Bu gün tanınmış diktor, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının yubileyidir. Onun 60 yaşı tamam olur. Şəmistan Əlizamanlı 1959-cu ildə Gürcüstanın Marneuli (Borçalı) bölgəsində doğulub. 1986-cı ilin may ayından müsabiqə yolu ilə Azərbaycan radiosunun aparıcısı seçilib. Ecazkar səsi ilə hərbi mahnıların unudulmayan ifaçısı kimi yadda qalan Şəmistan Əlizamanlı Türkiyə Dövlət Televiziyası olan TRT-nin Azərbaycan bürosunda çalışıb İndiyə qədər "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər, möhkəm dayan", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab leytenant", "Çırpınırdı Qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və sairə mahnıları ifa edib.
Gəncliyində gəmi kapitanı olmaq istəsə də, tale onu zəhmli, qeyri-adi səs tembri nəticəsində heç gözləmədiyi bir sahilə gətirib çıxarıb... O sahilə ki, orada müharibənin dəhşətli tufanlarının, enişli-yoxuşlu həyat yolunun şahidi olub...
-Şəmistan müəllim, vətənpərvərlik mövzusundan söz düşərkən,siz mütləq yada düşürsünüz...
- İnsan özünü, kim olduğunu dərk etdikdən sonra vətənpərvərlik hissləri də çoxalır. Məncə, hər bir insanın daxilində belə hisslər var. Xalqımızın üzləşdiyi ağrılı problemlər mənə də çox dərindən təsir edir. Hisslər hər insanda eyni dərəcədə olmur. Mənim xoşbəxtliyim, bəlkə də, ondadır ki, vətənimizə, torpağımıza olan sevgim daha çoxdur.
- Sizcə, bu hisslərin kökü haradan başlanır?
- Mənim babam Cənubi Azərbaycandan, Nadir şahın sülaləsindəndir. Özümü dərk edəndən bizim evimizdə Azərbaycanın bölünməsi, parçalanması barədə söhbətləri gedib. Xalqımızın üzləşdiyi haqsızlıqları, hamı kimi, mən də görürdüm və bu mənə pis təsir edirdi. Mən kənd mühitində böyümüşəm. Kəndimizdə meyvə ağaclarına baxa-baxa düşünərdim ki, görəsən, Təbrizdə də alma ağacları buradakı kimidirmi? Bilirsiniz, hər bir insan müəyyən qədər valideynlərinə bənzəyir, onların xüsusiyyətlərini daşıyır.
- Efirlərdə daha çox hansı səpkidə olan verilişləri görmək istərdiniz?
- Yaxşı olardı ki, Milli Qəhrəmanlarımız barədə filmlər, verilişlər çox çəkilsin. Bu, maraqlı olardı. Əgər Mübariz İbrahimov haqqında yaxşı bir film çəkilsə, bu, əsl əfsanəyə, qəhrəmanlıq dastanına çevrilər. İdmançı, igid, yaraşıqlı və vətənpərvər bir oğlan - Mübariz barədə çəkilən film gənc nəslin vətənpərvərlik ruhunun tərbiyəsində atılan ən uğurlu addımlardan ola bilər. Mübariz İbrahimov öz igidliyi ilə bütün gəncliyə çağırış etdi. O göstərdi ki, Azərbaycanın igid əsgərləri var, olub və olacaq.Vətən üçün nə etmək lazım olduğunu Mübariz etdi. Mübariz idmançı idi. Onun böyük gələcəyi var idi. Amma o, gələcəyini özü seçdi və əbədi yaşamaq üçün şəhidlik zirvəsinə ucaldı. Mübariz cənc nəsil üçün bir örnəkdir. Onun şəhidlik zirvəsinə qalxması xalqımızda, cəmiyyətimizdə vətənpərvərlik hisslərini daha da artırdı. Hamı Mübarizin qəhrəmanlığından danışır. Belə qəhrəmanlıq nümunələri gənclərimizi daha da ruhlandırır.
- Siz hərbi xəbərləri oxuyarkən tamaşaçılarda vətənpərvərlik hissləri, qələbə ruhu, mübarizə hissləri oyanırdı. Əksər evlərdə sizin çıxışınızı, verəcəyiniz xəbərləri kirpik qırpmadan izləyirdilər. Təsadüfü deyil ki, sizi "Azərbaycanın Levitanı" adlandırırdılar. Şəmistan müəllim, bəs indi vətənpərvərlik ruhunda veriliş aparmaq təklifi alsanız yenidən aparıcı kimi efirdə görünmək istəyərdinizmi?
- Belə təkliflər bir neçı dəfə olub. Lakin ssenari və təklif olunan işin səviyyəsi məni qane etməyib. Efir insanlara, cəmiyyətə yalnız müsbət tərəfdən təsir etməlidir. İndi bu amilləri nəzərə almırlar. Xalqa milli ruhda olan filmlər, tamaşalar, mahnılar təqdim etmək lazımdır. Qeyd etdiyim kimi, Milli Qəhrəmanlarımız barədə, vətənpərvərlik ruhlu filmlərə bu gün böyük ehtiyac var.
- Yeri gəlmişkən, Milli Qəhrəmanlarımız barədə film çəkilərsə, həmin filmdə baş rolda çıxış etmək istəyərdiniz?
- Əlbəttə, istəyərdim. Mən aktyorluq fakültəsini bitirmişəm. İnanıram ki, bunu yaxşı bacarardım.
