul...pul...Təki, satmağa elə milli dövlətçilik maraqları olsun, qalanı boş şeylərdir (?!-R.N.).
Beləliklə, həm də nəticəyə gələ bilərik ki, Arif Əliyevin özünü "aparıcı media simalarından biri kimi” təqdim etməsi onun bugünkü fəaliyyəti ilə yox, əsasən, onun keçmiş fəaliyyəti ilə daha çox bağlı ola bilər. Çünki faktlar mövcuddur ki, Arif Əliyev AXC hakimiyyəti dövründə də, indiki kimi bənzər mənfi imicə, xəyanətkarlıq simvolikasına malik olub. Bunu elə həmin dövrlərdə mətbuatda olan, bu gün də mediada təmsil olunan sayt və qəzet baş redaktorları da təsdiq edə bilərlər. Təsdiq edə bilərlər ki, bu fərd, pul-para üçün daim mənsub olduğu media cameəsini hər an satmağa hazırdır, necə ki, indinin özündə də.
Belə olan halda, Arif Əliyevin yaxasından yapışan da, elə Soros dayısı olmalıdır ki, bəs ay Arif, ay bacıoğlu, hansı sənə verdiyim 1 milyon dolların aqibəti?
Yəni mövcud fəaliyyətində də bu adam, beynəlxalq media qurumlarında media üzrə “tənqidçi ekspert” kimi çıxış edir və xaricdən “müxalif və müstəqil media”nın inkişafına ayrılan maliyyə yardımlarının tənzimlənməsi ilə məşğul olur. Yəni əməlli-başlı qrantlar yeyir, yedikcə də gözü doymur, daha çox tələb edir.
Sonda isə Arif Əliyevin media rəhbəri kimi, 10-11 il öncə xaricdən aldığı 1 milyon ABŞ dolları (!!!-R.N.) həcmində maliyyə yardımı hesabına bir il işıq üzü görmüş “Gün Səhər” qəzetinin baş redaktoru kimi “fəaliyyətinə” toxunmaq, bunu növbəti dəfə xatırlatmaq yerinə düşərdi. Bu gün heç bir media adamı deyə bilməz ki, adi, bir neçə səhifəlik qəzetin bir illik çapına 1 milyon dollar xərcləmək lazımdır! Belə olan halda, Arif Əliyevin yaxasından yapışan da, elə Soros dayısı olmalıdır ki, bəs ay Arif, ay bacıoğlu, hansı sənə verdiyim 1 milyon dolların aqibəti? Hələlik nə Soros dayısı ondan soruşur, nə də Arif Əliyev cürətə gəlib, etiraflarını edir. Bunların yerinə isə düşür ortalığa və sual-cavabı qabaqcadan bəlli olan sifarişli müsahibələrlə gündəmdə qalmağa çalışır. Qalsın görək, nə vaxta qədər qalacaq...
Rövşən NURƏDDİNOĞLU