Əjdər Cəfərov “Olimpiya dərəcəli” hakim adı alıb

8 Yanvar 2011 04:08 (UTC+04:00)

5-6 yanvar 2011-ci il tarixdə ABŞ-ın Florida ştatında FİLA Prezidenti Rafael Martinettinin rəhbərliyi altında Hakimlər Kollefiyasının növbəti iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, iclasda dünya hakimlərinin hakimlik dərəcələrinin artırılması müzakirə edilib. Hakimlik dərəcəsi artırılanlar arasında Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərovun da adı var.

Bununla da, bu günə qədər beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərən Ə.Cəfərov bundan sonra olimpiya dərəcəli hakim adını daşıyacaq. Olimpiya dərəcəli hakim kimi 11-12 fevral 2011-ci il tarixdə Serbiyanın Belqrad şəhərində keçiriləcək Ljubomir İvanovic-Gedzanın xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnirə dəvət alan Azərbaycan təmsilçisi FİLA tərəfindən həmin yarışın koordinatoru təyin edilib. Qeyd edək ki, Avropa ölkələrinin əksəriyyəti yığma komandalarını məhz bu turnirin nəticələrinə əsasən müəyyənləşdirir.

Xatırladaq ki, ötən ilin avqust ayında Sinqapurda keçirilən yeniyetmələrin ilk Yay Olimpiya Oyunlarında hakimlik edən Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərovun görüşləri yüksək səviyyədə idarə etməsi FİLA rəsmiləri tərəfindən yüksək qiymətləndirilmişdi.

Buna qədər isə, Oilmpiya Oyunlarında ölkəmizi Hicran Şərifov hakim kimi təmsil edirdi.