İqtisadi imkanlarımızı dünyaya çatdıran platforma - DAVOS

25 Yanvar 2019 12:43 (UTC+04:00)

Məlum olduğu kimi, bu il yanvarın 22-dən 25-dək Davosda Dünya İqtisadi Forumunun sayca 49-cu illik toplantısı keçirilir. Mövzusu “Qloballaşma 4: Dördüncü sənaye inqilabı dövründə yeni infrastrukturun formalaşdırılması” olan builki Forumda 110 ölkədən 3 mindən çox iş adamı, siyasətçi, elm adamı və vətəndaş cəmiyyətinin nümayəndəsi iştirak edir.

Forumun əhəmiyyəti həm də forum iştirakçılarının tədbirdə müxtəlif mövzular ətrafında bir-biriləri ilə ikitərəfli müzakirələr aparmalarındadır. Prezident İlham Əliyev Davos Forumu çərçivəsində bir sıra vacib görüşlər keçirmişdir. Dövlət başçısı “Procter and Gamble” “Europe”, “Signify”, “Microsoft”, “Total”, “LUKoil”, BP, “Visa” kimi nəhəng şirkətlərin başçıları ilə təmasda olmuşdur.

Eyni zamanda, cənab İlham Əliyev bir sıra xarici telekanallara müsahibə də vermişdir. Cəmi bir neçə gün ərzində iş rejimi gərgin olan Davos Forumunda Azərbaycan dövlət başçısı ilə müxtəlif dövlətlərin, kompaniyaların başçılarının görüşü Azərbaycanın region üzrə aparıcı dövlət olması ilə bağlıdır. Azərbaycanın Avropanın alternativ enerji mənbəyi olması, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Azərbaycandan keçməsi, Xəzərin zəngin təbii ehtiyyatları, çox mühüm geosiyasi və coğrafi mövqedə yerləşməyimiz rəsmi Bakının dünyanın iqtisadi və siyasi səhnəsində mühüm oyunçu olmasına dəlalət edir. Rəsmi Bakı artıq qlobal miqyaslı layihələrin sadə iştirakçısı yox, onu reallaşdıran bir subyektə çevrilmişdir.

Forum çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçılarının da görüşü baş tutmuşdur. Görüş qeyri-rəsmi olsa da 90 dəqiqəyədək davam etmişdir. Dövlət başçıları arasında bir neçə dəfə keçirilən görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunmuşdur. Təsadüfi deyil ki, bu görüşlərdən dərhal sonra erməni mediasında Paşinyana müxalif olan qüvvələr böyük müqavimət və isteriya dalğasına start verirlər. XİN başçılarının son zamanlar səsləndirdikləri nikbin notlar, Paris görüşündən sonra xalqların sülhə hazırlanması kimi formullar, görünür münaqişənin həllini istəməyən qüvvələrin yenidən oyanmasına səbəb olmuşdur. Lakin erməni cəmiyyəti, xüsusilə oradakı siyasi isteblişment bilməlidir ki, münaqişə həll olunmadan Ermənistanın regionun tamfunksional dövləti olması, onun iqtisadi inkişafı qeyri-mümkündür. Demokrafik, iqtisadi, hərbi və siyasi resurslar sahəsində Ermənistanı qat-qat üstələyən Azərbaycan hələlik Ermənistana bir vaxt verir. Bu da Bakının sülhün və əmin-amanlığın tərəfdarı olması ilə bağlıdır. Əgər Ermənistan rəhbərliyi 2019-cu il ərzində münaqişə ilə bağlı konkret addımlar atmasa o zaman Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü digər yollarla bərpa edəcək. Bu zaman isə Ermənistanın itirəcəyi heç təsəvvür etməyəcəkləri qədər maksimal olacaq.

Zaur Məmmədov “İki sahil”