Quş əti üçün yeni standart təsdiq edilib

10 Yanvar 2011 21:27 (UTC+04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SPMDK) yeni standartları təsdiq edib. SPMDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Standartları İnstitutunun təqdim etdiyi AZS 407-2010, AZS 465-2010 və AZS 540-2010 Dövlət standartları təsdiq edilib.

AZS 407-2010 "Pitsa üçün yarımfabrikat. Ümumi texniki şərtlər" standartı pərakəndə ticarət və ictimai iaşə şəbəkəsinə satılması nəzərdə tutulan və hazır məhsul almaq üçün minimal müddətdə istilik emalı lazım olan pitsa üçün yarımfabrikata şamil edilir.

AZS 465-2010 "Təkərli kənd təsərrüfatı traktorları. Ümumi texniki şərtlər" standartı dartı qüvvəsi sinfi 0,6-dan 8-ə qədər (8 də daxil olmaqla), icra sinfi ГОСТ 15150 üzrə У olan təkərli kənd təsərrüfatı traktorlarına şamil edilir.

AZS 540-2010 "Quş əti və əlavə quş əti məhsullarından hazırlanan yarımfabrikatlar" standartı quş əti və quşun içalatı (ürək, qaraciyər, mədə), boynu, qanadı, başı, ayağından hazırlanan, ticarət və ictimai iaşə şəbəkəsində satılmaq üçün nəzərdə tutulan yarımfabrikatlara şamil olunur.