Müşfiq Ələsgərli: “KİV-lər inkişafın yeni mərhələsinə qədəm qoyur ”

1 Fevral 2019 15:11 (UTC+04:00)

“Azərbaycan dövləti o dövlətlərdəndir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə uyğun olaraq KİV-lərin inkişafı üçün düşünülmüş bir proqram həyata keçirilir və bu proqramda özünün nəticəsini verir”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, Azərbaycanda KİV-lər peşəkarlaşıb və ictimai rəyi nəzarətdə saxlamağı bacarırlar: “Yəni Azərbaycan ictimai rəyi KİV-lər tərəfindən sabit şəkildə qorunub, saxlanılır. İndi bu keyfiyyətcə yeni bir mərhələyə daxil olur. Artıq yeni dövrün yeni tələblərinə əsasən Azərbaycan həqiqətlərinin dünyaya çıxarılmasına ehtiyac var. Dünyaya çıxış televiziyalar və qəzetlər vasitəsi ilə mümkün deyil. Çünki rəsmi prosedurlar tələb olunur. Amma internet vasitəsi ilə, heç bir prosedur olmadan dünyaya çıxmaq olur. Ona görə də, Azərbaycan Respublikasının Prezidenti Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yeni strategiya hazırlayır ki, bu onlayn KİV-lərin maliyyələşməsi ilə bağlıdır. Onlayn KİV-lər həm yerli ictimai rəyin qorunmasında, həm də Azərbaycan həqiqətlərinin dünyaya çıxmasında böyük rol oynayacaqlar. Sadəcə düşmən qüvvələr yeni strategiyanın olmasını istəmirlər. Onlar görürlər ki, indiyə qədər Azərbaycan dövləti maliyyə vəsaiti qoydu və KİV-lər peşəkarlaşdı, daxili ictimai rəyi sabit saxlaya bildilər, informasiya məkanını qorumağı bacardılar. İndi KİV-lər nəyinki, ölkə içində informasiya məkanını qoruyacaqlar, həm də dünyaya çıxacaqlar və dünyada ictimai rəyi öz xeyirlərinə dəyişəcəklər. Buna görə də, artıq ifşa olunan qərəzli dairələr əndişələnir, narahat olurlar və hay-küy salmaqla qarışıqlıq salmağa çalışırlar”.

sia.az