2010-cu il Azərbaycan kinosuna nə qazandırdı- ARAŞDIRMA
11 Yanvar 2011 03:36 (UTC+04:00)
Bildiyimiz kimi Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ( "İlişdin") ibarət idi. Ötən əsrin 50-ci illərindən sonra daha da sürətlə inkişaf edən kino sektorunda 90-cı illərin sonlarında məlum səbəblərdən dolayı durğunluq başladı. Demək olar ki, bir neçə il Azərbaycanda film çəkilmədi. 1993-cı ildən sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də, eyni zamanda kino sektorunda da canlanma hiss olunmağa başlandı. Belə ki, yeni filmlər çəkilməyə başladı. Ötən bu dövr ərzində Azərbaycanda film sahəsinin daha da inkişafı üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsaitlər ayrılıb. Bu vəsaitlər hesabına da bir çox yeni filmlər çəkilib. Təbii ki çəkilən bu filmlərin ayrılan məbləği doğruldub- doğrultmayacağı sual altındadır. Bunun səbəbi isə Azərbaycan gənclərinin yerli fimlərə olan marağının azalmasıdır. SİA 2010-cu ildə Azərbaycan kino sahəsində görülən işləri və əldə olunan uğurları araşdırıb.
Belə ki, ilk olaraq Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov ilin yekunları barədə danışıb. O bildirib ki, yeni ildə bir sıra yeni kino layihələri gerçəkləşəcək: "Bu il Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkilən "Buta", "Tərsinə çevrilmiş dünya", "Əlavə təsir", "Bəşəriyyətin xilası" filmləri tamamlandı. "Qisas almadan ölmə", "Ondan yaxşı qardaş yox idi", "Canlı" bədii filmləri üzərində işlər davam etdirilir. Müstəqil kino şirkətlərində istehsalı başa çatmış "Sahə", "Ölüm növbəsi", "Kuklalar", "Aktrisa", "Kabusun gözüylə" filmləri təhvil verilib. M. Hətəmovun dediklərindən də belə nəticəyə gəlmək olar ki, ötən il film sahəsində bir çox nailiyyətlər əldə edilib.
Bununla yanaşı, Müşfiq Hətəmov qeyd edib ki, ötən il, həmçinin "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyalarında da bir çox tarixi-sənədli filmlər lentə alınıb. Qala kəndinin tarixindən bəhs edən "İz...Qala", Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş dörd sənədli film, II Dünya müharibəsi qəhrəmanı Hüseynbala Əliyevə həsr olunan "Qafqaz qartalının uçuşu" sənədli filmləri çəkilib. Bu studiyalarda vətənpərvərlik mövzusunda ssenari müsabiqəsinin qalibi "Mən evimə qayıdıram" bədii filmi və "Onun ürəyi" qısametrajlı musiqili nağıl filmi üzərində işlər davam etdirilir. "Yaddaş" sənədli filmlər studiyası tərəfindən "Tahir Salahov", "Elmira Şahtaxtınskaya" və "Neft akademiyası", "Qarabağa gedən yollar" və "Cənnət Səlimova" filmləri ərsəyə gəlib.
"Buta-film" prodüser mərkəzində "Bakılı neft kralı" sənədli filminin, "Debüt" studiyasında "Usta Yusifin kamançası" və "Bizim qalamız" qısametrajlı bədii filmlərin çəkilişləri başa çatıb. "Azanfilm" studiyasında "Tırtıl" və "İt sərgisi" cizgi filmləri təhvil verilib. "Mozalan" studiyasının iki yeni buraxılışı çəkilib.
Bildiyimiz kimi gənclərin film sahəsinə olan marağı göz önündədir. Onların bu sahəyə olan marağını daha da inkişaf etdirmək üçün nə kimi tədbirlər görülür? Müşfiq Hətəmov bu məsələyə toxunaraq bildirib ki, yeni filmlərin çəkilişlərində gənclərin əməyindən daha çox istifadə olunub. Belə ki, bu il ərzində gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər İsveçrə, BƏƏ, Rusiya və Ukraynada, Gürcüstan, Tatarıstan, Çexiya, Almaniya, Polşa, Rumıniya və İranda keçirilən beynəlxalq kinofestivallarda nümayiş etdirilib.
2011-ci ildə çəkilmək üçün ssenarilər müsabiqəsi, "Bu meydan, bu ekran" və "Vətən and yerimizdir" kino layihələri müsabiqələri, cizgi filmləri üçün ssenari müsabiqəsi keçirilib. Gənclər müsabiqəsinin qalibləri "Günəşdə ləkələr", "Gözlərimə gün düşür" və "Atamı çox sevirəm" qısametrajlı bədii filmləri istehsalata buraxılıb.
