Əli Abbasov COMSTECH-in Baş Assambleyasının İslamabadda keçirilən toplantısında iştirak edir

11 Yanvar 2011 21:45 (UTC+04:00)

Bu gün İslamabadda (Pakistan) İslam Konfransı Təşkilatı Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) Baş Assambleyasının növbəti, XIV toplantısı işə başlayıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, yanvarın 13-dək davam edəcək toplantıda Azərbaycanı ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təmsil edir. Baş Assambleyanın açılış mərasimində Ə.Abbasov Azərbaycanda İKT, elm, texnologiya sahəsində həyata keçirilən dövlət siyasəti ilə bağlı çıxış edəcək, Regional İnnovasiya Zonaları, "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihələri həqqında məlumat verəcək.

Qeyd edək ki, toplantı Pakistanın dövlət başçısı, İslam Konfransı Təşkilatı Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin sədri Asif Əli Zərdarinin sədrliyi ilə keçirilir.

Xatırladaq ki, Azərbaycan Daimi Komitənin ali orqanı olan İcraiyyə Komitəsinin üzvüdür. İcraiyyə Komitəsinin ötən ilin mart ayında Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilmiş toplantısı çərçivəsində kömitə üzvləri son illər Azərbaycanda yüksək texnologiyalar və süni peyk sahəsində aparılan işləri nəzərə alaraq, Azərbaycanı alternativ enerji mənbələri üzrə islam ölkələri şəbəkəsinin əlaqələndiricisi seçib.