Ölkə müstəqilliyinin 20 illiyi və Səməd Vurğunun 105 illiyinə həsr edilən tədbir keçirilib
11 Yanvar 2011 19:43 (UTC+04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ombudsmanın resurs mərkəzi olan Azərbaycan Uşaqların və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində müstəqilliyin qarşıdan gələn 20 illiyinə və xalq şairi Səməd Vurğunun anadan olmasının 105 illiyinə həsr edilən "Azərbaycan – yurdum mənim!" devizi ilə tədbir keçirib. Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova, Səməd Vurğun Ev-muzeyinin direktoru, şairin nəvəsi Aygün Vəkilova, nəticəsi Vurğun Vəkilov, Ombudsman Aparatının əməkdaşları, habelə Liderlik Məktəbinin yetirmələri və valideynlər iştirak ediblər.
Müvəkkil tədbiri açaraq 20 il öncə Azərbaycanın öz tarixində ikinci dəfə dövlət müstəqilliyinə qovuşduğunu, suverenliyini əldə etdiyini, bu ilin oktyabrında həmin əlamətdar hadisənin qeyd olunacağını diqqətə çatdırıb. O, ölkəmizin dövlətçiliyinin dərin köklərə malik olduğunu vurğulayıb. Qeyd olunub ki, ümummilli liderin Heydər Əliyev ölkənin dövlət müstəqilliyini, milli azadlığını ən böyük tarixi nailiyyət hesab edir, bu müstəqilliyin əbədi, daimi və dönməz olduğunu vurğulayıb. Ulu öndərin layiqli varisi kimi ölkə prezidenti İlham Əliyevin apardığı məqsədyönlü, ardıcıl və davamlı inkişaf siyasəti sayəsində respublikanın daha da qüdrətlənməsi, insan hüquqlarının bərqərar olunması, xalq təsərrüfatının bütün sahələrində, habelə elm, təhsil və səhiyyədə, zəngin mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində böyük uğurlar əldə edildiyi diqqətə çatdırılıb. Ombudsman ədəbiyyat xadimlərinin öz əsərləri ilə mənsub olduqları ölkənin mədəniyyətinə, söz sənətinə töhfələr verdiyini, doğma yurdlarını tərənnüm etməklə tanıtdıqlarını vurğulayıb, Azərbaycanın xalq şairi, akademik, iki dəfə Dövlət Mükafatı laureatı, Azərbaycan SSR əməkdar incəsənət xadimi Səməd Vurğunun belə sənətkarlardan olduğunu söyləyib. O, S.Vurğunun xüsusi keyfiyyətlərə malik olduğunu, əsl şəxsiyyət kimi dünya miqyasında tanındığını və yüksək zirvələr fəth etdiyini nəzərə çatdırıb.
Şairin nəvəsi Aygün Vəkilova ombudsmanın insan hüquqlarının, o cümlədən mədəni hüquqların müdafiəsi və təmini istiqamətində fəaliyyətini yüksək dəyərləndirib. O, S.Vurğunun şeir və poemalarının, mənzum dramlarının azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi istiqamətində mühüm rol oynadığını, bədii qəhrəmanlarının şəxsində Azərbaycan xalqının varlığını, soydaşlarımızın ən gözəl cəhətlərini dünyaya çatdırdığını vurğulayıb, uşaqları şairin əlyazmaları ilə tanış edib.
Millət vəkili M.Qasımlı Səməd Vurğunun zamanın fövqündə duran sənət korifeyi olduğunu, təkcə Azərbaycan xalqının deyil, dünya xalqlarının sevimli şairi olduğunu, ən yüksək mükafatlara layiq görüldüyünü, bənzərsiz əsərlərinin müxtəlif dillərə tərcümə olunduğunu vurğulayıb. Müvəkkil uşaqları yurd məhəbbəti, vətənpərvərlik ruhunda tərbiyə olunmağa, əsl vətəndaşlar kimi formalaşmağa, doğma Vətənimizi Səməd Vurğun tək sevməyə, onun vurğunu olmağa çağırıb, intellektual səviyyələrini daim yüksəltməyə, dünyagörüşünü genişləndirməyi tövsiyə edib.