Gəncədə ticarət mərkəzində yanğın olub

25 Yanvar 2019 11:35 (UTC+04:00)

Gəncədə yanğın hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Gəncənin Yeni Gəncə qəsəbəsində üç mərtəbəli ticarət mərkəzində səhər saat 05:00 radələrində qeydə alınıb.

"Ucuzluq TM" adı ilə tanınan üç mərtəbəli tikilinin birinci mərtəbəsi əşyalarla birlikdə yanaraq kül olub. Hadisə zamanı bir nəfər xəsarət alıb.

Mağaza sahiblərindən biri əşyaları çıxarmaq üçün şüşə qapını sındırmaq istəyərkən sağ qolunu yaralayıb. Xəsarət alan şəxs ambulator müayinədən sonra evə buraxılıb.

Gəncə şəhər Yanğın Mühafizə Xidmətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, yanğının baş vermə səbəbləri araşdırılır.