Təbiətdə baş vərən hadisələr dünyada həyəcan yaradır - Araşdırma

8 Yanvar 2011 03:22 (UTC+04:00)
Yeni ilin ilk günündən bu yana təbiətdə baş vərən qəribə hadisələr insanlar arasında həyəcana səbəb olub. Baş verən hadisələrlə bağlı bir çox ölkələrdə insanları qiyamət qorxusu bürüyüb. SİA bu hadisələri və onların cəmiyyətə təsirini araşdırıb.

2011-ci il gəlişi ilə sanki təbiətə divan tutub. 7 gün ərzində baş verən qəribə təbiət hadisələri aşağıdakılardır.

1) Quşlar və balıqlara qarşlı bioloji silahdan istifadə edilir?

Dünyanın müxtəlif ölkələrində meydana gələn quş və balıq ölümləri bu siyahının ən başındadır. Bu hadisələr ilk olaraq, ABŞ-ın Arkansas əyalətində qırmızı qanadlı toyuqların ölməsi ilə başlayıb. Bir neçə gün sonra eyni əyalətdəki bir çayda yüzlərlə balıq ölüsü tapılıb. Daha sonra Louisianada 500 qara toyuq, Braziliyada 100 ton, Yeni Zelandiyada yüzlərlə "snapper" növlü, ABŞ-ın Mariland əyalətində isə 2 milyon balıq ölüsü tapılıb. Bu hadisələri Danimarka və İsveçdəki quş ölümləri izləyib.

Tədqiqatçılar nə qədər araşdırsalar da balıqların ölüm səbəbinin müəyyənləşdirilə bilmədiyini deyiblər. Hadisələri müxtəlif prizmalardan dəyərləndirən ekoloqlar bildirib ki, kütləvi ölümlər ya bioloji silah təcrübələri, ya da ətraf mühit fəlakətləri nəticəsində meydana gələ bilər.

2) Son illərdə arıların nəsli kəsilməyə doğru gedir

ABŞ-da son zamanlarda aparılan araşdırmalar nəticəsində məlum olub ki, bəzi çöl arısı növləri son 20 ildə 90 faiz azalıb. Mütəxəssislər Şimali Amerikada olan 50 növ çöl arısından 4 növün ciddi təhlükə ilə üz- üzə olduğunu nəzərə çatdırırlar.
Əslində mütəxəssislər fikirlərində haqlıdır. Azalma faizinə nəzər saldığımız zaman görürük ki, bu gedişlə bəzi arı növlərinin nəsli kəsilə bilər. Bəs nədir buna səbəb? Baş verməsi müxtəlif hadisələrlə izah edilən bu fəlakətlərə əslində qlobal iqlimdəki dəyişikliklərin də təsir etdiyi danılmazdır.

3) Səhralar qara bürünüb

ABŞ-ın Las Vegas və Los Angeles şəhərlərində son 40 il ərzində ikinci dəfə qar yağıb. Neva səhrasında yağan qarın qalınlığı 20 santimetrə çatıb. 2008-ci ildə yağan qar tez bir zamanda ərimişdi. Bu il yağan qar isə Los Angelesdə nəqliyyatın hərəkətini dayandırıb.

4) Xərçənglər iqlim dəyişikliyinə dözmədi

Dünən İngiltərədə 40 min xərçəng ölüsü tapılıb. Palm Körfəzində ölən xərçənglərin dəyişən kəskin hava şəraitinə dözmədiyi bildirilib. Bir müddət istiləşən hava şəraitinə aldanan xərçənglər sahilə çıxdıqdan sonra havaların soyuması nəticəsində kütləvi sürətdə ölüblər.

5) Axan çayın rəngi tünd yaşıldır

Kanadadanın Viktoriya şəhərində son günlərdə axan çaylardan birinin rənginin yaşıl olduğu aşkar edilib. Bir neçə saat ərzində yaşıl rəngli axan çay daha sonra öz rənginə qayıdıb. Kanadanın ekologiya naziri çaya yaxınlarda yerləşən bir zavoddan kimyəvi sızıntı ola biləcəyini ehtimal edib.

6) Sel suları 1 ilə təmmizlənsə böyük işdir!

Son 50 ilin ən böyük sel fəlakətini yaşayan Avstraliyada yağış dayanmır. Sel suları altında qalan sahələr Fransa ilə Almaniyanın birlikdə sahəsinə bərabərdir. Ən azı 1 il ərzində təmizlənməsi ehtimal edilən bölgədən təxminən 200 min adam deportasiya olunub. Selin ən çox təsir etdiyi Queensland əyalətində suyun səviyyəsi 9 metrə çatıb. Önümüzdəki günlərdə 75 minlik əhalisi olan şəhərin 40 faizinin su altında qalacağı bildirilibn. Quru və dəmiryolu nəqliyyatının dayandığı bölgədə yeni bir qasırğa gözlənilir. Dünyanın ən böyük kömür ixrac edən ölkəsi olan Avstraliyada sel səbəbilə ixracaın 75 faizi dayandırılıb.