- Bəs hansı qəhrəmanımızı canlandırmaq istəyərdinizmi?
- Mən qəhrəmanlarımızı bir-birindən ayırmıram. Onlar hamısı igidlik, cəsurluq, mərdlik nümunəsidir. Ölkəmizi, torpağımızı onlar qədər sevməyi bacarmaq lazımdır. Qəhrəmanlıq yeganə əməldir ki, onu öyrətmirlər. Bu gərək insanın qanında, canında olsun... Mən belə igidləri gördüyüm, onlarla çiyin-çiyinə vuruşduğum üçün fəxr edirəm. Elə xatirələr var ki, onları sözlə ifadə etmək olmur, mütləq yaşamaq lazımdır. Şəhid oğullarımızın qəhrəmanlığı gənc nəslin milli şüurunun oyanmasına, onların vətən sevgisi ilə böyüməsinə imkan yaradır. Milli şüur gənc nəslin qanına hopmalıdır. Onlarda bu hissləri hərbi janrda olan musiqilərlə, şeirlərlə yaratmaq mümkündür.
- Siz ifa etdiyiniz bir neçə mahnının həm də bəstəkarısınız.
- Bəstələdiyim mahnılar var, ilham gəldikcə yazıram. Bir zamanlar mahnı oxuyacağım heç ağlıma da gəlməzdi. İndi isə musiqi həyatımın ayrılmaz hissəsinə çevrilib.
- Yəni mahnı ifa etməyiniz təsadüfən alınıb?
- Bəli. Mən insanların yaddaşında daha çox hərbi diktor kimi qalmışam. Vətənpərvərlik mövzusunda oxuduğum mahnıları yaradıcılığımın bir qolu hesab edirəm. Etiraf edim ki, heç vaxt mahnı oxumaq arzusunda olmamışam. Diktorluq fəaliyyətim nəticəsində müharibədə iştirak etdim və mahnı oxumağım bir təsadüflə başladı. Bunun maraqlı tarixi var. 1993-cü ildə Ağdərədə Çıldıran əməliyyatında mühasirəyə düşdük. Lakin bu hal uzun çəkmədi və böyük səylə mühasirədən çıxdıq. Mühasirəyə düşərkən üst-başımız tamam palcığa batmışdı. Məni Yusif adlı bir nəfərə tapşırdılar ki, əyin-başımı dəyişim. Həmin Yusif arxa cəbhə üzrə komandir müavini idi. Mən o zamana qədər Yusif Mirzəyevi tanımırdım. O, mənə elə mehribanlıq, qayğıkeşlik göstərdi ki, elə bildim Yusifi lap çoxdan tanıyıram... O gündən sonra çox yaxın dost olduq. Yusif Naxçıvandan idi. Ağdərəyə könüllü getmişdi. Çətin döyüşlər, müharibənin ağır şərtləri bütün əsgərlər kimi Yusifdən də yan keçməmişdi. Onun sənədləri hələ sağlığında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi üçün təqdim olunmuşdu. Böyrəklərində yaranan xəstəlikdən, kəskin ağrılardan əziyyət çəkirdi. Onu məcbur etdik ki, xəstəxana şəraitində müalicə olunsun. Yusif xəstaxanada qalarkən, mən də yanına gedib baş çəkirdim. Çıldıran əməliyyatı zamanı yanımızda partlayan mərmilərdən mən də payımı almışdım. Odur ki, məni də dostumun müalicə olunduğu xəstəxanaya göndərdilər. Biz orda bir otaqda qalırdıq. Xəstəxananın həkimi Şahin Musaoğlu bizə tez-tez baş çəkirdi. Onunla aramızda isti münasibət yaranmışdı. Bir dəfə bizə dedi ki, bir mahnı yazmışam, istəyirəm qulaq asasınız. Şahin zümzümə edərək yazdığı mahnını ifa etdi. Bu mahnı "İgid əsgər, möhkəm dayan" adlanırdı. Mahnı Yusifin çox xoşuna gəldi, hətta o qədər bəyənmişdi ki, dilindən düşmürdü. Bir dəfə ona dedim ki, bu mahnını bu qədər bəyənirsənsə, mən də bir gün oxuyub, sənə ithaf edərəm. Yusif müalicədən sonra Ağdərəyə, mən isə Müdafiə Nazirliyinə qayıtdım. Sonra biz yenə görüşdük. O, mahnını nə vaxt ifa edəcəyimi səbirsizliklə gözlədiyini dedi. Düzü, mən də bəhanələr gətirib işi ləngidirdim. Deyirdim ki, mahnı ifa etmək məndə alınmaz. Sonra öyrəndim ki, Yusif əsgərlərə "İgid əsgər, möhkəm dayan" mahnısını əzbərlədib oxutdururmuş. Bu hadisə məni bir az həvəsləndirdi. Düşündüm ki, bəlkə bu mahnı mənim ifamda yaxşı alınacaq? Mahnının sözlərini çap edib, vərəqin yuxarısında "Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ithaf edirəm" sözlərini yazmışdım. O, axırıncı dəfə Bakıya gələndə həmin vərəqi Yusifə göstərdim və dedim ki, bax, yazmışam ki, "Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ithaf edirəm". Bu görüşümüzdən bir neçə gün sonra Yusif Ağdərə uğrunda gedən döyüşlərin birində şəhid oldu... O, mənim yaxın dostum idi. Yusifin həyatımda qoyduğu boşluq omrümün sonuna qədər dolmayacaq.