"Hazırda ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir, respublikamızda qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə yönələn tədbirlərin miqyası kifayət qədər genişdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan islahatlar, o cümlədən də ixracın və investisiyaların təşviqi mexanizminin işə salınması, ayrı-ayrı sektorlar üzrə strateji yol xəritələrinin qəbul olunması, biznes mühitinin daha da optimallaşdırılması, struktur dəyişikliklərinin aparılması, idarəetmədə çevikliyin artırılması qeyri-neft sektorunda böyük canlanma yaradıb.
Onun sözlərinə görə, məhz bu görülən işlərin nəticəsidir ki, hazırda ölkəmizdə ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb.
Vaxtilə ölkəmizin inkişafının yalnız neft və qazdan asılı olduğunu deyən E. İbrahimov vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar son illərdə respublikamızın ixracının bu sektorun hesabına genişlənməsinə gətirib çıxarıb: "Bütövlükdə, həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizdə qeyri-neft sektorunun sərmayə cəlbediciliyini artırıb. Bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, BƏƏ, Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub".
Komitə sədri əlavə edib ki, ölkəmizdə makroiqtisadi sabitlik təmin olunub, və Azərbaycan iqtisadiyyatı inkişaf baxımından dünyada ön sıralarda dayanır”.