Litva “Transavropa Dəmir Yolu” layihəsini tərk edir?

17 Yanvar 2019 00:03 (UTC+04:00)

Litva “Transavropa Dəmir Yolu” (TER) layihəsindən çıxmaq istəyir. Litva Nəqliyyat Nazirliyinin mətbuat üçün məlumatında deyilir ki, Litva hökuməti nazirliyin bu təklifini yanvarın 16-da nəzərdən keçirib. Nəqliyyat Nazirliyi təklifini belə əsaslandırıb ki, TER ölkə üçün faydalı olmayacaq.

Məlumatda deyilir: “TER-in fəaliyyəti daha çox görünüş xarakteri daşıyır. Bu da o deməkdir ki, üzv ölkələrdə cari və planlaşdırılan inkişaf layihələri konkret tövsiyələr olmadan nəzərdən keçirilir. Buna görə də Litva TER-dən çıxandan sonra dəmir yolu nəqliyyatının təhlükəsizliyi və infrastrukturun inkişafı ilə bağlı məsələlərin həlli davam etdiriləcək”.

Təklif edilən qanun layihəsi 1998-ci ilin oktyabrında Vilnüsdə imzalanmış TER-in kredit fondu haqqında sazişin ləğv edilməsinə yönəldilib.

“Transavropa Dəmir Yolu” layihəsi 1990-cı ildə işə salınıb. Hazırda bu layihədə 17 ölkə, o cümlədən Çexiya, Yunanıstan, İtaliya, Litva, Polşa, Rusiya, Türkiyə, Latviya, Moldova, Ukrayna və s. ölkələr iştirak edib. Azərbaycan layihəyə qoşulma prosesindədir. Layihə Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri arasında əməkdaşlığı fəallaşdırmaq məqsədi daşıyır.