"Azərbaycan tolerantlığın daha yüksək zirvəsinə qədəm qoyub" MÖVQE-ÖZƏL

26 Yanvar 2019 13:26 (UTC+04:00)

"Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb. Dövlətimizin həyata keçirdiyi siyasət Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi dünyanın mühüm sivilizasiyalar və dinlərarası dialoq mərkəzlərindən birinə çevirib". Bu fikri SİA-ya Milli Məclisin deputatı Nizamı Cəfərov deyib.

O bildirib ki, çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi ilə xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir: "Eyni zamanda, ölkəmizin dünya birliyində nüfuzunun sürətlə artmasına xidmət edir".

N.Cəfərov qeyd edib ki, Respublikamız tolerantlığın daha yüksək zirvəsinə qədəm qoyub: "İnanclı insanların birgə, vəhdət halında ibadət etməsinin yeni bir nümunəsi xalqımız tərəfindən ortaya qoyulub”.