“Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymar komandasının UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində fevralın 12-də “Mançester Yunayted” ilə görüşündə meydana çıxmaya bilər.
Klubun saytında yer alan məlumata görə, buna səbəb 26 yaşlı hücumçunun Fransa kuboku uğrunda turnirin onaltıdabir final mərhələsində parislilərin “Strasburq”a qalib gəldiyi (2:0) oyunda zədələnməsidir. Həkimlər Neymarın azı 20 gün forma geyə bilməyəcəyini bildirirlər. Bu itki komandanın baş məşqçisi Tomas Tüxeli ciddi narahat edib. Almaniyalı 45 yaşlı mütəxəssis bu barədə deyib: “Aparılan ilkin müayinələr zamanı Neymarın sağ ayağının sümüyü zədələnib. Həkimlərimiz Neymarın sağalması üçün əllərindən gələni edəcəklər”.
Xatırladaq ki, hücumçu cari mövsümdə “Paris Sen-Jermen”in heyətində 23 oyunda 20 qol vurub.