Bu il ərzində çəkilən bu qədər filmimiz hansısa xarici ölkələrdə, beynəlxalq festivallarda təmsil olunubmu? Təmsil olunsa belə nə kimi uğurlaq qazanıb? Bu məsələyə aydınlıq gətirən nazirlik rəsmisi bildirib ki, bir çox Avropa ölkələrində, o cümlədən Kanada, Yaponiya və Fransada "Qala", Rusiya və Macarıstanda "Cavad xan", Fransada "Kabusun gözü ilə" bədii filmlərinin, Sloveniyada "Onun adı Mixaylo idi", Almaniyada "Ümid yeri", Sankt-Peterburqda "Qafqaz qartalının uçuşu" sənədli filmlərinin nümayişi olub.
Noyabrda keçirilən və 15 ölkənin təmsil olunduğu VII "START" Beynəlxalq Tələbə Filmləri Festivalı da ilin yaddaqalan hadisələrindəndir.
Maraqlıdır ki, dövlət büdcəsindən ayrılan vəsait kino sahəsinin inkişafı yetərlidirmi? Yoxsa bu vəsait bütün xərcləri ödəmir? Bunun üçün əlavə vəsaitə ehtiyac varmı? Bütün bu suallara Mədəniyyət və Turizm Nazirliyinin filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov aydınlıq gətirdi. Onun dediyinə dörə, dövlət büdcəsindən ayrılan vəsait filmlərimizin çəkilişlərinə kifayət edir: "Biz Dövlət büdcəsindən ayrılan vəsaitlərlə çəkilən filmlərdə əsasən gənclərin əməyindən istifadə edirik ki, istedadlar üzə çıxsın. Onlar bunu ona görə edirlər ki, qısametrajlı filmləri çəkib, sonra iri həcmli filmləri çəkməyi bacarsınlar".
Əvvəlki dövrlə indiki zamanı müqayisə etsək, o zaman görərik ki, gənclərin yerli fimlərə olan marağı itib. Buna səbəb kimi isə televiziya kanallarının yerli filmləri az- az göstərməsi əsas gətirilir. Bu məsələ ilə bağlı fikir bildirən Y. Şeyxov: "Əgər siz 30-cu ll bundan əvvəlki vəziyyəti indiki vaxtla müqayisə etmək istəyirsinizsə o zaman hamı 1 televiziya kanalına baxırdı. Ancaq indi hər şey tamam başqadır. İndi yüzlərlə televiziya kanalında filmlərə baxmaq imkanı var. Hələ mən serialları demirəm. İzləyicilərin kinoya olan marağını həll etmək problemi yoxdur. Azərbaycan filmləri dəryanın içərisində balaca bir hissədən ibarətdir. Ancaq bu o demək deyil ki, biz öz filmlərimizə baxmamalıyıq. Əlbəttə ki, bütün yerli filmlərimizi nümayiş etdirməliyik. Televiziya kanalları da imkanları qədər Azərbaycan filmlərinə yer ayırırlar. Onlar bütün efir vaxtlarını yerli filmlərimizə ayıra bilməzlər",- deyə o, əlavə edib.
"Maraqlıdır ki, əvvəllər insanlar öz asudə vaxtlarının kinoya baxmaqla keçirirdilərsə, hazırda buna nə mane olur?" sualına cavab olaraq qurum rəsmisi Yusif Şeyxov bildirib ki, əvvəllər demək olar mədəniyyətə olan marağı, tələbi ancaq kino vasitəsi ilə insan ödəyə bilirdi, çünki indiki kimi kütləvi informasiya vasitələri yox idi. Hazırda televiziya kanallarında filmlərdən başqa çoxlu şou proqramları var. İnternet kimi güclü mədəni və informasiya tələbatını ödəmək üçün potensial tamaşaçının marağını özünə cəlb edən vasitə yoxdur. Bu səbəbdən də kino əvvəlki əhəmiyyətini demək olar ki, bir qədər itirib. Lakin bütün bu olanlarla bərabər hazırda Azərbaycanın kino sektoru inkişaf edir".
Görəsən bu il Azərbaycan filminin daha da inkişaf etməsi üçün büdcədən nə qədər vəsait ayrılıb? Ayrılan məbləğ filmlərimizin daha da keyfiyyətli və yüksək səviyyədə lentə alınmasına kifayət edirmi? Bununla bağlı Y. Şeyxov yekun məbləğı açıqlayıb: "Bu il dövlət tərəfindən Azərbaycan filmlərinin çəkilməsi üçün 6 milyon manat vəsait ayrılıb".
Ümid edirik ki, kino sahəsində gələn il daha da çox nailiyyətlər əldə edə bilərik.